Putin olduğu kimi - II yazı

Putin olduğu kimi - II yazı
 

Qalib ARİF:
(Tarixi-siyasi təhlil)

Qızılın gücü
Qeyd etmək lazımdır ki, İnternet məkanında, ümumiyyətlə xəbər meydanında Rusiya lideri Vladimir Putinin 1996 – 2000-ci illərdə siyasi fəaliyyəti haqqında samballı araşdırmalar yox dərəcəsindədir, olanlar da məlumat xarakterlidir. Halbuki bu illər Putinin siyasi karyerasında dönüş mərhələsi idi və məhz bu illərdə regional miqyaslı idarəçi qlobal miqyaslı siyasətçiyə çevrilmişdi. Fəlsəfi nöqteyi-nəzərdən mən deterministəm və səbəbsiz nəticələri qəbul etmirəm. Odur ki, bu illərə xüsusi diqqət yetirmək, sıradan olmayan bu insanın sıradan olmayan bir sürətlə Hakimiyyət olimpinə yüksəlişinin səbəblərini araşdırmaq niyyətindəyəm...

Yazının I hissəsində (bax: “Kasıbçılıqdan qurtuluş”) qeyd etdiyim kimi, 90-ların əvvəllərində Rusiyada partokratlarla demokratlar arasında hakimiyyət davası Sovet İttifaqının və Kommunist partiyasının ləğvi, Qorbaçovun getməsi, Boris Yeltsinin hakimiyyəti ələ keçirməsi ilə nəticələndi. Yeltsinin davamçıları olan demokratlar bütün cəbhələrdə hücuma keçdilər və sözün əsl mənasında, Rusiyada dövlət çevrilişi (özləri “inqilab” deyirdilər) etdilər. Təbii ki, Anatoli Sobçakın komandası da kənarda qalmadı və Leninqraddan Sankt Peterburqa qayıtmış şəhərdə hakimiyyəti ələ keçirdi. Sobçak şəhərin meri “seçildi”, tələbəsi Vladimir Putini yanına gətirdi və öz “idealları”nı həyata keçirməyə başladı. Bu ideallar partokratların bütün həlledici vəzifələrdən uzaqlaşdırılması və onların “zəhmətsiz gəlirləri”nin demokratlar arasında yenidən bölüşdürülməsindən ibarətdi. Yeri gəlmişkən, Sov.İKP-nin Leninqradda saxlanılan və 300 ton qızıldan ibarət olan büdcəsi də, bu prosesdə “qurban” getdi. Bir sözlə, Leninin “oğrudan oğruya halaldır” siyasəti yenidən həyata keçirilirdi...

Amma yeni Rusiyada köhnə Lenin siyasəti demokratlara baha başa gəldi və öz istədiyini almayan, həyatı yaxşılaşmayan xalq onlardan üz döndərdi. Doğrudur, 1996-cı ilin prezident seçkilərində Boris Yeltsin məşhur milyarderlər – Boris Berezovski və Roman Abramoviçin dəstəyi, məlum islahatçı Anatoli Çubaysın təşkilatçılığı ilə kommunistlərə qalib gəldi, yenidən prezident seçildi. Amma Anatoli Sobçak bütün siyasi proqnozların əksinə olaraq, Sankt Peterburqda yenidən mer seçilə bilmədi və öz müavini, “Yabloko” blokunun namizədi Vladimir Yakovlevə məğlub oldu. Bəli, parlaq natiq, gözəl hüquqşünas olan Sobçak praktiki işlərdən, xüsusilə idarəçilikdən uzaq adam idi. Şəhər Merliyində o, “ingilis kraliçası” statusunda idi, əsas işləri 1-ci müavinlər – Vladimir Putin (xarici əlaqələr), Aleksey Kudrin (iqtisadi məsələlər) və Vladimir Yakovlev (mənzil-kommunal təsərrüfatı) həyata keçirirdi. Təsvvür edin ki, seçkilər dövründə hüquqşünas Sobçak “Müasir dövrdə meqapolislərin idarəçilik sistemi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş iqtisadçı Yakovlevlə tele-debata çıxırdı və özünü biabır edirdi. Bu “biabırçılıq” da onun seçkilərdə biabırçı məğlubiyyəti ilə nəticələndi...

Bu seçkilərin Vladimir Putinin gələcək taleyinə və siyasi fəaliyyətinə böyük, əhəmiyyətli təsiri olacaqdı və məhz bu səbəbdən onlara diqqətli yanaşmağımız qaçılmazdı. Xüsusilə vurğulamaq lazımdır ki, Yakovlev mer seçilən kimi Sobçaka qarşı şəhər prokurorluğunda “vəzifə səlahiyyətlərini aşma, korrupsiya” maddələri ilə cinayət işi açıldı. Köhnə mer yeni “ürək çatışmazlığı” diqnozu ilə Finlandiya təyyarəsində Fransaya qaçmalı oldu. Təsdiq olunmuş məlumatlara görə, Sobçakın Fransa səfərini və Parisdə 1 aylıq tibbi müayinəsini (hardasa 100 min dollar) Vladimir Putin təşkil etdi və maliyyələşdirdi. Sobçakın həyat yoldaşı Lyudmila Narusova isə Fransa mətbuatına müsahibələrində keçmiş merin Parisdə məruzələr oxuduğunu, kitablar buraxdığını və yaxşı pul qazandığını deyirdi. Paris xəstəxanası da Sobçakın ciddi ürək probleminin olmadığını və ev şəraitində müalicə olunduğunu rəsmən bəyan etmişdi.

Bəli, Prezident Yeltsinin keçmiş silahdaşı, Sankt Peterburqun keçmiş meri Anatoli Sobçak interpol xətii ilə axtarışa verildi və “siyasi mühacir”ə çevrildi. Onun komandası yeni rəhbərliyin tərəfinə keçdi və faktiki olaraq, Sobçaka xəyanət etdi. Onun I müavini, merliyin bütün xarici – siyasi, iqtisadi və ticari əlaqələrinə baxan və “serı sıçan” oyaması ilə məşhur olan Vladimir Putin isə, işini itirsə də, keçmiş müəlliminə sadiq qaldı. Yeri gəlmişkən, Putinin bu addımı gələcək karyerasında mühüm rol oynayacaqdı. Amma bu barədə bir az sonra... Həmin vaxtda ona qarşı cinayət işi açılmadı və istintaqdan kənarda qaldı. Vladimir Putin də borclu qalmadı, Rusiya Prezidenti seçilən kimi, adaşı Yakovlevi xüsusi mükafatlandırdı. Sakt-Peterburqda mer səlahiyyətləri başa çatdıqdan sonra onu Baş nazirin mənzil-kommunal təsərrüfatı üzrə müavini təyin etdi. Amma bu təyinat 2002-də baş verəcəkdi, hələlik isə 1996-cı il idi və Putin rəsmi işsizdi. Doğrudur, gələcək prezidentin bizim kimi, necə dolanmaq, harda yaşamaq problemləri yox idi, əvəzində Sankt Peterburqda, hətta paytaxtda yüksək səviyyələrdə yaxşı əlaqələri var idi. Odur ki, “imkanlı işsiz” statusuna uyğun vəzifə axtarışında idi, karyerasını davam etdirmək, irəli getmək istəyirdi... 

Məlum olduğu kimi, Qərb və Şərq yalnız həyat və düşüncə tərzinə görə deyil, hakimiyyət uğrunda mübarizə tərzinə görə də fərqlənir. Qərbdə hakimiyyət uğrunda mübarizəni bir ideya ətrafında birləşmiş və müvafiq qeydiyyatdan keçmiş qurumlar - siyasi partiyalar beynəlxalq normaların və ölkə konstitusiyasının tələblərinə uyğun aparır. Bu mübarizə qanun-qaydalı, şəffaf və rəqabətli idman yarışları mislindədir, kim güclüdürsə, o da qalib gəlir. Şərqdə isə, hakimiyyət uğrunda mübarizəni klanlar – qohumçuluq və yerliçilik prinsipləri ilə birləşmiş qruplar aparır və onların mübarizəsi qaydasız döyüşləri xatırladır. Kimin arxası, pulu varsa, kim daha hiyləgər və qəddardırsa, o da aparır. Bütün postsovet məkanında, o cümlədən Rusiyada siyasi partiyalar de-yure fəaliyyət göstərsə də, hakimiyyət uğrunda mübarizəni de-fakto klanlar aparır. Rusiyada hakimiyyət uğrunda mübarizə aparan əsas klanlardan biri də Leninqrad klanıdır. Hazırda hakimiyyətdə olan bu klanın üzdə olan üzvləri Vladimir Putin, Aleksey Kudrin, Anatoli Çubays, Dimitri Medvedev və sairdir... 

Beləliklə, 1996-cı ildə Leninqrad klanının işsiz üzvü Vladimir Putin iş üçün klanın ən vəzifəli üzvü Anatoli Çubaysa müraciət edir. Həmin dövrdə Çubays postsovet Rusiyasının ən perspektivli siyasətçilərindən biri, Prezident Yeltsinin favoriti idi. 1992 – 94-cü illərdə Baş nazirin müavini, 94 – 96-cı illərdə 1-ci müavini işləmişdi. 1996-cı ildə Boris Yeltsinin seçki qərargahına rəhbərlik etmişdi və seçkilərdə qələbəni təmin etdikdən sonra Prezident Adminstrasiyasının rəhbəri təyin edilmişdi. Bir sözlə, Kremldə Çubaysın sözü keçirdi və pulla bütün məsələləri həll edə bilirdi. Vladimir Putin də, I yazıda deyildiyi kimi, Rusiyanın imkanlı adamlarından biri idi. Çubays Prezidentin İşlər idarəsinin sədri Pavel Borodinə müraciət edir və yerlisini işə götürməyi xahiş edir. Borodin təbii ki, Prezident favoritinin sözünü yerə sala bilməzdi və Putini özünə müavin təyin etdi. Amma Sankt Peterburqda “siyasət pul qazanmaq deməkdir!” prinsipi ilə işləməyə öyrəşmiş Putin İşlər idarəsində darıxmağa başladı, hətta bir ildə iqtisadiyyatdan namizədlik dissertasiyası (!) da yazdı. Amma 1997-ci ildə yenidən yeni vəzifə üçün yerlisi Çubaysa müraciət etdi...

Anatoli Çubays artıq Prezident Adminstasiyasından getmişdi və Baş nazirin 1-ci müavini işləyirdi. Amma bu dəfə də Putinin sözünü yerə salmadı, Prezident Yeltsinin kürəkəni və Prezident Adminstrasiyasının yeni rəhbəri, ixtisasca jurnalist olan Valentin Yumaşevə ağız açdı. Söz düşmüşkən, Vladimir Putini Moskvada yüksəlməsinidə və prezident vəzifəsinə yiyələnməsində 3 adamın müstəsna rolu olub. Onlardan birincisi Anatoli Çubays, üçüncüsü Boris Yeltsindir. İkinci adam isə, Prezident Yeltsinin kürəkəni Valentin Yumaşev (bunu sonralar Boris Nemtsov da təsdiq etmişdi) oldu. Yumaşev əvvəl Putini özünə müavin götürdü və prezidentin regionlara səfərləri üzrə məsul şəxs təyin etdi. Məhz bu səfərlərdə Putin Yeltsinlə şəxsi münasibətlər qura və onun etimadını qazana bildi. Sonra, Yumaşev Putini Prezidentin “kadr təyinatları”nda söz sahibi olan “Ailə” klanına təqdim etdi və onlarla yaxından tanış etdi. Həmin dövrdə “Ailə” klanına Prezidentin qızı və müşaviri Tatyana Dyaçenko, Prezidentin kürəkəni və Adminstrasiyasının rəhbəri Valentin Yumaşev (Yeltsinin yaxın dostları - Barsukov və Korjakov artıq getmişdi, Voloşin isə hələ gəlməmişdi) və artıq adı çəkilmiş milyarderlər – Boris Berezovski və Roman Abramoviç daxil idi. “Ailə” eyni zamanda, bütün Rusiyada ən çox korrupsiyalaşmış klanı təşkil edirdi. Dostlar, deyəsən, Sankt Peterburqda Putin zamanında yoxa çıxmış 300 ton qızılın izləri görünür...

Həmin dövrdə Yeltsin hökumətində “Ailə”nin “siyasi varis” tələblərinə cavab verəcək 2 nüfuzlu və görkəmli siyasətçi vardı. Bunların birincisi yuxarıda adı hallanan Anatoli Çubays, o biri Nişni-Novqorodun qubernatoru Boris Nemtsov idi. Çubays 1996-cı ilin prezident seçkilərində Yeltsinin seçki qərargahının rəhbəri olmuş, uğur və nüfuz qazanmışdı. Nemtsov Nişni-Novqorod vilayətinin birinci qubernatoru olmuş, əsaslı iqtisadi və siyasi yüksılişə nail olmuşdu, bütün vilayətdə böyük nüfuzu vardı. “Ailə” onu Moskvaya gətirmək və nəzarət altında saxlamaq üçün çalışırdı. 1997-ci ildə Yeltsinin qızı və “kadr məsələləri” üzrə müşaviri Tatyana Dyaçenko milyarder Boris Berezovskini Nemtsovun yanına Nijni-Novqoroda minnətçi də göndərmişdi. Bundan əvvəl Prezident Yeltsin Nijni-Novqoraoda səfər etmiş, Boris Nemtsovun özünü və işini bəyənmişdi. Məlum olduğu kimi, Boris Yeltsin dünya malında gözü olmayan, dövlət maraqlarını qoruyan, ancaq hakimiyyət acı olan adam idi. Hətta 1996-cı ildə Moskvada ürəyindən əməliyyat olunarkən hakimiyyət sükanını, müvəqqəti olsa da, heç kimə etibar etməmişdi. Amma “Ailə” ona təsir edə bilirdi və kadr təyinatlarına müdaxilə edirdi. Beləliklə, 1997-ci ildə “Ailə”nin təşəbbüsü, Prezidentin razılığı ilə Boris Nemtsov Moskvaya dəvət edilir, əvvəl Energetika naziri, az sonra Baş nazirin 1-ci müavini təyin edilir. Həmin dövrdə Anatoli Çubays da Baş nazirin 1-ci müavini idi...

Göründüyü kimi, bizim qəhrəmanın rəqibləri ondan bir baş hündür, bir baş məşhur, bir baş da nüfuzlu idilər. Amma Vladimir Putin onlardan “bir baş” varlı, imkanlı adam idi və bu, “Ailə” klanının əsas prioriteti hesab edilirdi. Yuxarıda deyildiyi kimi, Prezidentin kürəkəni Valentin Yumaşev ixtisasca jurnalist idi və Boris Yeltsinin kitablarının müəllifi idi. Yumaşev həm də yaxşı “tennis” ustası və bu oyuna böyük həvəs göstərən, istirahət vaxtını “kordda” keçirən Yeltsinin məşqçisi idi. Deməli, Prezidentlə ən çox vaxt keçirən və ona təsir edən əsas adamlardan biri idi. Boris Yeltsinin “Prezident marafonu” kitabında Pladimir Putinin də adı çəkilir və Prezident ona böyük qiymət verir: “...Vladimir Putin ona həmişə diqqət və qayğı göstərən müəllimi və hamisi Anatoli Sobçaka sadiq qaldı və dar məqamda onu atmadı, Fransaya getməsi, müayinə və müalicə edilməsi üçün əlindən gələni etdi. Əsl dostlar da, məlum olduğu kimi dar gündə tanınır...” Demək olmaz ki, siyasi mühacirətdə yaşayan Sobçakın taleyi Yeltsini narahat edirdi, axı, həmin fikirlərin müəllifi Valentin Yumaşev idi. Doğrudur, “siyasi varis” məsələsində Boris Yeltsinin şəxsi seçimi həlledici idi. Amma yuxarıda deyildiyi kimi, “Ailə” məsələyə müdaxilə edə bilirdi və öz təhlükəsizliyini qorumaq üçün sərf etməyən namizədləri çıxdaş edə bilirdi...

Düşünürəm ki, burda tarixçilərin və siyasi ekspertlərin gözündən qaçan, Putinin bioqrafları tərəfindən isə, qəsdən unudulan xüsusi bir məqamı vurğulamaq lazımdır. “Ailə” nin, əsasən də Yumaşevin səyləri və Putinin bölgələrdə Yeltsini müşayət etməsi nəhayət öz nəticəsini verdi. Prezideny Yeltsin Vladimir Putini əvvəl FSB-nin sədri, sonra Təhlükəsizlik Şurasının katibi təyin etdi. Bu təyinatlar mühüm əhəmiyyət daşısa da, dediyimiz xüsusi məqam deyildi. Rusiya Prezidenti qapalı sərəncamla FSB-nin yeni sədrini keçmiş SSRİ-nin dünya banklarında qalmış aktivlərinin araşdırılması və Rusiyaya qaytarılması üzrə məsul şəxs təyin etmişdi və ona yüksək səlahiyyətlər vermişdi. Bu isə, artıq 100 milyonlarla yox, 100 milyardlarla dollar demək idi və Putin bu məsələdə yalnız Prezident Boris Yeltsinə hesabat verirdi. Prezident isə, artıq sərxoşluqla ayıqlıq arasında əyyaşlıq həyatı keçirirdi. Həmin dövrdə Anatoli Çubaysın təkidi ilə “Ailə” klanından uzaqlaşdırılmış Yeltsinin dostu və təhlükəsizlik xidmətinin keçmiş rəisi general Korjakov müsahibələrinin birində (Youtubda var!) demişdi: “Biz şeflə işdən sonra hərəyə 5 araq içirdik və bu, hələ son deyildi”. Bəli, Vladimir Putin Sankt Peterburqda Kommunist partiyasının 300 tonluq “qızıl” kassasından sonra Moskvada daha böyük “qızıl yatağı” tapmışdı və onu prezident vəzifəsinə aparan yol, faktiki olaraq, açılmışdı...

Prezident Boris Yeltsinin Rusiyada Çernomırdin, Primakov, Stepaşin eksperimentləri yəqin çoxlarının yadındadır. Yeltsin 90-ların axırlarında cəmiyyətdə böyük nüfuzu olan bu adamları Baş nazir təyin edirdi və özünün siyasi varisi elan etmək istəyirdi. Amma sonda FSB-nin o vaxtkı sədri, heç kimin tanımdığı Vladimir Putinin üzərində dayanmalı oldu. Yuxarıda bu seçimin mətbuata sızan əsas səbəblərindən 2-si qeyd olunub. Əvvəla, Vladimir Putin siyasi varis kimi “Ailə”nin seçimi idi və bu seçimin qiyməti qızılla ödənilmişdi. Sonra, Putin Yeltsinin bölgə səfərlərində özünü yaxşı cəhətdən tanıda və Prezidentin nüfuzunu qazana bilmişdi. Eyni zamanda, Sankt Peterburqda hakimiyyət dəyişikliyi zamanı Putinin, hətta öz işini itirməyi bahasına Sobçaka sadiq qalması Yeltsini bərk təsirləndirmişdi və “ona etibar etmək olar” fikrini möhkəmləndirmişdi. Amma həmin zamanda Rusiyada federallaşma prosesi parçalanma mərhələsinə keçmişdi, Çeçenistan, Tatarıstan özünü de-fakto müstəqil elan etmişdi. Prezident Yeltsin siyasətçi kimi birinci növbədə dövlətçi idi və Rusiyanı parçalanmaqdan qorumaq istəyirdi. Amma onun istəyi ilə imkanlarıı uyğun gəlmirdi, odur ki, bu istəkləri həyata keçirəcək siyasi varis axtarışında idi...

Bu zaman ilk nəzərdən kiçik görünsə də, faktiki olaraq, Vladimir Putinin gələcək taleyini təyin edən böyük bir hadisə baş verir. Həmin dövrdə Rusiyanın Baş prokuroru Yuri Skuratov (1995 – 99) idi. Hüquq elmləri doktoru, savadlı, ziyalı, sözün əsl mənasında dövlət adamı olan Skuratov “Ailə” klanının dövlət işlərinə qarışmasını, neft yataqları və torpaq sahələri satmasını bəyənmirdi və dəstəkləmirdi, imkan olduqca qarşısını alırdı və icraçıları sərt cəzalandırırdı. Bu vəziyyət təbii ki, “Ailə”nin xoşuna gəlmirdi və Skuratovu neytrallaşdırmaq üçün bütün səviyyələrdə iş gedirdi. Nəhayət 1999-cu ilin əvvəllərində Preziden Yeltsin Baş Prokuror Skuratovu yanına dəvət edir və istefa ərizəsi yazmağı tələb edir. Ölkədə qanun keşikçisi olan Skuratov öz haqlarını da qoruya bilir və “Baş prokuroru Federasiya Şurası təyin edir və ancaq Federasiya Şurası istefaya göndərə bilər” deyir. Məsələ açıq qalır və “Ailə” bu vəziyyətlə razılaşmır, çıxış yolları axtarır .Tezliklə Putinin rəhbərlik etdiyi FSB Skuratovun gənc xanımlarla biabırçı “Sauna görüntüləri”ni hazırlayır və Youtubda tirajlayır. Vicdanı təmiz, məqsədi aydın olan Skuratov “Video-görüntülər montajdır” deyir və istefa verməkdən qəti imtina edir. Vəziyyət daha da gərginləşir...
 
Prezident Yeltsin Baş prokuror Skuratovu yenidən yanına dəvət edir. Mətbuata sızan məlumatlara görə, qəbul Baş nazir Sergey Stepaşinin və FSB-nin sədri Vladimir Putinin iştirakı ilə baş tutur. Yuri Skuratov yenidən dediklərini təkrar edir və Prezidentin ona təqdim etdiyi istefa ərizəsinə qol çəkməkdən imtina edir. Parlaq hüquqşünas olsa da, bir as vas-vası və qətiyyətsiz adam olan Stepaşin həmkarının bu hərəkətindən dəhşətə gəlir və öz etirazını bildirir. Vladimir Putin isə dinmir, sakitcə ayağa qalxır, Baş prokurora yaxınlaşır. Eyni təmkinlə cibindən “Steçkin” xidməti tapançasını çıxarır (Prezidentin qəbulunda?!) və Skuratovun başına dairəyir. “3-ə kimi sayıram, qol çəkməsəz, atacağam” deyir. “Bir, iki”... İki sayında Putin tapançanı qaldırır və yuxarı (Prezidentin kabinetində!) atəş açır. Deyilənə görə kabinetin tavanında güllənin yeri bir müddət qalır. Amma Skuratov istefa ərizəsinə dərhal imza atır, “üç” sayına ehtiyac qalmır. Səhəri gün Skuratov yenidən istefa verməkdən imtina edir və ərizəyə qol çəkmədiyini deyir. Amma ərizə qanunvericiliyə uyğun olaraq, ekspertə göndərilir və fakt qarşısında qalan Skuratov istefa verir...
 
Dostlar, düzü mən bilmirəm ki, bu hadisə nə qədər həqiqətdir və bu qədər dəqiqliklə onu mətbuata kim sızdırb. Stepaşinə və Skuratova bu, qətiyyən sərfəli deyildi, çünki onların imicinə birbaşa zərbə idi. Boris Yeltsin isə, yuxarıda deyildiyi kimi, dövlət ərkanlı adam idi və dövlət sirlərini açmaq onun təbiətinə uyğun deyildi... Bir qalır Vladimir Putin... Deyilənə görə, bu hadisə onun karyerasında dönüş nöqtəsi idi və Prezident Yeltsin nəhayət qərar qəbul etdi. Vladimir Putin tezliklə Rusiyanın Baş naziri təyin edild və Rusiya Prezidenti onu özünün siyasi varisi elan etdi. Rusiyanı qarşıda nələr gözləyirdi, postYeltsin – Putin dövrü xalqa nələr verəcəkdi?! Bu barədə III yazıda...
(Ardı olacaq...)

Paralel.az
0.10268497467041