Ərdoğan erası başa çatır?!
Qalib ARİF:
Siyasi təhili
Vallah, bu sətirləri ürək ağrısı ilə yazıram, amma yazmalıyam. Zira, Azərbaycanda Ukrayna - Zelenski məsələsində olduğu kimi, Türkiyə - Ərdoğan məsələsinə də obyektiv baxış yoxdur. Müşahidəçilər həmişə olduğu kimi, tam kənar mövqelərdədirlər, ya tam dəstək verir, ya da tamam inkar edirlər. Neytral mövqedə olanlar yox dərəcəsindədir, tərəf saxlayanlar isə, obyektiv ola bilmir...
Məlum olduğu kimi, dövlətlər ya dəyərlərlə, ya da maraqlarla idarə olunur. Dəyərlər dedikdə Ədalət, Azadlıq və Bərabərlik başa düşülür. Qərbdə Xristian, Şərqdə İslam dəyərləri deyilsə də, bunlar ümumi-bəşəri dəyərlərdir. Qərbdə artıq dəyərlərlə idarə olunma bir ənənəyə, faktiki olaraq, həyat tərzinə çevrilmişdir və hakimiyyət-cəmiyyət kompromisini etibarlı təmin etmişdir. Şərqdə isə maraqlarla idarə olunma üstünlük təşkil edir və tez-tez müşahidə edilən, bəzən dövlət çevrilişləri ilə nəticələnən hakimiyyət-cəmiyyət qarşıdurmalarına gətirir.
Müasir Türkiyə Qərblə Şərqin qovşağında yerləşsə də, Atatürk dövründən dəyərlərlə idarə olunurdu və bu dəyərlər məşhur Atatürk prinsiplərində təsbit olunurdu. Allahdan gizlin deyil, bəndədən nə gizlin, yeni minnilliyin, yeni əsrin və Ərdoğanın gəlişindən sonra Türkiyə tədricən dəyərlərdən uzaqlaşmağa, maraqlarla idarə olunmağa başladı. Maraqlarla idarə olunan dövlətlərdə isə, tarixi təcrübə göstərir ki, dəyərlər tədricən arxa plana keçir, korrupsiya, qohumbazlıq və avtoritarizm əsas mövqeləri ələ keçirir. Mən burda detallara varmaq niyyətində deyiləm, bilənlər bilir, bilməyənlər də bilənlərdən soruşa bilər.
Bu ilin əvvəlində Türkiyədə baş verən zəlzələ Ərdoğan hakimiyyətinin dəyərlərdən nə qədər uzaqlaşdığını, maraqlarla nə qədər idarə olunduğunu üzə çıxardı. Məlum oldu ki, iqtisadiyyatın əsas sütunlarından biri olan tikinti sahəsi tamamilə dövlət nəzarətindən kənarda qalmışdır. 15-20 milyonluq böyük bir region 7.7 ballıq zəlzələdə tamamilə dağıldı, 50 minə yaxın insan tələf oldu. Halbuki bu cür zəlzələlər Türkiyə kimi seysmik zonada yerləşən Yaponiyada, Kaliforniyada az qala, hər il baş verir, amma insan tələfatı, dağıntılar müşahidə edilmir. Deməli, Türkiyədə tikinti sahəsi ya korrupsiyanın əsirliyindədir, ya da dövlət bu işlərdən xəbərsizdir. Amma hər iki halda, Ərdoğan hakimiyyəti öz işinin öhdəsindən gələ bilmir, Türkiyə xalqının təhlükəsizliyini etibarlı təmin edə bilmir.
Qeyd etmək lazımdır ki, Türkiyədə baş verən dəhşətli zəlzələ yalnız tikinti sahəsində olan qüsurları meydana çıxarmadı, həm də bütövlükdə hakimiyyətin fövqaladə hallara – təbii və insani fəlakətlərə hazır olmadığını göstərdi. Doğrudur, hakimiyyət ölkə daxilində baş verən narazılıqların qarşısını amansızlıqla alır, demokratik təsisatları (KİV, qeyr-hökumət təşkilatları və s.) bir-bir sıradan çıxarır. Xarici siyasətdə isə, demokratik Qərbdən yavaş-yavaş uzaqlaşır, avtoritarizmin Rusiya, Çin kimi dayaqlarına yaxınlaşır. Bu da cəmiyyətdə birmənalı qarşılanmır və istər-istəməz, CHP-nin təmsilində klassik müxalifəti ön sıralara çıxarır. Son vaxtlar Türkiyədə də, bizdə də CHP lideri Kılıcdaroğlunun xarizmatik lider olmaması və siyasi nüfuzunun çox aşağı olması, buna gərə də seçkilərdə daim məğlub olması haqqında çox danışılır, yazılır. Amma Kılıcdaroğlu müasir Şərqin bəlası olan korrupsiya və qohumbazlıqdan çox uzaq adamdır, Türkiyədə zəlzələdən sonra baş verən olaylar da siyasi xal kimi onun adına yazılır.
Düşünürəm ki, Türkiyə oturuşmuş, dövlətçilik ənənələri olan bir ölkədir. Burda hakimiyyətin dəyişməsi, bir siyasi liderin getməsi, o birinin gəlməsi xarici siyasətin prioritetlərinə, Türkiyə - NATO, o cümlədən Türkiyə - Azərbaycan münasibətlərinə təsir etməyəcəkdir. Daxili siyasətdə müəyyən korrektələrin edilməsi, məsələn Türkiyənin yenidən Parlament Respublikasına çevrilməsi, korrupsiyaya qarşı ümumxalq mübarizəsinin elan edilməsi mümkündür. Amma bir problem var, yerli və xarici mətbuatın da qeyd etdiyi kimi, Kılıcdaroğlu nüfuzlu və güclü siyasi lider deyildir və seçkilərdə onun qalib gəlməsi Türkiyəni məlum “müvəqqəti hökumət” dövrünə qaytara bilər. Amma bu, Türkiyə xalqının seçimidir və biz bütün hallarda hörmətlə yanaşmalıyıq. Bizim üçün əsas olan Türkiyə - Azərbaycan qardaşlığıdır...
Paralel.az