Əhaliyə içməli su verilir ki, qiyməti də qaldırılsın?

Əhaliyə içməli su verilir ki, qiyməti də qaldırılsın?
 

Məğrur Bədəlsoy:
“Azərsu” 30 ilin bağ evinə texniki şərt tələb edib su vermir.
Tarif Şurası bir dəfə də istehlakçıların qiymət endirimi təklifinə baxsın! 

“Azərsu” məmurları yenə də ciblərini istehlakçıların hesabına doldurmaq fikrinə düşüb . Guya əhaliyə içməli su maya dəyərindən aşağı satılır. Bu maya dəyəri hansı meyarla ölçülür, görəsən? Ümumiyyətlə, əhaliyə verilən su içməlidirmi? Tam əminliklə deyə bilərik ki, əhalinin böyük çoxluğu içməli suyu bu bizneslə məşğul olan şirkətlərdən, marketlərdən alır. Yəni “Azərsu” məmurunun suyun qiymətini qaldırmaq təklifi sözügedən şirkətlərin də qiyməti qaldıracağına stimul verir. 

Bəs istehlakçıların hüquqlarının müdafiəsinə cavabdeh olan dövlət qurumu – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nə deyir? Yenə göstərilməyən xidmətə, gərəkən keyfiyyətdə verilməyən suya görə istehlakçılar əlavə “xidmət haqqı” ödəyəcək, yoxsa? Yenə də İqtisadiyyat Nazirliyi başçısı Tarif Şurasının sədri kimi qiymət artımını yanındakı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlakçı hüquqlarının müdafiəsindən üstün tutacaq? Niyə? Onda bu formal xidmət qurumunun dövlətin adından istehlakçı hüquqlarının müdafiəsinə nə xidməti ola bilər? 

4-5 nəfərlik ailə ayda suya görə ortalıq 25 manat ödəyir. Qiyməti dünya standartlarına qaldırmaq təklifi gerçəkləşsə, bu məbləğin ikiqat olacağını demək olar. Belədə əhalinin yaşayış minimumunu, dolanışığını da dünya standartlarına uyğunlaşdırmaq olarmı ? Yəqin ki, yox. Nədən dövlət büdcəsi çökər. Olsa -olsa, bir ildən sonra 5-10 faizlik “statistik inflyasiya” adı ilə indeksasiya aparılacaq. Belə bəlli olur ki, “Azərsu” əhalinin pul olmayan cibinə girmək fikrinə düşməsinin heç bir sosial -iqtisadi əsası yoxdur. 

Büdcənin avadanlıqlara xərclərlə yüklənməsinə gəldikdə isə, onsuz da kommunal xidmət qurumları avadanlıqların pulunu da istehlakçılardan təbii inhisarçı mövqeyindən yararlanaraq zorla alır. Təsəvvür edin, qanunvericiliyin tələblərinə görə, fiziki şəxslərin sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi xidmət qurumunun üzərinə düşdüyü halda, istehlakçının öz vəsaiti ilə çəkdiyi xəttə sayğac quraşdırmağa min manata yaxın pul tələb edib, xətti kəsməklə alırlar. Belədə su xidmətinin büdcənin “dərdini çəkməsi” anlaşılan deyil. Yəqin su məmurlarının dərdi öz büdcələrini əhalinin olmayan büdcəsi ilə artırmaqdır. 

“Azərsu” ASC-nin istehlakçı hüquqlarını pozması təkcə sayğacla təminatdan yox, ümumiyyətlə, su ilə təminatdan imtinada özünü göstərir. Nazirlər Kabinetinin qərarı ilə texniki şərtin verilməsi yalnız yeni tikililərə şamil edilir. “Azərsu” isə Qarabağ qazilərinin “Pirşağı bağları” massivindəki 30 ilin bağ evinə su çəkməkdən imtina edir ki, “ASAN xidmət”dən texniki şərt alınmalıdır. İndiyədək “ASAN” yox idi, bəs niyə 30 ilin bağ evinə su xətti çəkilməyib? Eyni zamanda, necə olur, işıq çəkilib, qaz idarəsi ölçüb-biçib çəkəcəyinə söz verib, bircə su idarəsi texniki şərt tələb edir? “Azərsu” ASC-nin həmin bu Etibar Məmmədov adlı məmuru su çəkməkdən imtina etdiyi evdən içməli suya görə hansı haqla artırılmış haqq təklifi ilə çıxış edir? 

Bir sözlə, xidmət göstərilmədən xidmət haqqının qaldırılması təklifi əsassızdır və gerçəkdə Tarif Şurası su qiymətlərinin endirilməsi məsələsinə baxmalıdır. Bir yol da əhalinin, istehlakçıların təklifinə baxılsa, dünya (standartları) dağılmaz ki? ! Onsuz da əhali içməli suyu marketdən alır. ..

Paralel.az

0.088467121124268