Xəstəxanalardakı TƏHLÜKƏ: “Bu, xərçəng yarada bilər”

Xəstəxanalardakı TƏHLÜKƏ: “Bu, xərçəng yarada bilər”
 

Bir neçə gün öncə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən paytaxt xəstəxanalarında monitorinqlər keçirilib. Monitorinq çərçivəsində sözügedən qurum səlahiyyətləri çərçivəsində ölkədə nüvə və radioloji təhlükəsizliyin təmin olunması məqsədilə səhiyyə müəssisələrinə baxış keçirib. İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların mövcud olduğu tibb müəssisələrində nəzarət-yoxlama tədbirləri zamanı onların bir çoxunda icazəsiz fəaliyyət göstərən rentgen otaqları bağlanıb.

Respublikada və paytaxt ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin sayı kifayət qədər çoxdur. Bəs digər poliklinika və xəstəxanalarda radiasiya təhlükəsizliyi tələbləri normativlərə uyğun həyata keçirilibmi? Ümumiyyətlə, nöqsanlar aşkarlanan və rentgen müayinəsi göstərilən müəssisələrə müraciət edən pasiyentlər, eləcə də tibb personalının məruz qaldığı şüalanma onların sağlamlıqlarına nə kimi ziyan vurub? Bu şüaların fəsadları nələrdir?

Məsələ ilə bağlı deputat Rəşad Mahmudov Oxu.Az-a açıqlamasında bildirib ki, FHN ilə Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən keçirilən monitorinqlər çərçivəsində bir sıra tibb müəssisəsində rentgen müayinə kabinetlərinin standartlara cavab vermədiyi üçün bağlanması müsbət haldır:

“Normativ qaydalara uyğun olmayan rentgen otaqlarının mövcudluğu ionlaşdırıcı rentgen şüalarının ətrafa yayılmasına və insanlara mənfi təsir etməsinə zəmin yaradır. Bu kimi müəssisələrin qısa müddətdə aşkarlanması və potensial təhlükənin qarşısının alınması yaxşı haldır. Ümid edək ki, həmin müəssisələr yol verilən nöqsanları qısa müddətdə standartlara uyğunlaşdırıb, yenidən fəaliyyətə başlaya bilərlər.

Bu kimi nöqsanlar səbəbindən bu günə qədər, bəlkə də, ziyan görənlər arasında tibb işçilərini xüsusi vurğulamaq istəyirəm. Gündəlik hər hansı müayinə zamanı rentgen kabinetlərinə müraciət edən insanlar bir o qədər də təhlükə ilə üz-üzə qalmırlar. Çünki tibb müəssisələrindəki rentgen aparatlarının ətrafa yaydığı bir günlük şüa dozaları o qədər də güclü deyil. Amma gecə-gündüz eyni ortamda xidmət aparan tibb işçiləri bu şüaların ziyanlarına açıq şəkildə məruz qalırlar. Hətta onu deyim ki, miqdardan artıq rentgen şüaları xərçəng xəstəliyinin yaranmasının ən birinci səbəblərindən biridir və bu, sübuta ehtiyacı olmayan həqiqətdir”.

R.Mahmudov onu da qeyd edib ki, aidiyyəti qurumlar monitorinqləri davam etdirməlidir:

“Şüalarla bağlı zərər tək poliklinikalarda olan rentgen müayinəsinə deyil, həm də kompüter tomoqrafiyası, angioqrafiya, mammoqrafiya kimi müayinələrdə istifadə edilən cihazlarla işləyən şəxslərə də aiddir. Bu yerlərdə işləyənlər xüsusi qurğuşundan hazırlanan geyimlərdən istifadə edirlər. Həmin geyimlərin üzərində tibbi heyətin günlük, aylıq aldığı zərərli şüanın miqdarını ölçən cihaz isə mütləq olmalıdır. Həmin şüanın miqdarına görə müəyyən edilir ki, həmin tibb işçisi təhlükə səviyyəsini keçib, ya yox. Belə olan halda, dünya təcrübəsinə görə, o tibb işçilərinə əlavə məzuniyyətlər verilir, eləcə də həmin sektorlarda çalışan tibb işçiləri daha erkən yaşda təqaüdə çıxırlar.

Düşünürəm ki, bu monitorinqlər mütəmadi aparılmalıdır, aşkarlanan cihazların isə dərhal möhürlənməsi insanlığa yönələn bir addımdır. O ki qaldı həmin müəssisələrə müraciət edən şəxslərin həmin xidmətlərdən keçici bir müddət yararlana bilməməsinə, bu, əslində, onların xeyrinə atılan addımdır. Belə ki, tibb sənətinin tətbiqində birinci məqsəd zərər verməməkdir. Fayda vermək isə ondan sonra gəlir”.

0.033828973770142