Ramazan orucu Allahın tərbiyə proqramıdır
Siracəddin Hacı:
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“Siz ey iman edənlər! Oruc sizdən öncəkilərə olduğu kimi sizə də yazıldı, bəlkə, bu sayədə (yolla) təqvaya qovuşasınız” (2/183)
1) “Siz ey iman edənlər!”
Allah Qurani-Kərimdə vəsiyyət ayələrindən sonra yeni bölməyə keçir, oruc ayəsini açıqlayır. Sözə “siz ey iman edənlər” xitabı ilə başlayır, imanla oruc tutmaq arasında bağ qurur. Qurani-Kərim imanla saleh əməli bir arada təqdim edir: saleh əməlsiz iman ölüdür - həyata daşınmamış, yaşanmamış, sözdə qalmış, quru, təsirsiz, insanı ilahi dəyərlər uğrunda fəaliyyətə yönəltməyən, saleh əməllərə yol açmayan imandır. İmansız əməl də bərəkətsizdir.
Ayədəki “siz ey iman edənlər” xitabı bu mənaları ehtiva edir: imanınızda səmimi isəniz, imanınız fəal/işləkdirsə, yəni sizi azadlığı, ədaləti, xeyri, elmi, bərəkəti, barışı, mərhəməti, qardaşlığı çoxaltmağa yönəldirsə, bunun sübutu olaraq oruc tutun. “Siz ey iman edənlər” müraciəti orucun çox önəmli ibadət olduğunu söyləyir, deyir ki, oruc tutmaq Allahın rizasını qazanmaq uğrunda cihadın ayrılmaz parçasıdır, orucda bərəkət var, o sizi yenidən inşa edəcək, sizi ilahi nemətlərə qovuşduracaq, sizə özünüzü idarə etməyi öyrədəcək, sıxıntılara dayanma gücü verəcək, bədəninizi fiziki, ağlınızı mənəvi kirlərdən təmizləyəcək, sizi imtahana hazırlayacaq, axirət səadətinə qovuşduracaq.
Allah möminlərin sevə-sevə, mənasını anlaya-anlaya oruc tutmalarını istəyir, “siz ey iman edənlər” xitabı ilə onlara ruh, cəsarət verir, sanki bunu demiş olur: siz möminlərsiniz, sizi böyüdəcək, dəyərinizi artıracaq oruc ibadətini yerinə yetirməyə gücünüz çatacaq. Bu xitab oruc tutmağa təşviq edir, sən başlasan, Allahın yardımı gələcək, bu mübarək əməlin içində ilahi riza, xeyir, bərəkət, təmizlik, səbir – dirəniş gücü var deyir...
Allahın seçdiyi, əmr buyurduğu, biçimini (icra şəklini) müəyyən etdiyi ibadətlər insanla Allah arasındakı mənəvi bağlardır, insanın güc qaynaqlarıdır, ibadətlər insana Allaha qulluq şüuru verir, deyir ki, qulluq ancaq Onadır, Ona qul olan azad olar, Allahdan başqasına qulluq haramdır, şirkdir, zülmdür, köləlikdir. İbadətlər imanı, iman fitrəti, fitrət insanı qoruyur – din insanın ağlına, qəlbinə, iradəsinə, vicdanına yardım etmək üçün var.
Allah insana ən böyük dəyər olan tövhid – azadlıq (insana kölə olma, insanı kölə etmə) anlayışını öyrətmək üçün proqramlar nazil edir: namaz, zəkat, infaq, həcc... Bu ibadətlərin hər birinin hədəfi tövhid anlayışını öyrətmək, onu yaşam (həyat) biçiminə çevirmək, insana Allaha qulluq şüuru vermək, tövhid düşüncəsi ilə həyat (ailə, iş, sosial münasibətlər...) arasında bağ qurmaqdır.
Qurani-Kərimin tanıtdığı hər anlayış və ibadətlə həyat arasında qırılmaz bağ var, məsələn, Allah buyurur ki, O hər şeyi görür, bilir, eşidir. İnsanın bu ölçüyə inanmasının həyati (praktik) qarşılıqlarından bir neçəsini sayaq: Allahın hər şeyi görən, bilən, eşidən varlıq olduğuna iman insanı bütün pisliklərdən qoruyar – Allahı bu ölçülərlə tanıyan insan zülm etməz, yalan danışmaz, haram yeməz, hər an nəzarətdə olduğunu bilər, Allahla arasına vasitəçilər qoymaz, yəni şirkdən qaçar, görən, bilən, eşidən Allah inancı insana güc, ümid, güvən, səbir verər, onu sevgiyə, barışa, mərhəmətə, ədalətə, xeyirə yönəldər...
Allahın tərbiyə proqramlarından birinin də adı Orucdur. Oruc adlı tərbiyə (ağılı, vicdanı, iradəni inşa) proqramının içində bu dəyərlər var...
Ardı var...
CÜMƏMİZ MÜBARƏK OLSUN, ALLAH BİZƏ RAMAZAN ORUCUNU TUTMAĞI, XEYİRLİ İŞLƏRİ ÇOXALTMAĞI NƏSİB ETSİN, GÖZƏL İNSANLAR!
Paralel.az