Azərbaycanda süni ətin dadsız şorbası

Azərbaycanda süni ətin dadsız şorbası
 

Sosial şəbəkələrdə bitki mənşəli zülal və yağlardan istifadə edərək süni yolla ət istehsal olunduğu ilə bağlı məlumat dolaşır. Bəzi ekspertlər kolbasa-sosis məhsullarının bitki mənşəli zülallardan, yağlardan əldə edilmiş süni ətlərdən istehsal edildiyini deyirlər. Hətta Azərbaycanda həmin məhsullardan geniş istifadə olunduğunu söyləyiblər.

Bəs görəsən, Azərbaycanda süni ətlərdən istifadə olunurmu?

Mövzu ilə bağlı Oxu.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda süni ət mövcud deyil:

“Azərbaycanda hələlik yoxdur. Amerika və Çində daha çox yayılıb. Belə ətlər xaricdən idxal olunur. Belə süni ətlərin insanlara zərərli təsirləri var. Qida Təhlükəsizliyi Agentliyi bu kimi məsələlərə nəzarət edir. Agentlik belə halları aşkar etsə, dərhal qadağa edər və ya əhaliyə xəbərdarlıq olunar”.

E.Hüseynov qeyd edib ki, xaricdən idxal olunan kolbasalar süni ətdən hazırlana bilər:

“Azərbaycanda süni ətdən istifadə olunmur. Xaricdən, xüsusən də Rusiya və Ukraynadan idxal olunan kolbasalarda bu fakt aşkarlana bilər, lakin təəssüflər olsun ki, istehlakçılar xaricdən idxal olunanlara üstünlük verirlər. Lakin yerli istehsal ekoloji cəhətdən daha təmizdir”.

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova qeyd edib ki, süni ət orqanizmdə çatışmazlıqlar yaradacaq:

“Bunu dünya praktikasında istifadə edirlər. Dünyada süni ət istehsalı başlayıb. Bu uzun sürən prosesdir. Ucuz başa da gəlmir. Bu səbəbdən kolbasa və digər qidalarda istifadə edilə bilməz. Bir neçə bitkidən zülal götürülür və kimyəvi maddələrdən də rəngləmək üçün istifadə edirlər. Bu, insan orqanizmə yaxşı təsir etməyəcək. Çünki ətdən aldığımız xüsusi vitaminlər var. Süni ətlərdə bunlar olmayacaq. Bu da orqanizmdə çatışmazlıq yaradacaq”.

M.Hüseynova əlavə edib ki, süni ət bir çox xəstəliklərin yaranmasına səbəb olacaq:

“Bədəndə maddələr mübadiləsi pozulur, şişkinlik yaranır. Həzm sistemi zədələnir. Bu qidalar qaraciyərdə toksinlərinin yığılmasına səbəb olur. Qaraciyər və digər daxili orqanlarda xəstəlik yaradır”.

Qida mütəxəssisi halal adı altında satılan bəzi kolbasaların və sosislərin keyfiyyətsiz çıxdığını bildirib:

“Ucuz olduğu üçün insanlar daha çox üz tuturlar. Həmin məhsullar xəstəliklərə daha çox səbəb olur. Onlar immun sistemini çökdürür. Bu gün satışda süni ət yoxdur”.

M.Hüseynova adi istehlakçının süni əti təbii ətdən seçə bilməyəcəyini söyləyib:

“Adi bir istehlakçının seçməyi çətindir. Köhnə ətləri bəzən təzə göstərmək üçün rəngləyirlər. Normal ətin köhnəsini belə fərqləndirə bilmirlər. Qalıb ki, sünini təbiidən ayırmaq. Yalnız peşəkarlar bunu edə bilərlər”.

0.025966882705688