Adın gəzir dodaqlarda...

Adın gəzir dodaqlarda...
 

Bu, bizim şəhərimizdir

 Bakı haqqında deyilib bu misralar. Həmin şeirin müəllifinin təsvir etdiyi Bakı bizə həm uzaqdır, həm də yaxın. Elə seirdə deyildiyi kimi, şöhrəti var hər diyarda Bakının. Beynəlxalq yarışlarda bayrağımızın zaman-zaman dalğalanmasından kim fəxr duymur ki?! Həmin idman qəhrəmanlarını göstərib "O, azərbaycanlıdır", deməkdən qürurverici nə ola bilər?!

Dünyanı gəzən musiqilərimizin avazında var azərbaycançılıq. Onların hər bir notu doğma ürəklərin ritmindən yoğrulub. Musiqi qədər insanları riqqətə gətirən, ürəklərə təsir edən, onları bir-birinə yaxınlaşdıran nə ola bilər?

Etiraf edək, musiqi festivallarının, beynəlxalq yarışların bütün mərhələlərində əcnəbilər içində gözlərimiz öncə öz soydaşımızı axtarır. Tanışımız, dostumuz, qohumumuz deyil, amma bircə adı var - "Bizimkidir, azərbaycanlıdır!".

Dünya elminə imza atanların sırasında azərbaycanlının adını görmək kifayətdir ki, yerindəcə qürur duyaq. Onun elmi nailiyyətinə, kəşfinə, hətta sınaq təcrübələrinə belə heyran qalaq. Onu tanımasaq da, tanıyırcasına göstərib: "O bizdəndir, azərbaycanlıdır!", deyək.

Qalaktikaya adı verilən soydaşımız, uzaq ölkələrdə adına küçələr olan, abidə qoyulan istənilən azərbaycanlı bizə hamıdan yaxın, doğmadır. Onun uğurunu öz uğrumuz hesab edirik, çünki həmin soydaşımızı yaxşı mənada çoxdan "özəlləşdirmişik". Azərbaycanlı olduğuna görə.

Keçmişdən bugünə, hər sahədə adını fəxrlə çəkdiyimiz şəxsiyyətlər də, müsbət göstəricilərimiz də kifayət qədərdir. Bu sarıdan taleyimiz üzümüzə gülüb. Keçmişi olmayan, yaxud olub da, tarixin arxivinə yuvarlananlardan deyilik. Nə yaxşı ki. Bu mükafatı da elə tarixdə payı olanlarımızın adına yazaq.

Həmin insanların dün-yada tanınmasında bizim də rolumuz olmalıdır. Cəmiyyət olaraq mənfi hallara qarşı barışmaz mövqeyimizlə, fəxr etdiyimiz soydaşlarımızın müsbət sırasını artırmalıyıq. Bu mənada, hər birimizin görəcəyimiz işlər var. Kimsə də bu ictimai vəzifədən kənarda deyil. Kəskin desək, kimsə də cəmiyyətin rifahına olan bu vəzifədən yaxasını kənara çəkə bilməz.

Keçək mətləbə. Kim istəyər ölkəmizə gələn əcnəbi qonaq, zibil qutusuna atılmaq yerinə küçələrə səpələnmiş tullantıları görsün? Binaların yan-yörəsinə qoyulan zibil qutulardan daşan tullantıların vaxtında daşınmadığına təəccüblənsin?  Paytaxtın estetik görünüşüylə parodoks olan bu mənzərəni yaddaşında saxlayıb məişət mədəniyyətimiz barədə şübhəyə düşsün? Boş qutular olduğu halda, zir-zibilin təyinatı yerinə deyil, qutuların ətrafına atılmasını kim qəbul edə bilər? Həmin qonağa incə, mədəni mətləblərdən  sonradan nə qədər söz açsaq da, yadda qalan "çöp qutu"larının üfunətli mənzərələri olacaq. Məgər bizə bu lazımdır?

Zibil təkcə qutuların ətrafına atılsaydı, dərd yarıydı. Küçələrdə ayağa dolaşan, küləkli havalarda göydə uçuşan tullantıları hamımız görürük. Yol gedəndə başımıza düşür, ayağımıza dolaşır cırılmış sellofan torbalar. Hər birimizin rastına çıxır söndürülmədən atılan, közərərək yanğın təhlükəsi yaradan siqaretlər. Pis vərdişlərin ən qəbuledilməzi isə, oxuculardan üzr istəyirəm, adamların küçəyə tüpürməsidir. Adamların xəstə və sağlam olmasından asılı olmayaraq, piyada səkilərinə, metro keçidlərinə asanlıqla atdığı ağız-burun seliklərinin iyrənc görüntüsünə açığı, dözmək olmur.     

Yadıma düşən və düş-məyən belə xoşagəlməz mənzərələrə kim sakitcə baxa bilər?  Kimə xoşdur küçələrdə addımbaşı rast gəlinən siqaret kötükləri, boş pivə, su butulkaları? Hələ istifadə olunmuş uşaq bezlərinin birbaşa küçəyə tolazlanmasının insanda hansı assosiasiya yaratdığından danışmıram. Şübhə etmirəm,  paytaxt sakinlərimiz sadaladıqlarımın heç olmasa biriylə  rastlaşmasın...

Bu, bizim şəhərimizdir. Adına dastanlar qoşulan, seilrlər-poemalar, romanlar  yazılan Bakı. Elə arzulayıram ki, "Küləklər şəhəri"nin xəzrisi, gilavarı pis vərdişlərimizi bizdən birdəfəlik qoparıb aparsın. Elə uzaqlara ki, ordan geri dönüş olmasın. Əvəzində isə uzaqlardan, elə yaxınlardan,  həmişə xoş səsimiz, avazımız gəlsin. Fəxr etdiyimiz dəyərlərə hərə öz töhfəsini verirsə, bizim də bacardığımız ictimai vəzifələr və ona nəzarət olsun. Olsunmu?

Nigar  

0.018841981887817