Ölüm ruhların bayramıdır - İlahiyyatçı Hacı Şahinin əziz xatirəsinə...

Ölüm ruhların bayramıdır - İlahiyyatçı Hacı Şahinin əziz xatirəsinə...
 

GEDİŞİN GƏLİŞİNDİ...

Yazıçı-publisist Səadət Sultan yazır:

Müasir dünyada hər şey göz qırpımında dəyişir. Dünən bir zirvə hesab etdiyimiz, bu gün bizə adi görünür. Dünən göz-gözə, nəfəs-nəfəsə oturub söhbət etdiyimiz dostumuzu, yaxınımızı, məşhur şəxsiyyətləri itiririk. Müqəddəs Qurani-Kərim ilahiyyatla yanaşı, dini elmlərlə bərabər, dünyəvi elmlərdən, olacaqlardan dəqiq xəbər verir. Ümumdünya cazibə qanunundan tutmuş, insan embriologiyasının necə inkişaf etməsindək – hər şeydən – insan əxlaqında, təfəkküründə nə varsa, müqəddəs kitabda əksini tapmışdır. Hələ dərk edib bilmədiyimiz çox şey var. Bəlkə də elə buna görədir ki, kamil iman sahibi deyilik, alimlərin, filosofların, sosioloqların, din xadimlərinin kəşf edib söylədikləri bizə gec təsir edir və ya bizim kamil insan kimi formalaşmağımız ləngiyir...

Məşhur ilahiyyatçı Hacı Şahin Həsənlinin bu dünyadan axirət dünyasına hicrət etməsi də beləcə, birdən-birə oldu. Heç kəsin ağlına gəlməzdi onun bizi tərk edib ruhani dünyaya qədəm basması. Xoş onun halına ki, bizləri düz yola çəkə-çəkə getdi. O, bilirdi ki, tərəqqinin sonu tənəzzüldür. O başa düşürdü ki, texnologiyalar əsri insanları öz ardınca sürüyür, onların məntiqli möizələrə, bilmədiklərini bilməyə, müqəddəs Qurani-kərimin təlimlərinə ehtiyac var. Onlara həqiqi düz yolu, düz əməli, insanlığın fəlsəfəsini başa salan azdır. O, yorulmadan bildiklərini bilmək istəyənlərə deyirdi ki, ondan soruşmasınlar: “Nə üçün nadanları başa salıb dinə-imana dəvət etməmisən?..”

Hacı Şahin bu missiyanı yerinə yetirmək istəyənlərdən idi. Görəsən belə davamçıları olacaqmı?

Hacı Şahinin xanımı Aytən Həsənzadə deyir: “O, həmişə deyirdi ki, dindən qabaq həyatı öyrənmək lazımdır! Çünki əsrlər boyunca insanlar cəhalət içrə yaşamışlar. Dini qanunlar onları bu cəhalətin, nadanlığın cəngindən qurtarmaq üçün bizə göndərilmişdi. O, Allahın kəlamını hamının başa düşdüyü kimi yaxamıza düzürdü, kəlamlarının heç birinin dəlilə, sübuta ehtiyacı yox idi...

İlahiyyatçı alim, natiq, müəllim, insanlara insanlığı, mərhəməti, alicənablığı, səmimiyyəti sevdirməyi bacarırdı. Yalnış dəyərlər sistemini işıqlı təfəkkür  təsnifindən keçirməyi bacaran ilahiyyatçı xalqın sevgisini qazanmışdı. Bu fikrə niyə gəldik?

“Azərbaycan” nəşriyyatında olarkən birdən böyük izdihamın ağı, mərsiyə, nohə deyə-deyə keçib Yasamal məzarlığına doğru getdiyini gördük. Izdihamın hərəkəti çox çəkdi. Minlərlə adam getməyə tələsirdi. Onlar sənə borclarını vermək üçün tələsirdilər.

Belə gur izdihamı, həyatını dəyişənə ehtiramı az görmüşəm. Bu xalqın sevdiyi övladına sevgisinin bariz nümunəsi idi.

Haci Şahin möizələrində vətənə məhəbbət, torpağı, yurdu qorumağa sevgi, düşmənə biət etməmək, İmam Hüseynin müqəddəs şəhadəti, amalı mühüm yer tuturdu.

Yer üzündə qeyrət, cəsurluq, əyilməzlik, haqq-ədalət timsalı olan İmam Hüseyn (ə) ağanın əllərindən tutdu ki, ürəyi əbədi gülsün.

Bizim üçün Hacı Şahinin cismani ölümü son dayanacaq, onun üçün isə layiq olduğu mühitə yaxınlaşmaq idi. O, ölmədi, sadəcə mənəvi dinclik dövrünə qədəm basdı.

Hacının illərdir  möizələrində danışdığı “Kərbəla şəhidlərinin qanı qətrə-qətrə insanların gözlərinin dibinə axır!” Qarabağ şəhidləri onun anlamında ölməyib, onlar vətən torpağına qovuşublar. Onların qanı azad olmuş torpağa qovuşub, çiçək açır.

Ölüm ruhların bayramıdır,

Xoş gəldin ruhlar aləminə, Hacı!

"Paralel.az"

 

0.02065896987915