Müharibə ilə bağlı saxta məlumat yayanlar həbs olunacaq
Rusiyada parlamentin aşağı palatası Dövlət Duması Ukraynada “xüsusi hərbi əməliyyat”da iştirak edənləri nüfuzdan salanları cəzalandıran qanunu qəbul edib.
“Paralel.az ” xəbər verir ki, Dumanın təsdiq etdiyi qanuna görə, əməliyyatda iştirak edən bütün şəxsi, o cümlədən Rusiya Silahlı Qüvvələrinə yardım edən könüllü birləşmələr, müəssisələr və şəxsləri nüfuzdan salanlar həbs olunacaq və ya cərimələnəcək.
Qanuna əsasən, qeyd olunan səbəbə görə 3 il həbs cəzası 5 ilə qədər artırılıb.
Digər vətəndaşların ölümünə, ölkədə asayişin və təhlükəsizliyin pisləşməsinə səbəb ola biləcək hərəkətləri törədən şəxslər 5 il deyil, 7 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Vəziyyətdən asılı olaraq, sözügedən şəxslər həbs əvəzinə 30 mindən 1 milyon rubla qədər cərimələnə bilərlər.
Bundan başqa, sözügedən qanunla Ukraynadakı müharibə ilə bağlı “saxta məlumat yayan”lar 15 ilə qədər həbs cəzası alacaqlar.