Kremldə taxt oyunları: Don-donun qiyamı

Kremldə taxt oyunları: Don-donun qiyamı
 
 
Qəzənfər Həmidoğlu: 

Ötən il oktyabrın 5-də Putin Ramzan Kadırovun ad gününü ona general-polkovnik rütbəsi verməklə təbrik etmişdi. Bu il fevralın ortalarında “don-don Ramzan” Çeçenistan Respublikasının Konstitusiyasına dəyişiklik edərək özünə “xalqın atası” (mexk) titulu verdi.

“Mexk-Da” çeçencə “məkanın atası” və ya “ölkənin başçısı” anlamı da verir - əslində, Çeçenistan ləğv edilmiş prezident vəzifəsi əvəzinə ərəbcə eyni anlamı verən “rəis” postunu təsis edən Tatarıstanın yolu ilə gedir. Maraqlıdır, vaxtilə milli respublikalarda prezident postunun ləğvinin təşəbbüsçüsü “Rusiyada bir prezident var -Putin” deyən Kadırov olmuşdu...

Amma yeni titulu da “məkanın sahibi”nə bəs etmədi. Fevralın 24-də - Ukrayna-Rusiya savaşının bir ilinin tamamında Kadırov özünü Çeçen Respublikasının Qəhrəmanı elan etdi. 750 əyarlı 70 qram qızıldan hazırlanan Çeçen Respublikasının Qəhrəmanı medalını Don-don ötən il 46 yaşı tamam olarkən təsis etmişdi. Medalın əsasnaməsinə görə, təltif qərarını Çeçenistanın başçısı verir...

Kadırov o yana baxdı, bu yana baxdı, özündən layiqlisini tapa bilmədiyini üçün siftəni elə özündən başladı - Ukraynadakı “xüsusi əməliyyatda göstərdiyi rəşadət və şücaətə görə” özü-özünü təltif edərək həm çeçenlərin “ilk qəhrəmanı” oldu, həm də 70 qram qızılı sinəsindən asdı.
Medalı “Mexk Don-don”a təqdim edən Çeçenistan parlamentinin spikei Məhəmməd Daudov isə dedi ki, Kadırovun qədrini bilmirlər, şefinin Çeçenistan və Rusiya Federasiyası qarşısındakı xidmətləri “xüsusi araşdırmaya layiqdir”.

Düz 20 il əvvəl Putin Kadırovun sinəsinə Rusiya Federasiyasının Qəhrəmanı medalını taxmışdı. Amma son zamanlar özünü “Putinin piyada döyüşçüsü” adlandıran Kadırovla Kremldəki “Don-don Putler”in arası xeyli soyuyub.

Ötən il Kremldən verilən komanda ilə Kadırov və dostu - “Putinin aşpazı” və “Vaqner” xüsusi hərbi qruplaşmasının sahibi Priqojin “hərbi kadr oyunları”na girərək müdafiə naziri Şoyqu və Baş qərargahın rəisi Gerasimova hücuma keçmişdilər. Putinin “piyadası və aşpazı” istəyirdi ki, Şoyqu-Gerasimov tandemini sıxışdırıb böyük pulların axdığı Rusiya ordusunu və silah alverini nəzarətə götürsünlər. Bu hücumda onlar “Limanı təslim edən” işğal qüvvələrinin komandanı general Lapinin başını yeyə bildilər, lakin abdalların manipulyasiyası sonda fiaskoya uğradıldı. Kadırov və Priqojinin lobbiçiliyini etdiyi general Surovikin cəbhədə bir uğur qazanmadı, Xersondan dahiyanə əkildi və vəzifəsi endirildi.
 
Şoyqu və Gerasimov revanşa keçərık general Lapini daha yuxarı posta – Quru Qoşunlarının qərargah rəisi vəzifəsinə qaytardılar, “Vaqner”i sıxışdırmağa, hətta Priqojinin terrorçu-qəssablarına patron belə verməməyə başladılar və “piyada ilə aşpaz”a real yerlərini göstərdilər.

 Bundan sonra Kadırov “əziz qardaşı” Priqojindən uzaqlaşmağa başladı, “Vaqner”in generalitetə qarşı informasiya savaşına qoşulmaqdan imtina etdi və Don-donun Telegram-kanallarından “aşpaz”la bağlı xəbərlər silindi. Kadırov artıq leksikonundan “müdafiə naziri” və “ Baş qərargah rəisi” sözlərini belə çıxardı. Kadırovun bandası isə “Vaqner”in qatilləri ilə birlikdə Şoyqu və Gerasimovun fotolarını tualetdən asıb birlikdə sulamaq praktikasına son qoydu...

İndi Çeçenistanın başçısı sanki Donbası unudub, daha çox Avropada hipotetik müharibədən, Polşanın “denasifikasiya və desatanizasiya”sından danışır. Son vaxtlar Kadırovun atdığı addımları və açıqlamaları Moskvadan məsafə saxlamaq, Kremlə qarşı qiyam kimi də yozmaq olar.
“Mexk-Da” hətta özünü Çeçenistanın suverenliyinin qoruyucusu kimi təqdim edir. Ötən il “Çeçen dövlətçiliyinin 100 illiyi”ni təmtəraqlı mərasimlə qeyd edən Kadırov bu il yanvarın 30-da qəfil bəyanat verib Avropaya irad tutdu ki, Qərb Çeçenistanın Rusiyaya qarşı müstəqillik uğrundakı savaşına dəstək verməyib: “Biz İçkeriya uğrunda vuruşanda, müstəqillik maraqlarımızı qorumağa çalışanda siz harda idiniz, niyə Avropa dövlətləri, o cümlədən Ukrayna bizi dəstəkləmədi və bu gün nədən siz qəfildən artıq kağızda belə mövcud olmayan İçkeriyaya dəstək verməyə qərar vermisiniz?.. Mən içkeriyalıyam və bizə dövlət qurmağa məhz siz imkan vermədiniz”.

Əcaib işdir, bu sözlər atası (Əhməd Kadırov) noxçi millətinə, mərhum Cövhər Dudayevə, Çeçen İçkeriya Respublikasına xəyanət edən və özü isə Ukrayna tərəfində vuruşan çeçenləri “şeytan” adlandıran bir kəsin dilindən çıxır. Amma hər bir halda bu ritorika da bəsdir ki, uzağa gedən qənaətlər çıxara biləsən.

Belə görünür ki, başı böyük geosiyasətə, qlobal oyunlara qarışan Putin dalını unudub, Rusiyanın subyektlərindəki prosesləri öz axarına buraxıb. Tatarıstandakı “rəis” demarşı, Kadırovun “Çeçen dövlətçiliyi” ideologiyasına üz tutması, öz məkanında mövqelərini gücləndirməsi bundan xəbər verir ki, Moskvanı saya salmamağa başlayıblar, Kreml onlar üçün artıq fərman (“указ”) deyil. Regionlarda elitanın loyallığını qazanmaq üçün böyük pullar lazımdır, amma sanksiyalar Rusiyanın maliyyə kanallarını qurudur.

Ukrayna savaşındakı uğursuzluğun hərbi-siyasi və sosial-iqtisadi fəsadları, pul axının kəsilməsi, “Kadırov presedenti” kimi hallar digər subyektlərdə də “suverinitet paradları” üçün ab-hava yarada bilər. Yaranmış durum bunun da xəbərçisi ola bilər: Kremldə artıq taxt oyunları başlayır və bu, regionları başlarına çarə qılmağa məcbur edir.
Paralel.az
0.028836965560913