Cəfəngistan - əhvali-şərifimiz
Qəzənfər Həmidoğlu:
Sədi Şirazi hesab edirdi ki, cahillik problem deyil, problem cahilin özünü alim saymasındadır. Müasir cahillik daha qəliz bəladır, çoxqatlı və çoxcəhətlidir.
Klassik cahil natural qafil və ya bisavaddır, bu anlamda onun özünü alim sayması normaldır. Sonradan cahilliyin təkamülü absurdistanlarda - çağdaş cəhalətlərdə mutasiyaya uğradı: neocühəla və ya cahil-aferist növü peyda oldu. Bu cahil tipi özünü alim saymır, bilir ki, elmi yoxdur, amma bu onun özünü alim kimi təqdim etməsinə əngəl olmur.
Ən pisi odur ki, bu dəfə cəmiyyət cahili alim sayır və ya bu zati-nakəs millətə belə sırınır, hərçənd kimsə xəbərsiz deyil ki, bu alimi-biəməl iki eşşəyin arpasını bölə bilmir. Amma bunun mətləbə, millətə və siyasətə dəxli yoxdur.
Aferist-cühəla milli-mənəvi və ictimai-siyasi dəyərlərlə manipulyasiya ustasıdır. Yetərli intellekti var, bir-iki universitetdən diplom alıb, 5-6 kitab yazıb, adam doktordur, amma içində troll oturub.
Neocahil primitiv dezinformator, qeyri-etik siyasi rəqabətin media və sosial şəbəkələrdə terminatoru, düşmən obrazı rəssamı, ifritə ovçusu, yetdiyinə yetən, yetmədiyinə səlbə atandır.
Klassik cahil bir tərəfdən, neocühəla o biri tərəfdən Azərbaycanın psixosferini içdən didir. Bunun çox fəsadı var və biri də rusun 5-ci kolonunun, İran agenturasının - potensial kollaborantların hər yerə daraşdığı, hər hücrəyə lövbər atdığı bir zamanda Azərbaycanı qlobal informasiya savaşında zəif salmasıdır.
Cahil-aferist karyeristdir, amma pulu və pul verəni daha çox sevər. Düzdür, pulu kim sevməz ki?! Amma bunlar bu işdə bir qədər ən qədim peşənin sahiblərinə bənzəyirlər. Pula görə sevərlər, çox pula görə daha çox sevərlər.
Paralel.az