Lavrov Bakıya niyə gəldi? - II yazı
Siracəddin Hacı:
- Birinci məqalədə yazdım ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Paşinyan bəlli fasilədən sonra Münhendə ilk dəfə Blinkenin vasitəçiliyi ilə görüşdülər, Brüssel danışıqlarının bərpası üçün imkan formalaşdı, hazırlıqlar başladı, Rusiya Güney Qafqazda alternativsiz deyil mesajı verildi, Putin narahat oldu, Avropa həddini aşır, Avropa İttifaqının Ermənistana müşahidəçilər göndərməsinin hüquqi əsası yoxdur, bu addım Rusiyanın mənafelərinə ziddir dedi, Lavrov Bakıya gəldi, biz buradayıq – Güney Qafqazdayıq, bölgə bizimdir, onun uğrunda mübarizə aparacağıq söyləmiş oldu – Rusiyanın əsas hədəfi Brüssel danışıqlarının bərpasına imkan verməmək, Güney Qafqazda ağalığını davam etdirməkdir;
Rusiyanın nəzarəti tam ələ keçirdiyi Xankəndi ilə bağlı strateji hədəfi budur: o, Güney Qafqazda zəiflədikcə Xankəndində mövqelərini gücləndirməyə çalışır, çalışacaq, Xankəndi vasitəsilə Azərbaycana, Ermənistana, bu yolla da Güney Qafqaza nəzarət etmək istəyir. Bu gün deyir ki, Xankəndinin statusunu təxirə salaq, əsl niyyəti isə Xankəndinə formal olaraq Azərbaycanın tərkibində yüksək status verilməsini, bu statusun hüquqi və hərbi təminatçısının Rusiyanın olmasını əldə etməkdir. O, Xankəndi Rusiyaya birləşdirilməlidir variantını da ehtiyatda saxlayır, Azərbaycana deyir ki, status verməsən, bu ikinci variant işə düşəcək. Elə bu məqsədlə də Qarabağdakı işğalçı rus ordusunun bölgədə qalma müddətini uzatmaq, ona hərbi baza statusu vermək üçün Azərbaycana təzyiq göstərir, bu təzyiqi artıracaq – Rusiya üçün Xankəndinin əldən getməsi Güney Qafqazın itirilməsi anlamını daşıyır;
Rusiya Brüssel danışıqlarını pozmaq üçün Ruben Vardanyanın istefasını Azərbaycana güzəşt kimi satır, deyir ki, Ruben getdi, Brüssel də getsin, mən sən dediyini etdim, sən də mənim dediyimi et;
Rusiyanın Brüssel danışıqlarının bərpasına imkan verməmək üçün Azərbaycana ikinci “güzəşt”i budur: Azərbaycana deyir ki, Rusiyanın vasitəçiliyi ilə Qarabağ ermənilərinin təmsilçiləri ilə görüş, ilk görüş keçirildi, Xocalıda – rus hərbçilərinin qərargahında oldu, Rusiya görüşün məhz onun vasitəçiliyi ilə keçirilməsini istəyir, yeni format təklif edir, məqsədi odur ki, Qarabağ erməniləri bir tərəf kimi tanınsın – vasitəçi varsa, tərəflər də var;
Rusiyanın Brüssel danışıqlarını pozmaq üçün Azərbaycana üçüncü “güzəşt”i budur: öncə deyir ki, Laçın koridorunun statusunda heç bir dəyişiklik olmayacaq, Azərbaycanın bu koridorda buraxılış məntəqələri qurmaq haqqı yoxdur – bu tələb üçtərəfli bəyanata ziddir. Rusiya Azərbaycanın bu tələbi ilə niyə razılaşmır? Səbəbləri sıralayaq:
a) Azərbaycanın Laçın koridorunda buraxılış məntəqəsi qurmasına izin vermək Rusiyanın bölgədəki mövqeyini zəiflədir, o, şərik istəmir – Azərbaycan elə günə düşdü ki, öz ərazisində sərhəd buraxılış məntəqəsi qurmaq üçün Rusiyadan icazə istəyir;
b) Azərbaycan Laçın koridorunda buraxılış məntəqəsi qursa, bu, Xankəndində Rusiyaya qarşı etinasızlıq yaradar;
c) Azərbaycana bu imkanın verilməsi Ermənistanı Rusiyadan daha da uzaqlaşdırar;
d) Rusiya Xankəndinə nələrin daşındığını Azərbaycanın bilməsini istəmir – o, əlindən gələn hər şeyi edəcək ki, Xankəndi güclənsin, Azərbaycana qarşı müqavimət gücü artsın. Bu məsələdə Rusiyanın Azərbaycana “güzəşt”i budur ki, Laçın koridorunda texniki imkanlar artırıla bilər, Azərbaycanın koridora uzaqdan müşahidə imkanı olar, əsas nəzarət isə Rusiyaya aiddir. Qeyd edim ki, azərbaycanlı fəalların etirazı davam edir, bu, Rusiya ilə Azərbaycan arasında razılaşmanın əldə olunmadığını göstərir;
Rusiyanın Azərbaycana bir “güzəşt”i də var: Qarabağdakı mədənlərə baxış keçirə bilərsən, təbii ki, bu ancaq baxış olacaq, Azərbaycanın bölgəyə nəzarət etməsi anlamını daşımayacaq, bölgənin ağası Rusiyadır;
Rusiyanın Brüssel danışıqlarının bərpasına imkan verməmək üçün bir mesajı da var: Azərbaycanla Ermənistan arasındakı sərhədlərin müəyyən olunması, Naxçıvana yolun açılması ancaq və ancaq Rusiyanın vasitəçiliyi ilə ola bilər;
Rusiyanın bir “güzəşt”i də var: deyir ki, Moskvada Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər keçirəcəyik;
Rusiyanın bir “güzəşt”i də var: Lavrovun Bakıda olduğu dövrdə Rusiya, Türkiyə, Azərbaycan kommunistlərinin Avrasiya İttifaqının önəmi ilə bağlı iclası keçirildi, mesajları budur ki, Azərbaycanın yeri Avropa deyil, Rusiyadır – Avrasiya İttifaqı Rusiyanın bu məkanda ağalığını təmin etmək üçün ortaya atılmışdır;
Ayı bir armudu əldə etmək üçün min oyun qurar, Rusiyanın da bir hədəfi əldə etmək üçün min oyunu var, o da Güney Qafqazda ağalığını davam etdirmək, bu məqsədlə Brüssel danışıqlarının bərpasına imkan verməməkdir, Brüssel gəlsə, Moskva gedəcək;
Nəticə bunlardır:
1) işğalçı rus ordusunun Azərbaycana gətirilməsi strateji baxımdan yanlış addımdır, Azərbaycanın suveren hüquqlarının məhdudlaşdırılmasıdır, Xankəndinin nəzarətinin Rusiyaya verilməsidir – Azərbaycan bu yanlışı ortadan qaldırmaq üçün ağır bədəllər ödəyəcək;
2) üçtərəfli bəyanat Azərbaycanın mənafeyinə ziddir – Rusiya, Ermənistan, Xankəndi bu bəyanatdan istifadə edir;
3) Rusiya Güney Qafqazdan çıxmasa, Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunmayacaq – Güney Qafqazın Rusiyanın əsarətindən xilas olması QAFQAZ EVİNİN qurulmasına bağlıdır, heç bir Respublikanın ayrılıqda qurtuluşu yoxdur;
4) Azərbaycan israrla Brüssel danışıqlarını davam etdirməlidir;
5) Azərbaycan hakimiyyəti azadlığa, ədalətə, rifaha bağlı milli birliyin yolunu açmalıdır;
6) Azərbaycan ordusu gücləndirilməlidir;
7) Azərbaycan Türkiyə ilə birgə hərəkət etməli, müttəfiqlərinin sayını artırmalıdır;
Paralel.az