Bakı İnzibati Məhkəməsi 8 ildir apellasiya instansiyasının ləğv etdiyi işinə yenidən baxmır

Bakı İnzibati Məhkəməsi 8 ildir apellasiya instansiyasının ləğv etdiyi işinə yenidən baxmır
 

Məğrur Bədəlsoy:

3 ildir Rüstəm Kərimli Bakı Apellyasiya Məhkəməsində ləğv edilən işini gizlədir.

Azərbaycanda məhkəmə sisteminin üçpilləli olması, yuxarı instansiyanın göstərişlərinin aşağı instansiya məhkəmələri üçün məcburi olması Konstitusiya ilə, məcəllələrlə doğrulanıb . Di gəl, məhkəmə hakimiyyəti nəinki bu normaya əməl edir, hətta yuxarı instansiyanın ləğv etdiyi işlərə yenidən baxılması gerçəkləşmir. Məhkəmə süründürməçiliyi kimi, süründürməçiliyi bir qırağa qoyub, konkret faktlara keçək. 

 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hazırda Bakı İnzibati Məhkəməsi) 06.05.2015 tarixli , 2-1 (81)-2205/2015 saylı bu sətirlərin yazarının DSMF-ə qarşı pensiya təminatı ilə bağlı iş üzrə iddianın mümkün sayılmaması haqqında qərardadı Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən Nurəddin Mustafayev ) 02.07.2015 tarixli, 2-1 (103)-1098/2015 saylı qərardadı ilə ləğv edilib və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılıb. Lakin 8 ildir Bakı İnzibati Məhkəməsi işə yenidən baxmaqdan imtina edir və ümumiyyətlə, işi gizlədir. Bilirsiniz niyə və necə ? Cavabdehin məhkəməyə qeyri-prosessual basqısı bu gizlilikdə önəmli rol oynayır. Təbii ki, məhkəmənin özünün bu basqıdan “xoşhal” olduğu gizli deyil.

 Yeri gəlsə də, gəlməsə də, vurğulayaq ki, düz bir il qabaq Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov sözügedən cavabdeh və DİN-ə qarşı iddia üzrə öncə tələblər üzrə işləri ayırıb və 8 aylıq süründürməçilikdən sonra hər iki iş üzrə iddianın mümkün sayılmaması haqqında qıraqdan sifarişlə 12.12.2022 tarixli iddianın mümkün sayılmaması haqqında qərardad(lar) qəbul edib. Bu qərardadlarını 5 günə verməli olduğu halda, 53 günə verən hakim, indi də 40 gündür şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmir.

Orxan Həsənovun qərardadını gec verməsinin nədəni bəlli olub. Heç demə, hakim qanunsuz aktını əsaslandırmaq üçün cavabdehlərdən iddianın mümkün sayılmaması haqqında qərardadlar toplayırmış! (??) Halbuki İPM-in 68.2 maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin, qərardadı elan edəndən sonra qərardadını əsaslandırmaq üçün sübutlar axtarışına çıxması yolverilməzdir və qeyri – prosessual ilişgidən qaynaqlanır. Bu faktı qabartmağımızda amacımız cavabdehin və məhkəmənin 8 ildir yuxarı instansiyanın ləğv etdiyi işi gizlətməsinə diqqəti yönəltməkdir. Yəqin ki, yuxarı instansiya iddiaçının apellyasiya şikayətində istinad etdiyi bu sübuta da hüquqi qiymət verər. Sözsüz ki, Bakı İnzibati Məhkəməsi şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərərsə. ..Hələ ki, şikayətin apellyasiya instansiyasına göndərilməsi baş verməyib.

Bakı İnzibati Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin ləğv edib baxmağa göndərdiyi işlərə yenidən baxmaqdan imtinası norma halını alıb. Rüstəm Kərimli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakimlik edəndə cavabdeh Nərimanov bələdiyyəsinin rüşvəti ilə 15.10.2019-cu il tarixli qərardadla gizlincə icraata xitam verib. Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Vidadi Məmmədov ) 05.03.2020 tarixli qərardadla aşağı instansiyanın qərardadını ləğv edib və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi birləşib Bakı İnzibati Məhkəməsi təşkil edildiyindən, işi baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarıb. Bu zaman Sabunçu məhkəməsində hakimlik edən Rüstəm Kərimli Ədliyyə Nazirliyindəki tanışları ilə qeyri-prosessual bağlantı sonucunda Bakı İnzibati Məhkəməsinə ezam olunub və. .. Bakı Apellyasiya Məhkəməsinin ləğv etdiyi işini icraatına götürüb, gizlədib. Hələ də - 3 ildir işə baxılması təmin olunmur. 

Rüstəm Kərimlinin sözügedən rüşvət, korrupsiya hakimliyi Nərimanov RİH və bələdiyyəsinin mübahisə predmeti olan torpağı satmalarına nədən olub. Mübahisə ilə bağlı iş məhkəmənin icraatında olduğu halda, mübahisə predmeti olan torpaq sahəsi cavabdeh tərəfindən necə başqasına satıla bilər? 3 ildir sualın ünvanlandığı dövlət orqanları, baş prokurorluq, Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ombudsman cavab verməkdə çətinlik çəkirlər. Görünür, rüşvətlə torpaq bölgüsündə özlərinin də payı var. Pay bölgüsünün faizlə ifadəsi isə, məhkəmə aktının özü kimi, gizlədilir. Kommersiya sirrindən başqa, həm də korrupsiya sirridir, yəqin. ..

Paralel.az

0.090739965438843