Ramazan orucu Allahın tərbiyə proqramıdır - II yazı
Siracəddin Hacı:
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“Siz ey iman edənlər! Oruc sizdən öncəkilərə olduğu kimi sizə də yazıldı, bəlkə, bu sayədə (yolla) təqvaya qovuşasınız” (2/183)
Allahın tərbiyə proqramlarından birinin də adı Orucdur. Oruc adlı tərbiyə (ağılı, vicdanı, iradəni inşa) proqramının içində bu dəyərlər var:
Allahın Ramazan proqramında QURANİ-KƏRİM var, Qurani-Kərim Ramazanın ruhudur, ilahi mesaj bu ayda nazil olduğu üçün oruc tuturuq (Tövratın, İncilin, Zəburun da Ramazan ayında nazil edildiyi ilə bağlı rəvayətlər var);
bu proqramda ŞÜKÜR var – oruc tutaraq insanlığa hidayət rəhbəri olan Qurani-Kərimi nazil etdiyinə görə Allaha şükür edirik. Hər nemətin şükrü öz cinsindəndir, məsələn, ağılın şükrü doğru düşünmək, qəlbin şükrü iman etmək, vicdanın şükrü şəfqətli, mərhəmətli olmaq, bütövlükdə insan olaraq yaradılmağın şükrü Allaha şüurlu təslim olmaq – Onun buyurduğu kimi yaşamaqdır. Belə bir sual verə bilərsiniz: insanlığın hidayət rəhbəri olan Qurani-Kərimin nüzuluna görə Ramazan ayında niyə məhz oruc tutmaqla şükür etmək biçimi seçilmişdir, bəlli bir müddət ac qalmaqla Qurani-Kərim arasında hansı əlaqə var? Cavabımız var: Ramazan ayında bəlli bir müddət mədəmiz ac qalır, ağlımız, ruhumuz, vicdanımız, qəlbimiz isə doyur. Ramazan ayı ağılın, ruhun, vicdanın, qəlbin ən çox doyduğu, qidalandığı aydır. İnsan ac qaldıqca, ya da az yedikcə düşünmək imkanı artır, ehtiyac ağılı hərəkətə keçirir, bədən ac qaldıqca ruhun qanadları açılır, qəlb imanla doyur, fiziki güc azalır, ruhi güc çoxalır. Qurani-Kərim də insanın ağlını, ruhunu, vicdanını, qəlbini doyuran kitabdır, ruzidir, nemətdir, təsadüfi deyildir ki, Qurani-Kərimin mübarək adlarından biri də Ruzidir. O, ağılın ruzisi olaraq elmi seçir, oxu buyurur, varlığı Allahın adı ilə oxu, yəni yaradılan hər varlığa yerləşdirilmiş elmi kəşf et, kəşf et ki, inkişaf edəsən, o elmlərin gerçək sahibini tanıyasan, Ona şüurlu təslim olasan, nəticədə, həqiqi azadlığa qovuşasan, dəyər qazanasan, bilgisiz iman yoxdur, azad olmayanın dəyəri olmaz ki!
Allah qəlbin ruzisi olaraq imanı təklif edir, iman əmin olma halıdır, qoruyucu sistemdir, güvən və ümiddir. Allah buyurur ki, vicdanın ruzisi mərhəmət, şəfqət, sevgidir, mərhəmət barış içində yaşamağın ana ölçülərindən biridir. Allahın ölçüsü deyir ki, iradənin ruzisi seçim haqqıdır, iradə seçmək deməkdir, seçim üçün ən azı iki yol olmalıdır, iradə nemətinin şükrü də doğru olanı seçməkdir.
Toplasaq, Ramazan ayı mədənin bəlli bir müddət ac qaldığı, ağılın, qəlbin, vicdanın isə doyduğu – Qurani-Kərim nemətləri ilə qidalandığı aydır. Ona görə də biz Ramazan ayında nazil olmağa başlayan Qurani-Kərimə görə bu kitabın sahibi olan Allaha bir ay oruc tutaraq şükür edirik. Deyirik ki, ağıl, qəlb, vicdan, iradə mədədən daha dəyərlidir, mədəni ac saxlamadığın kimi ağıl, vicdan və qəlbini də ac saxlama, onları da sağlam, təmiz, halal qidalarla doyur, ey insan, bil ki, Qurani-Kərim fitrətin qidasıdır;
Allahın oruc adlı tərbiyə proqramında Niyyət var. Niyyət bir şeyin mahiyyət və hədəfini anlayaraq onu etməkdir, şüurlu olmaqdır, O, bizim şüurlu müsəlman olmağımızı istəyir – oxu, anla, şüur qazan, seç, yaşa, yaşat;
oruc proqramında Qurani-Kərimi ANLAYARAQ OXUMA var (bütün günlərdə, bütün aylarda Qurani-Kərim oxumağın şərti onu anlamaqdır, ancaq ramazanın da özəl yeri var). Qurani-Kərimin üzərimizdə dörd haqqı var: oxumaq, anlamaq, yaşamaq – dəyərlərini həyatımıza daşımaq (Allahın buyurduğu kimi yaşamaq), öyrətmək. Bədəni, ağlı, qəlbi, vicdanı, iradəsi, əməli ilə tam oruc tutan insanlar bütün varlıqları ilə Qurani-Kərimi anlamağa köklənirlər;
- Allahın oruc adlı tərbiyə proqramında TƏMİZLİK var, ac qaldıqca bədən, Quran-Kərimi anladıqca, Onunla doyduqca ağıl, ruh, vicdan, qəlb, iradə təmizlənir, təmizlənən insan həqiqəti görür, Allaha təslim olur, azadlığına qovuşur (kirli – cahil qalmaq kölə olmaqdır), dəyər qazanır, fitrət insanı olur;
Ardı var...
Paralel.az