Ramazan orucu Allahın tərbiyə proqramıdır

Ramazan orucu Allahın tərbiyə proqramıdır
 

 

Siracəddin Hacı:
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“Siz ey iman edənlər! Oruc sizdən öncəkilərə olduğu kimi sizə də yazıldı, bəlkə, bu sayədə (yolla) təqvaya qovuşasınız” (2/183)
IV YAZI
- oruc proqramında BARIŞ, HÜZUR var, deyə bilərik ki, müsəlman ölkələrində cinayətlərin ən az olduğu ay Ramazandır, Ramazan ayı yaxşı olana təşviq, pis olandan çəkindirmə ibadətinin zirvə nöqtəsidir;
- oruc proqramında SOSİAL ƏLAQƏLƏRİ ARTIRMA, DƏRDLƏŞMƏ, ANLAMA, ANLAŞMA var, anlamaq dəyər verməkdir, anlayan insan olar, göz yaşlarını silər, məzlumların əlindən tutar, anladığı qədər insan olar;
- oruc adlı tərbiyə proqramında TƏRAVİH NAMAZI var, müsəlmanlar ancaq Ramazan ayında təravih namazı qılarlar, bu namaz orucun bərəkətini artırar;
- oruc proqramında ETİKAF İBADƏTİ var – etikaf Ramazan ayının son on günündə (on gün olması şərt deyil) zəruri ehtiyaclar istisna bütün dünyəvi əlaqələri kəsib var gücü ilə Allaha yönəlməkdir, dərin təfəkkür imkanıdır, arınmadır, bütün varlığı ilə Allaha təslim olma halının gerçəkləşdiyi zaman dilimidir;
- oruc proqramında min aydan daha xeyirli QƏDİR GECƏSİ var – Qədir gecəsi Qurani-Kərimin nazil olmağa başladığı gecədir, qədir, qiymət, dəyər gecəsidir, mesajı var: Qurani-Kərim nazil olduğu gecəni başqa gecələrdən seçir, ona dəyər qazandırır, bərəkətini artırır, ona özəl yer ayırır (Qədir surəsi var), yəni, ey insan, Qurani-Kərim sənin ağlına, qəlbinə, vicdanına, iradənə nazil olsa, Onu anlasan, Onun dəyərlərini həyatına daşısan, Allahın çox dəyərli qulu olacaq, iki dünyanın səadətinə qovuşacaqsan. Qurani-Kərim sözlərin soltanıdır, nazil olmağa başladığı gecəni Qədir gecəsinə - nurlu gecəyə, nazil olduğu ayı ayların soltanına çevirib, nazil olduğu insanı da mömin edər, onu tövhidə, ədalətə, barışa, mərhəmətə bağlayar;
- oruc proqramında BAYRAM var, bayram bizə sevinmə əxlaqını öyrədir, deyir ki, sevindir ki, sevinəsən, dəyər ver ki, dəyər qazanasan, paylaş ki, sevgi, xeyir, barış, mərhəmət çoxalsın, insanları sevindir ki, Allah da səni sevindirsin, yoxsulların mədəsini doyur ki, Allah da sənin ruhunu doyursun, bağlı qapıları aç ki, Allah da sənin ruhunun, ağlının, vicdanının, iradənin, cənnətin qapılarını açsın;
- oruc proqramı bir MÜƏLLİMDİR, bizə Allahı, insanı, varlığı, imanı, tövhidi, ədaləti, barışı, mərhəməti, bu dünyanı, axirəti öyrədir, ağıl, qəlb, vicdan və iradəmizi inşa edir, bizi cəhalətin pəncəsindən qurtarır, deyir ki, ey insan, dəyərin Allaha təslim olduğun qədərdir, şüurlu təslim ol ki, azad olasan, azad ol ki, insan olasan;
- oruc proqramı İLLİK MAYADIR, bir insan orucu onun haqqını verərək tutsa: ağlı ilə oruc tutsa – ağılın oruc tutması doğru düşünməsi, elm yeməsi, həqiqəti kəşf etməsi, həqiqətə təslim olmasıdır, qəlbi ilə oruc tutsa – qəlbin orucu iman etməsidir, iman qəlbin doymasıdır, qəlb “iman yeyəndə” oruc tutur, vicdanı oruc tutsa – vicdanın orucu sevgi, mərhəmət, şəfqət yeməsidir, iradəsi oruc tutsa – iradənin orucu doğrunu seçməsidir, bədəni oruc tutsa – orucluq dönəmində yeməsə, içməsə, cinsi münasibətdə olmasa, gözü oruc tutsa – harama baxmasa, qulağı oruc tutsa – mənasız, məqsədsiz sözlərə qulaq asmasa, dili oruc tutsa – haram yeməsə, yalan danışmasa – bunlar orucu haqqını verərək tutmaqdır, bu biçimdə oruc tutmaq insanın illik mayası olar, bərəkəti il boyu davam edər, onu bütün pisliklərdən qoruyar, illik mayalar – oruclar axirət azuqəsinə çevrilər;
- oruc bir İDARƏETMƏ PROQRAMIDIR, insana ağlını, qəlbini, vicdanını, iradəsini, duyğularını, nəfsini, sözünü, gözünü, qulağını, işini, evini, ailəsini, ölkəsini, işçilərini, tələbələrini ... idarə etməyi öyrədir, deyir ki, duyğularını ağlına, ağlını da vəhyə - Allaha bağla, ağlını, iradəni, vicdan və qəlbini heç nəyə, heç kimə kirayə vermə, idarə etməyi bilsən, azad, bilməsən, kölə olacaqsan;
- oruc zərərli işlərə “yox”, xeyirli işlərə “hə” deməyi öyrədir, bu, insan azadlığının əsasıdır, yox deməyi bacarmayanın mömin olmaq imkanı yoxdur;

Ramazan orucu deyir ki, ey insan, həyatı yavaş-yavaş yaşa, gözəl bir mənzərəsi olan məkandan sürətlə hərəkət edən maşının içində keçsən, o gözəllikləri görmək imkanın olmaz;
- Ramazan ayında həm QURANİ-KƏRİM nazil olmağa başlamış, həm də ALLAH RƏSULUNA – son elçiyə elçilik vəzifəsi verilmişdir;
Ardı var...  

Paralel.az

0.075073003768921