İran molla diktaturasının Azərbaycana təsirini necə azaldaq?
Siracəddin Hacı:
Daxili səbəbləri sıralayıram:
Birincisi, molla diktaturasının Azərbaycan siyasətinin ən güclü silahı siyasi hədəfi olan dini xurafələrdir, cəhalətdir. Xurafə ilə, cəhalətlə savaşmayanın molla diktaturası ilə savaşmaq imkanı yoxdur, savaşsa da, məğlub olar. Hər xurafə molla diktaturasının Azərbaycandakı casusudur, onun mövqeyini gücləndirir, ağılı öldürür, sürüləşdirir. Xurafə və cəhalət düşmənin içimizdəki ən güclü müttəfiqidir, oğru evin içindədirsə, qapını bağlamağın faydası yoxdur. Xurafəni, cəhaləti öldürən üç dərman var: Qurani-Kərimə bağlı din anlayışı – Qurani-Kərim anlayışımız diri, sağlam olmasa, din anlayışımız düzəlməz, anlayış dəyişməsə, davranış dəyişməz – elm, təhsil. Ey hakimiyyət, bu üç dəyərin yolunu aç, açmasan, Azərbaycan da, sən də məğlub olacaqsınız.
İkincisi, Azərbaycanda siyasi azadlıqların olmaması yığılan mənfi enerjinin xurafəyə bağlı din biçimində ortaya çıxmasına, xalqın ona yönəlməsinə yol açır, cəmiyyət xilaskar axtarır, ən təsirli xilaskar modellərini də xurafəyə bağlı din anlayışı təqdim edir, müsəlman dünyası saxta Mehdilərlə - xilaskarlarla doludur. Azərbaycan hakimiyyəti siyasi azadlıqları artırmalıdır ki, xalqın özünü ifadə imkanı olsun, enerji bölünsün, düşmən ondan istifadə imkanı qazanmasın. Sağlam, həqiqi siyasi müxalifət olmasa, güclənməsə, saxta dinə bağlı müxalifət ortaya çıxacaq, bu da molla diktaturasının işinə yarayacaq.
Üçüncüsü, Azərbaycan xalqının halal yolla dolanmaq imkanı azdır, yoxsuldur, bir tikə çörəyə möhtacdır, yoxsulların sığınacağı xurafəyə bağlı din anlayışıdır. Azərbaycan hakimiyyəti xalqın halal pul qazanmaq imkanlarını atrırmalıdır ki, yoxsulluq düşmənin içimizdəki müttəfiqinə çevrilməsin.
Dördüncüsü, Azərbaycan xalqının özünü ifadə imkanı yoxdur, Azərbaycan mətbuatı milli və azad deyil, düşüncələrin, duyğuların ifadəsinə imkan verilməyəndə xalqın həqiqəti öyrənmək, demək, maariflənmək, dostu, düşməni tanımaq imkanı olmur, mənfi enerji yığılır, kinə, nifrətə, qəzəbə çevrilir. Azərbaycan hakimiyyəti həqiqəti öyrənmək, demək, yazmaq imkanlarını artırmalıdır ki, xalq sürətlə maariflənsin, düşmənin yalanlarını həqiqət kimi sırımaq, insanları tələyə salmaq imkanı qalmasın. Fikri mücadilə olmasa, hüquqi mücadilə ciddi nəticələr verməz, nəticə nəticə ilə deyil, səbəblərlə yox edilər, bataqlığı qurutmasan, ağcaqanadların kökü kəsilməz. Molla diktaturasının təsirinin artması onların bacarığının nəticəsi deyil, Azərbaycan xalqının fikri, elmi, dini, siyasi, iqtisadi zəifliyidir.
Beşincisi, ciddi dini təhsilin, təbliğatın yolu açılmalıdır, gerçək din alimləri, mütəxəssilər yetişdirilməlidir. 250-350 balla tələbə olmaq haqqı qazanan insana ilahiyyat elmini – başqa elmləri də öyrədə bilməzsiniz. Azərbaycandakı dini təhsilin, təbliğatın yetərsiz, yarıtmaz olduğunu göstərən bircə fakt deyirəm: son 30 ildə Azərbaycanda ali dini təhsil alan insanların sayı təxminən 5000 nəfərdir. Bu məzunlar haradadırlar, nəyi öyrəndilər, öyrəndikləri bir elm varsa, niyə onu insanlara öyrətmirlər? Onlar aldıqları təhsilin haqqını versə idilər, onlara gerçək dini təhsil verilsə idi, din tacirlərinə, din şoumenlərinə yer qalmazdı. Azərbaycanda gerçək dini təhsil verən mərkəzlərin yaradılması milli ehtiyacdır, fikri, siyasi, təhlükəsizlik məsələsidir.
Paralel.az