“Gürcü arzusu”sayağı sizofreniya

“Gürcü arzusu”sayağı sizofreniya
 

Qəzənfər Həmidoğlu:

“Gürcü arzusu”sayağı sizofreniya
Və ya agent “agent”ə qarşı

Kor kora “kor” deməsə, bağrı çatlar. Tiflisdəki dramatik qarşıdurmanı, “xarici agent” davasıni zahirən və bir qədər də prinsipcə belə dəyərləndirmək olar. 

“Putinin gürcü layihəsi” - “Gürcü arzusu”nun lideri və Gürcüstanın de-fakto şefi Bidzina İvanişvili son 10 ildə ölkəni Moskvanın təsiri altına qaytarmaq yolunda irəliləyirdi, son dövrlərdəsə artıq yüyürür. Özəlliklə də, Saakaşvilinin həbsindən və Ukrayna müharibəsindən sonra gürcü hökumətinin Rusiyanın “xarici agenti” rolundakı gedişləri gözə batır. Hərçənd ki, Gürcüstan anti-Rusiya bloku olan “Ramştayn klubu”nun üzvüdür, beynəlxalq qurumlarda Ukraynanın lehinə səs verir. Guya batono Bidzina manevr edir, qanmaz qandırır...

İndi İvanişvili və komandası illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən media orqanları və QHT-ləri “xarici agent” kimi reyestrdən keçirmək istəyir. Artıq uyğun qanun layihəsi ilk oxunuşda parlamentdən keçib və nəticədə Tiflis iki gündür küçədən yığışmır...

Əslində, gürcü siyasətində durum şizofrenikdir. Baş nazir İrakli Qaribaşvili Qərb ölkələrinə səfərlərində avrointeqrasiyadan, ölkənin NATO hədəfindən, Avropa İttifaqı yolundan və s. bu kimi şeylərdən danışır. Qərbdən Tiflisə qayıdan hökumət başçısı siyasi libasını təyyarədə dəyişir və tamamilə başqa kursa keçir : “... xarici təsir agenti haqqında qanun Gürgüstanın suverenliyini möhkəmlədəcək”, çünki “xaricdən maliyyələşən bəzi vətəndaş cəmiyyəti institutları dövlət və dövlətin maraqları ilə mübarizə aparırlar”. 

Qaribaşvili “xaric” dedikdə Qərb ölkələrini nəzərdə tutur, zira söz və mətbuat azadlığını məhdudlaşdıracaq “Xarici agent qanunu” da birbaşa Avro-Atlantik inteqrasiyası tərəfdarı olan media və QHT-lərə qarşıdır. Milyarder İvanişvilinin komandası açıq-aşkar ABŞ və Avropa İttifaqının çağırışına məhəl qoymur, prezident Salome Zurabişvilini isə saya salmır. İş-gücləri Putini sevindirməkdir.

Putin 2008-ci ildəki qısa savaşdan sonra Gürcüstanı yavaş-yavaş silkələyirdi, hazırda ölkəyə riskli ləngər vurdurur. Hər halda gürcü hökuməti Gürcüstanı təhlükəli sularda üzdürür. “Gürcü arzusu” parlamentdə İvanişvilinin barmaq işarəsi ilə oturub-durur. Gürcü müxalifətinin bacardığı isə yalnız hakim partiyanın üzvləri ilə debata girməkdir. 

Hərçənd, debatın hər iki tərəfi bilir ki, onlarlıq ortalıqda bir şey yoxdur, heç nəyi həll etmirlər. Qərarı batono Bidzina verir, “metodiçka” isə Kremldə yazılır...

Rusiya-Ukrayna müharibəsi uzanarsa, Putun Gürcüstanın avrointeqrasiya yolunu “inoagent”sayağı “bombardmanlar”a tutub xarabazar qoyacaq.

Paralel.az

0.017520189285278