Ramazan orucu Allahın tərbiyə proqramıdır - III yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - III yazı
 

Siracəddin Hacı:
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“Siz ey iman edənlər! Oruc sizdən öncəkilərə olduğu kimi sizə də yazıldı, bəlkə, bu sayədə (yolla) təqvaya qovuşasınız” (2/183)
III YAZI
- oruc proqramında TƏQVA var, təqva qorunmaqdır, oruc tutmağın hədəfidir, anlamlı həyatın ölçüsüdür, Allah, varlıq qarşısında məsuliyyət şüurudur – dəyərin məsuliyyətli olduğun qədərdir, sənə yüklənmiş vəzifəni yerinə yetir, ədalətli ol, zülmə qarşı dirən, barışı, xeyri, qardaşlığı, elmi, mərhəməti çoxalt, Ona şüurlu təslim ol ki, qoruna biləsən, ey insan;
- oruc proqramında DUA var, dua Allaha güvənin, təslimiyyətin ifadəsidir, insanın güc qaynağıdır, ilahi nemətdir, ümiddir (ümid etməyən dua etməz), Allahla insan arasındakı qırılmaz bağdır, ən gözəl dua əməli duadır, iş, hərəkət, davranışdır;
- oruc proqramında SAXUR və İFTAR var – oruc süfrəsi bizə nemətin sahibini, insanın əməyini tanıdır, nemətlərin dəyərini öyrədir, şükrə yönəldir, acları, yoxsulları unutma, israf etmə deyir, israf edənlər şeytanın dostlarıdır, saxur və iftar ailə üzvlərini, insanları bir araya gətirir, paylaşma bərəkəti artırar;
- oruc proqramında MƏDƏNİ AC SAXLAMAQ var, insan ilahi rizanı qazanmaq üçün bir ay bəlli vaxtda ac qalır, Allahın Ramazan ayında ac qal əmrinin bərəkətini də elə bu aydaca hiss etməyə başlayır, belə ki, nəfsin əli, qolu bağlanır, inadı qırılır, ruhun qanadları açılır, insan azadlığın ətrini hiss edir, hüzura qovuşur;
- oruc proqramında MƏRHƏMƏT var, mərhəmət anlamaq, dəyər vermək, maddi, mənəvi ehtiyacı olanın sıxıntısını həll etməkdir, ac qalan insan aclığı, ac olanları anlayır, onları düşünür, yardıma yönəlir, başqalarının acısını hiss etdiyimiz qədər insanıq;
- oruc proqramında İMAN var, imanın qarşılığı Allaha tam güvənməkdir, ümiddir, Ramazan ayı imanı gücləndirmə ayıdır;
- oruc proqramı İLLİK HESABAT ayıdır, öncə yaşadığımız ilin hesabını düşünür, sonra da yaşayacağımız ilin planlarını qururuq;
- oruc proqramında İRADƏ var, biz şüurlu olaraq Ramazan ayında bir ay ac qalmağı seçirik, seçimimizin haqqını veririk, bədəl ödəyirik, nəticədə, iradəmizi gücləndirməklə seçim və əzmimizin mükafatına qovuşuruq;
- oruc proqramında SƏBİR var, səbir dirənişdir, iman, ağıl, iradə ilə sıx bağı olan anlayışdır, həqiqət uğrunda mübarizədə dirən, ey insan;
- oruc proqramında RƏHMƏT var, şüurlu biçimdə, mədəsi, ağlı, vicdanı, iradəsi, qəlbi, əməli ilə oruc tutan insan Ramazan ayında ilahi rəhməti bütün varlığı ilə hiss edir, bu rəhmətin bərəkəti ilə özü də mərhəmətli olur;
- oruc proqramında BƏRƏKƏT var, bərəkət üç şeyi əhatə edir: xeyirdir, çoxdur, davamlıdır, Ramazan ayı ağıl, vicdan, qəlb və iradəmizin ilahi ruzilərlə - bərəkətlə ən çox doyduğu aydır;
- oruc proqramında ZƏKAT var, doğrudur, zəkat sadəcə Ramazan ayına aid bir ibadət deyil, ancaq müsəlmanlar zəkatlarını daha çox Ramazan ayında verirlər. Zəkat ehtiyac sahibi insanların zənginlərin sərvəti üzərindəki haqqıdır. Zəkat ibadəti insanın sərvət təsəvvürünü ilahi ölçülərlə inşa edir: ruzinin sahibi ər-Rəzzaq olan Allahdır, çalış, halalından qazan, halal işlərə xərclə, ehtiyacın qədər istifadə et, paylaş, ehtiyac sahiblərinin sərvətinin üzərində haqqı olduğunu unutma, sərvətini axirət azuqəsinə çevir - sərvətinlə xeyri çoxalt, zəkatın miqdarını Allah belə müəyyən etmişdir: ehtiyacından artığını ver;
- oruc proqramında İNFAQ var – infaq Allah rizası üçün vermək, sərvəti paylaşmaqdır. Qurani-Kərimdə üç şey Allah yolunda deyilərək əmr edilir: cihad, hicrət, infaq. İnfaq yarar (xeyir) verən bir şeyi ona möhtac biri ilə qarşılıq gözləmədən paylaşmaqdır. İnfaq sadəcə sərvətlə gerçəkləşən bir ibadət deyil, elm öyrətmək, sevgi, şəfqət, mərhəmət də infaqdır. İslam deyir ki, yoxsulun, məzlumun, yetimin, əsirin dini, milliyyəti, cinsi soruşulmaz, insan olduğuna görə yardım edilər. İnfaq etmək mömini münafiqdən ayıran əlamətdir, xas qulların işidir, canını vermək infaqın zirvəsidir, infaq sağlam cəmiyyətin zəmanətidir, malı, elmi, əməyi, sevgini paylaşmaqdır, Allahın verdiyindən verməkdir.

İnfaq imanın meyvəsidir, gözəl əxlaqdır, axirət azuqəsidir, islam mədəniyyətinin ruhudur, sosial bağdır. İnfaqın zamanı, həcmi, miqdarı yoxdur;
- oruc proqramında ÜMMƏT ŞÜURU var – bütün müsəlmanlar eyni ayda, eyni məqsədlə oruc tutur, eyni duyğuları paylaşırlar, oruc bizi qardaşlığa, birliyə, ümmət olmağa, insanlığın ortaq dəyərlərini paylaşmağa yönəldir;
- oruc proqramında HAQQA DƏVƏT var, bir çox insan məhz Ramazan ayında tövbə edir, Allaha yönəlir, insanların ağlı, qəlbi, vicdanı bu dönəmdə dəvətə daha açıq olur;
Ardı var...

Paralel.az

0.021302938461304