"Bütün insanlar azad, hüquq və
ləyaqətlərinə görə bərabər doğulurlar"

 

Ölkəmizdə heç bir millət, milli və ya dini azlığın nümayəndələri ayrı-seçkiliyə məruz qalmır

 Dünyada mövcüd olan dövlətlər, onların strukturları, idarəçilik formaları fərqli olduğu kimi, insan qrupları arasındakı fərqlər də müxtəlifdir və biri-birindən seçilir.

Eyni zamanda, o da danılmaz faktdır ki, bütün bu fərqliliklərə baxmayaraq, onların arasında müəyyən oxşarlıqlar da var. Bu oxşarlıqlar insanlara müəyyən cəmiyyətlərdə birləşmə imkanı verir. Hər bir insanın başqalarından istedadı, dini etiqadı, maraqları, nöqteyi-nəzəri, nəyəsə üstünlük vermək və s. ilə fərqlənmək hüququ var. Bu hüquq bütün insanları bərabər edir. Bizə hələ tarixdən bəlli olan "Hüquq bərabərliyi" və "ayrı- seçkilik" anlayışları da buradan qaynaqlanır. Bu da məlumdur ki, insanlar əsirlər boyu bərabərlik uğrunda mübarizə aparıblar və ayrı-seçkiliyin bütün formalarına qarşı çıxıblar. Bununla belə, müxtəlif tarixi dövrlərdə insanlar arasında sosial mənşəyinə, irqinə, cinsinə, milli və dini mənsubiyyətinə görə  çox, böyük fərqlər qoyulub. Hətta, dünyanın ən demokratik ölkəsi olan ABŞ-da belə, irqi ayrı-seçkilik uzun müddət mövcud olub, cəmiyyətin mütərəqqi qüvvələri tərəfindən aparılan uzunmüddətli mübarizə nəticəsində bu ayrı-seçkiliyə son qoyulub.

Bunu da qeyd etmək lazımdır ki, II dünya müharibəsindən sonra "hüquq bərabərliyi" və "ayrı-seçkilik" anlayışları yeni mahiyyət kəsb edib və beynəlxalq ictimaiyyət bu məsələlərə daha həssas yanaşmağa başlayıb.

İnsan hüquqları haqqında Ümumi Bəyannamənin birinci maddəsində deyilir ki, bütün insanlar azad, hüquq və ləyaqətlərinə görə bərabər doğulurlar. Onlar idrak və vicdana malikdirlər. Ona görə də bir-biri ilə qardaşlıqlı anlaşma ruhunda davranmalıdırlar. Çünki hüquq bərabərliyinin insan hüquqlarının ali prinsipinə çevrilməsi obyektiv zərurətdən meydana gəlib. Məhz bu prinsiplərə əməl olunmaması, hüquq və azadlıqların pozulmasına səbəb olub.

Buna görə də, bütün dünyada ayrı-seçkiliyin bütün formaları insan hüquqlarının pozulması kimi qəbul olunur. İnsan hüquqları haqda Ümumi Bəyannamənin ikinci maddəsində deyilir: "İnsanlar irqinə, dərisinin rənginə, cinsinə, dininə, siyasi və digər əqidəsinə, milli, yaxud sosial mənşəyinə, mülki, silki, yaxud başqa vəziyyətinə görə heç bir fərq qoyulmadan hüquqlara və azadlıqlara malik olmalıdırlar". Bu prinsipi əsas tutan Azərbaycan Respublikası dövləti özünün Konstitusiyasında irqindən, milliyyətindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Eyni zamanda dövlətimiz hər cür ayrı-seçkiliyə görə məhdudlaşdırmaları qadağan edir.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunub ki, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqlara malikdir. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinə görə isə Azərbaycan Respublikasının vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq, hamı üçün bərabərdir. Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir.

Bununla belə, Azərbaycan Respublikasında heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə və ya onlardan olan qrupa milli xüsusiyyətlərinə və ya dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq, çox fəal təəssübkeşlik göstərmək, hətta, bu ideyaların həyata keçirilməsində fiziki təzyiqlərdən istifadə edilməsi qanunla məhdudlaşdırılır, bu sahədə sui-istifadə hallarına yol verən şəxs və ya qrup cinayət məsuliyyətinə cəlb edilməklə müvafiq qanunlar çərçivəsində cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin "Təqib" adlı 109-cu maddəsinə görə, "Siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi, və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə, bəşəriyyət əleyhinə digər cinayətlərlə əlaqədar olduqda - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Azərbaycan Respublikasında dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində də, müstəqillik əldə edildikdən keçən son illər ərzində dövlət çox mühüm və ciddi addımlar atıb. 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilib və zaman keçdikcə şəraitə uyğun olaraq, həmin qanuna müvafiq düzəlişlər edilib. Bu qanuna görə, Azərbaycan Respublikasında vətəndaş hüququna malik olan "Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir".

Bu qanunla yanaşı Azərbaycan Respublikası dövləti dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra islahatların həyata keçirilməsini məqsədəuyğun hesab edərək, ümummilli lider Heydər Əliyev 21 iyun 2001-ci il tarixli 512 saylı Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasını təsdiq etdi. Həmin fərmanla müəyyən edildi ki, yeni yaranan Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini durumda gərginlik yaranmaması, dini ayrı-seçkilik meyllərinin milli münasibətlər səviyyəsinin yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meylli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınması, ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti təşkil edir və bu yolda hər cür neqativ halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Həmin dövürdə belə bir qurumun yaradılması tarixi zərurətdən irəli gəlirdi. Çünki tarixin bütün mərhələlərində Azərbaycan dövləti ölkənin multietnik və çoxkonfessiyalılığını qorumağa çalışıb və heç zaman etnik və dini azlıqların nümayəndələrini assimilyasiya etmək məqsədini qarşısında qoymayıb. Əksinə, Azərbaycan dövləti hər zaman onların hüquqlarının qorunması istiqamətində mühüm addımlar atıb. Məsələn, Azərbaycan Demokratik Cümhuriyyətinin İstiqlal Bəyannaməsində etnik, dini, gender mənsubiyyətindən, sosial vəziyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının siyasi hüquqlarının qorunmasının vacibliyi xüsusi qeyd olunub. Azərbaycan Demokratik Cümhuriyyətinin bu maddəyə əməl etməsinin bariz nümunəsi kimi, hökumətin tərkibində nazir, parlamentin tərkibində deputat kimi müxtəlif xalqların nümayəndələrinin olmasını güstərə bilərik. Eyni zamanda, Azərbaycan Demokratik Cümhuriyyətinin "Etnik azlıqların ana dilində təhsil almaq hüquqları" qanununda etnik azlıqlara ana dilində təhsil almaq hüququnu verməsi də, təqdirəlayiq haldır.

18 oktyabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması, və daha sonra ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətinin əsasını qoydu. Beləliklə də, ümummilli lider Heydər Əliyev multikulturalizmin hüquqi və siyasi müstəvidə yerini müəyyən etdi və Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçərək öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.

Heç şübhəsiz ki, müasir dövrdə Azərbaycan Respublikasının dünyanın ən tolerant ölkələrindən birinə çevilməsində dövlətin rolu tək hüquqi- normativ sənədlərin qəbul olunması ilə məhdudlaşmır. Bu istiqamətdə dövlət digər mühüm işlər də görür. Belə işlər sırasında milli azlıqların siyasi hakimiyyətin bütün qollarında təmsil olunmalarını, yüksək vəzifə tutmalarını, onların ana dillərində məktəblərin fəaliyyət göstərməsini, qəzet və jurnalların nəşr olunmasını, radio verilişlərinin təşkil olunmasını və s. göstərmək olar.

Dövlətin ölkədə multikultural mühitin yaradılmasında rolunu qiymətləndirdikdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərmanlarla yaradılan Millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətini, Bilik Fondunu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini göstərmək olar.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.91585993766785