Abırsız diplomatiya: Lavrov getdi, suallar qaldı

Abırsız diplomatiya: Lavrov getdi, suallar qaldı
 
 
Qəzənfər Həmidoğlu: 
Lavrov Bakıdan getdikdən bir gün sonra Qarabağda yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs, Milli Məclisin deputatı Ramin Məmmədov yerli ermənilərin təmsilçiləri ilə Xocalıda görüşdü.

Yeni formatda keçirilən ilk görüş zamanı, ilkin məlumata görə, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Təmaslar davam etdiriləcək və istisna edilmir ki, növbəti müzakirələr Bakıda, Gəncədə və yaxud Ağdamda baş tuta bilər.

Qarşı tərəf infrastruktur və humanitar xarakterli təmasların davam edəcəyini desə də, Arayik Harutyunyan görüşdən sonra bildirdi ki, Azərbaycanla hər hansı inteqrasiya istisna olunur.

Görüşün Rusiya “sülhməramlı” kontingentinin (RSK) Xocalıdakı qərargahında baş tutması bir çox ekspertdə belə qənaət yaratdı ki, Ermənistan-Azərbaycan danışıqlarına patronajlıqda Qərblə rəqabətə girən və Brüssel formatına qarşı kontarqumentləri tükənən Moskva indi Bakı ilə Qarabağın erməni icması arasındakı təmaslarda vasitəçilik təşəbbüsü göstərir, təzə “danışıqlar formatı” yaradır. Kreml təbliğatı bunu Lavrovun səfərinin “bəhrəsi” kimi təqdim edə bilər, lakin Azərbaycana erməni vətəndaşları ilə təmaslarda vasitəçi lazımdırmı, özü də həmin vasitəçi başqa oyun oynayırsa, situativ birgə hərəkət fonunda Azərbaycanın maraqlarına zidd planları varsa?

Hər bir halda Xocalıdakı görüş yeni təşəbbüsdür, Qarabağ erməniləri ilə təmaslarda prosesə başlamaq üçün hansısa formatda ilk addım atılmalı idi. Səbr edib sonrasını gözləmək lazımdır. Maraqlıdır, növbəti görüş Ağdamda olarsa, RSK ortalıqda görünəcəkmi?..
Həftəboyu “Lavrov niyə gəlir”, “Moskva Bakıdan nə istəyir”, “Rusiya Azərbaycana nə təklif edəcək” və s. bu tip suallara cavab axtarıldı. Lavrov gəldi və getdi, suallarsa qaldı.

Diqqətlər buna yönəldildi ki, Rusiya Laçın - Xankəndi yoluna nəzarət-buraxlış məntəqəsi (NBM) qoymaq təklifinə razı deyil. Maraqlıdır, Laçın dəhlizi ilə bağlı sualı Lavrova Bayramovla keçirdiyi brifinqin sonuna yaxın Rusiyanın NEWS.ru portalının müxbiri verdi. Rus diplomatiyasının şefi üçtərəfli 10 noyabr bəyanatında NBM-nin nəzərdə tutulmadığını, bu mövzuya azərbaycanlı həmkarı ilə müzakirələrdə toxunulduğunu bildirdi: “Dəhlizin faktiki olaraq təyinatı üzrə istifadə edilməsinə dair şübhələri texniki vasitələrlə aradan qaldırmaq mümkündür”.

Üçtərəfli razılaşma NBM-i qadağan da etmir və Azərbaycan üçün 2025-ci ilədək dövrdə “dəhlizdə post” vacib faktor, postsavaş dönəmində hərbi-syasi və diplomatik gedişlərin vacib elementidir.

Laçın-Xankəndi yolunda NBM faktiki olaraq RSK-nin Qarabağda nəfəsinin kəsilməsidir ki, bundan sonra qalır rusların şələ-külələrini götürüb Azərbaycandan getmələri. Bu, həm də Rusiyanın Cənubi Qafqazda oyundankənar qalması prosesinə start verilməsi deməkdir. Rusiya isə dirənir, Cənubi Qafqazdan daha bərk yapışır. Bu baxımdan NBM ilə bağlı Rusiyanın dəyişməz mövqeyi Lavrov Bakıya ayaq basmadan aydın idi.
Təbii ki, Lavrovun Bakıya səfəri ötən il fevralın 22-də imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin ildönümü qeyd etməklə bağlı “yubiley ziyarəti” və ya sanksiyalar üzündən “gəzinti qrafiki” daralan rusiyalı nazirin Afrikaya səfərlərdən bezməsi, yaxud sadəcə Rusiyanın “müttəfiqlərinin olduğunu nümayiş etdirmək” istəyi ilə bağlı deyildi. Rusiya bu səfərə ciddi hazırlaşmışdı. Sirr deyil ki, Moskva Bakını öz orbitinə daha sıx bağlamaq üçün dəridən-qabıqdan çıxır, planlar-layihələr quraşdırır. Lavrovun səfəri ərəfəsində Bakıda əcaib bir tədbir baş tutmuşdu.
 
Fevralın 21-də Hilton otelində Rusiyanın Azərbaycandakı səfirliyinin, Avrasiya Ekspert və Analitika Mərkəzinin, İqtisadiyyat, İdarəetmə və Biznes İnstitutunun təşkilatçılığı, Rusiyanın ölkəmizdəki Ticarət nümayəndəliyinin dəstəyi və haqqin.az portalının informasiya sponsorluğu ilə "Azərbaycan - Avrasiyada inteqrasiya təşəbbüslərinin kəsişdiyi məkan" adlı beynəlxalq dəyirmi masa keçirilmişdi. Avrasiya iqtisadi inteqrasiyasının dərinləşdirilməsi və Azərbaycanın bu prosesdə iştirak perspektivləri mövzusunda keçirilən dəyirmi masada iştirak edirdilər:
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov,
Rusiya baş nazirinin müavini Aleksey Overçukun Katibliyinin rəhbərinin müavini Fyodor Çernitsın,
Avrasiya İqtisadi Komissiyasının şöbə müdiri Dmitri Yejov,
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov,
Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev,
Çinin Azərbaycandakı səfirliyinin müşaviri Ma Çi,
Özbəkistan, Belarus və Tacikistan səfirliklərinin təmsilçiləri,
deputatlar Elşad Mirbəşir və Fazil Mustafa,
İqtisadiyyat, İdarəetmə və Biznes İnstitutunun direktoru, Avrasiya Ekspert və Analitik Mərkəzinin rəhbəri, Odlar Yurdu Universitetinin professoru Elşad Məmmədov,
Və nəhayət, Türkiyənin Vətən Partiyasının maoçu-putinçi-avrasiyaçı sədri Doğu Perinçek.

Tədbirdə Rusiyanın başını çəkdiyi Avrasiya İqtisadi İttifaqı (Aİİ) təbliğ edilir, Avrasiya inteqrasiya prosesinin, Rusiya ilə sıx iqtisadi əməkdaşlığın Azərbaycan üçün vacibliyi vurğulanırdı. Türkiyə səfirliyi təmsilçilərinin qatılmadığı, Azərbaycan hökuməti rəsmilərinin görünmədiyi dəyirmi masada inandırmağa çalışırdılar ki, Türkiyə, Azərbaycan və eləcə də Türk Dövlətləri Təşkilatının gələcəyi Avrasiya inteqrasiyasının Putin modeli – Aİİ ilə bağlıdır. Dəyirmi masadan sonra haqqın.az “Azərbaycan və “Putin ittifaqı”. Hər şey bu il müəyyənləşəcək” adlı “konseptual-aktual” məqalə dərc etmişdi. Tədbir barədə yazılar Azərbaycanın yalnız rusdilli mediasında getdi, Azərbaycandilli qəzetlər və saytlar bu boyda tədbirdən bir kəlmə belə yazmadı və ya xəbər tutmadılar.

Rusiya Azərbaycana Aİİ üzvlüyü ilə bağlı illərlədir mesaj göndərməkdən əl çəkmir, bəzən təzyiqə keçir. Lavrov dəfələrlə “Azərbaycanı Aİİ-də görməkdən şad olardıq” deyib. Şübhə etməyə dəyməz ki, RF XİN başçısı Aİİ söhbətini bir daha Bakıda yada salıb.

Azərbaycan rəhbərliyi Aİİ-yə üzvlüyü istisna etmədiyini desə də, hər dəfə Bakının gündəliyində bu məslənin olmadığını deməklə Rusiyanı başından edib. Aİİ iqtisadi baxımdan qeyri-effektiv və perspektivsiz blokdur. Adında iqtisadi sözü olsa da, gerçəklikdə Rusiya onu siyasi ittifaq kimi idarə edir. Aİİ-yə qoşulmaq bir tərəfdən qlobal iqtisadi inteqrasiya üçün əngəl yaradır, digər tərəfdən nəyinsə xətrinə suveren haqlarının bir qismini “Putinin ittifaqı”na həvalə etmək təhlükəlidir - Azərbaycan hakimiyyəti adətən belə bloklardan yan qaçır.

Azərbaycan situativ olaraq Rusiya ilə oyuna girə, Qarabağdakı RSK faktoru onu istəmədiyi manevrlərə sövq etdirə bilər, lakin Rusiyanın Ukrayna bataqlığında çapaladığı, hərbi-siyasi cəhətdən zəiflədiyi və iqtisadiyyatının Qərbin sanksiyaları altında əzildiyi bir vaxtda Aİİ-ni təbliğ etmək və ya ora dəvət etmək cəhənnəmə gedənin özünə yoldaş axtarması, qarşısındakını abdal sayması deməkdir ki, bu da ən azı diplomatik ədəbsizlik və abırsız siyasətdir.

Bəzi ekspertlər istisna etmirlər ki, Lavrov səfəri zamanı Bakını onunla aşkar düşmənçilik edən Tehranla barışdırmağa cəhd edib. Moskvanın regiondakı lojistik və kommunikasiya maraqları Azərbaycanla İranın “mehriban düşmənlər” olmasını tələb edir ki, istəyəndə aranı qatıb onları küsdürsün, istəyəndə barışdırsın. Bu da abırsız diplomatiyadır.

İran və Rusiya öz ətrafının bəlasıdır. Hər ikisi hikkəli psixopat kimidir - düşmən icad edirlər, müttəfiqi isə vassal sayırlar... 
Paralel.az
0.018460035324097