Dini radikalizm
ümumbəşəri bəladır

Dini radikalizmümumbəşəri bəladır
 

Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır

 Müasir dünyada dini və milli radikalizmdən istifadə edərək beynəlxalq siyasiətini quran ölkələr kifayət qədərdir. Nə qədər təzadlı olsa da, cəmiyyətdə nifaq salan, insan toplumlarını bir-birinə düşmən edən siyasətlə məşğul olan ölkələr içərisində dünyanın aparıcı, inkişaf etmiş və demokratik sayılan ölkələr də yox deyillər.

Lakin bunu onlara sübut etmək çox çətindər, çünki bu ölkələr dini və milli radikalizmə köklənən siyasətlərini ikinci dünya dövlətləri vasitəsilə həyata keçirirlər. Obrazlı desək, nüfuzlu dövlətlər bu istiqamətdə siyasətlərini bilyard oyunu kimi qurur - heç vaxt torbaya birinci və ya ikinci daş düşmür. Yəni, sonda zərər çəkən yeni yaranan, müstəqilliyini təzəcə əldə edən ölkələr olur. Bu baxımdan, ölkəmiz də müstəqilliyin ilk illərində bu siyasətin qurbanına çevrilmək ərəfəsində idi. Ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı, Azərbaycanı bütün bu bəlalardan, o cümlədən, radikalizmi öz siyasətinin alətinə çevirmiş dövlətlərin şikarına çevrilməkdən xilas etdi. Lakin dövlətimizə və xalqımıza həmin dövrdə vurulan yaralar hələ də sağalmayıb. Ərazilərimizin 20 faizi düşmən taptağı altında, yüzlərlə vətəndaşımız əsirlikdə, bir milyon əhalimiz yurd-yuvasından qaçqın, köçkün düşüb, onminlərlə vətəndaşımız - uşaq, qadın və qocalar - amansızcasına qətlə yetrilib.

Kəskin təzadlı bir mənzərə müşahidə edirik, tolerantlıq baxımından dünyaya nümunə olacaq  bir dövlət, bir xalq zorla milli münaqişəyə cəlb edilib, dini radikalizmə sürüklənilib. Bəli, bəlkə də dünyanı inkişafa stimullaşdıran da, onun təzadlarıdır. Ermənistan-Azərbaycan, Dağlıq qarabağ probleminin həlli beynəlxalq müstəviyə keçib, münaqişə bu müstəvidə də hələlik həllini tapa bilmir. Azərbaycan hökuməti və xalqı münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıdır. Lakin monoetnik cəmiyyət yaratmağı qarşısına məqsəd qoyan Ermənistan hökuməti hər cür bəhanələrlə danışıqları uzatmaqda davam edir.

Dini radikalizmə gəldikdə isə bu problemlə mübarizə Azərbaycan hökumətinin dini siyasətinin bir hissəsini təşkil edir. Demək olar ki, dini radikal cərəyanların ölkəmizdə qarışıqlıq, münaqişə və qarşıdurma yaratmaq təhlükəsi sıfra endirilib. Sözügedən səbəbdən də, bu gün dini radikal qrupların Azərbaycanda kök atmasına heç bir şərait yoxdur. Azərbaycanda dini radikalizmə qarşı mübarizə həm dövlətin, həm də xalqımızın qarşısında duran ən vacib vəzifələrdən biridir.

Bu vəzifələrin icrasında mühüm rol oynayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nizami rayon İcra Hakimiyyətində komitənin təşəbbüsü ilə çəkilən "Fitnə" sənədli filminin təqdimatı zamanı çıxışında bildirib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə hər zaman aparılıb və aparılmalıdır: "Biz dinə qarşı deyil, dini radikalizmə qarşı mübarizə aparırıq. Bəziləri dini radikalizmə qarşı mübarizəni din ilə qarışdırırlar. Azərbaycanda dövlətin dinə qarşı diqqət və qayğısı həmişə ön planda olub. Azərbaycan respublikasının prezidenti İlham Əliyevin dini icmalara maddi vəsait ayırması da, dövlətin dinə böyük himayəsindən irəli gəlir". Komitə sədri həmçinin qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə üç istiqamətdə aparılır.

Birincisi, ideoloji mübarizədir ki, burada dini radikal qrupların Azərbaycanda kök atmasına  imkan verilmir. Bizim əxlaqi dəyərlərimiz, mədəniyyətimiz, tariximiz də buna yol vermir. Amma təəssüflər olsun ki, bunu ölkəmizə süni şəkildə gətirməyə cəhdlər edirlər. Ona görə də ideloji baxımdan bu cəhdlərə qarşı ciddi mübarizə aparılmalıdır. Dini radikalizmə qarşı mübarizədə ikinci xətt hüquq-mühafizə orqanlarının üzərinə düşən vəzifədir. Burada da həmin orqanların üzərinə çox böyük məsuliyyət düşür.

Dini radikalizmə qarşı mübarizədə üçüncü xətti iqtisadi sahədə aparılan mübarizə təşkil edir. Azərbaycan dövləti bəzi imkanlı insanların pul vəsaiti əldə edərək gəncləri öz təsir altına salmaqla, onlardan radikal dini cərəyanların fəaliyyətində istifadəsinə imkan verməməlidir.

Biz həm də bir millət, xalq, cəmiyyət olaraq, bütün gücümüzü səfərbər edərək, bu cür qrupların, ünsürlərin Azərbaycana ayaq açmasına imkan verməməli, onlara qarşı qanunun tələblərinə uyğun şəkildə mubarizə aparmalıyıq. Çünki dini radikalizm ümumbəşəri bəladır. O harada baş qaldırırsa, inkişaf edirsə, orada fəlakət baş verir. Bunun ölkəmizdə də baş verməməsi üçün bütün cəmiyyət, dövlət qurumları birgə çalışmalı, dini radikalizmə qarşı birgə mübarizə aparmalıdırlar.

Bunun da ən təsirli və mütərəqqi yolu maarifləndirmədən keçir. Vətəndaş dini xurafatdan, radikalizmdən seçə bilsə, heç vaxt zərərli cərəyan nümayəndələrinin ardınca getməz. Hazırda müsəlman qiyafəsində gəzənlərin sayı artsa da, həqiqi islam dəyərlərini ölkəmizdə çox az adam mükəmməl bilir. Bu sahədə də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz fəallığı ilə seçilir və bu tədbirlər həm ölkəmizin paytaxtında, həm də bölgələrdə mütəmadi olaraq keçirilir. Belə tədbirlərin biri də, ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə keçirilib. "Dini ekstremizmə qarşı mübarizə"  mövzusunda keçirilən maarifləndirmə tədbiri Gəncə şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. Regional seminar - müşavirədə Gəncə şəhəri, Xocalı, Kəlbəcər, Qazax, Ağstafa, Goranboy, Göygöl, Samux, Şəmkir, Tovuz, Daşkəsən və Gədəbəy rayonlarındakı strukturların rəhbər və məsul nümayəndələri iştirak edib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Dini ekstremizmə qarşı mübarizə haqqında" Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadları barədə çıxış edib. Bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətlərini, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdlərini qətiyyətlə pisləyib. Bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri barədə geniş məlumat verib. Səyavuş Heydərov din pərdəsi adı altında aparılan münaqişələrə diqqəti çəkərək bildirib ki, Azərbaycan bu gün dünyaya təkcə enerji təhlükəsizliyində deyil, eyni zamanda, qlobal təhlükəsizlik məsələlərində də töhfə verən ölkəyə çevrilib. Artıq dünya birliyi Azərbaycanı tolerantlıq nümunəsi kimi görür. Daha sonra çıxış edən  Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin sədr müavini Hikmət Eyvazov və Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev də ölkəmizdəki multikultural və tolerant mühitini təməlində azərbaycançılıq ideologiyasının dayandığını bildiriblər. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır. Tədbirdə həm də müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib. Ölkəmizdə qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Ölkəmizdə maarifləndirmə tədbirlərini davam etdirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakıda "İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu" mövzusunda konfrans təşkil edib. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Qafqaz Müsəlmanları İdarəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, dinşünaslar, eləcə də dini sahədə fəaliyyət göstərən ekspertlər iştirak ediblər. Toplantıda dini mühitdə radikallığa meyillərin səbəbinin öyrənilməsi, bu meyillərin qarşısının alınmasında İslam həmrəyliyinin rolu, eyni zamanda, müvafiq sahədə kompleks tədbirlərin səmərəliliyinin daha da artırılması barədə müzakirələr aparılıb.

Prezident İlham Əliyev 2017-ci ili ölkəmizdə "İslam Həmrəyliyi İli" elan etməklə İslam dünyasında qlobal problemə çevrilmiş dini radikalizm və ekstremizm təhlükəsindən qurtulmağın mümkünlüyü mesajını verdi. Eyni zamanda, respublikamızda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də cəmiyyətimizdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlətimiz tərəfindən geniş tədbirlər həyata keçirildi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov "İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, din və terrorizm bir-birinə zidd anlayışlardır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer yoxdur. İslam dininin adından çıxış edən radikal, ekstremist qruplaşmalar törətdikləri münaqişələr və qarşıdurmalarla maraqlı dairələrin dəyirmanına su tökürlər. Bununla da onlar İslamın terroru dəstəkləyən din kimi qələmə verilməsinə zəmin yaradırlar. Bu cür xoşagəlməz hadisələr bütün dünyada islamofobiya meyillərini artırmaqla yanaşı, İslam dünyası əleyhinə kampaniyalara səbəb olur.

 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.74450278282166