“Tanrının cinsi” və ya Putinin “İncili”
Qəzənfər Həmidğlu:
Putinin fevralın 20-də Rusiyanın Federal Məclisinə müraciətini Yozef Göbbelsin (Paul Joseph Goebbels) 1943-cü ilin 18 fevralında etdiyi məşhur çıxışa bənzədirlər. Üçüncü reyxin təbliğat nazirinin Vermaxtın 6-cı ordusunun Stalinqrad döyüşündə məğlubiyyətindən sonra Berlinin İdman sarayının tribunasından səsləndirdiyi “total savaş”la bağlı nitqi ritorika şedevri idi, ən azı almanları inandıra və yerlərdə sürünən döyüş ruhunu qaldıra bilmişdi.
Putin isə kimsəni inandıra bilmədi, “hər şey plan üzrə gedir” desə də, ruslar artıq anlayırlar ki, hər şey olduqca pis gedir, hara getdiyi də bəlli deyil. Bir sözlə, Kremlin sahibinin nitqi çox sönük oldi.
Bununla belə, Kreml spiçrayterlərinin dövlət başçısının çıxışının mətninə qalmaqallı bir mövzunu – “Tanrının cinsi” polemikasını salması Putinin müraciətinə dini baxımdan və gender bərabərliyi müstəvisində diqqətləri yönəldə bildi...
Qərbdə gender bərabərliyi ideyası artıq dinə də nüfuz etməyə başlayıb. Anqlikan Kilsəsi təklif edir ki, Tanrını ifadə edərkən və ya anarkən əvəzlik kimi neytral çinsə (neutral gender) aid termindən istifadə edilsin. İngilis kilsəsinin Tanrının kişi cinsinə aid persona kimi qavranılmaması üçün yaradacağı xüsusi Liturgiya komissiyası qarşıdakı yazda fəaliyyətə başlayacaq.
“The Guardian”ın yazdığına görə, ingilis keşişlər neçə illərdir bu məsələ üstündə baş sındırırlar. Onlar Bibliya və İncili ələk-vələk edirlər ki, ingiliscəyə tərcümə versiyası üçün Tanrını yalnız Ata kimi deyil, həm Ata, həm Ana kimi təcəssüm etdirə bilsinlər.
Tanrıya dair cinsdənkənar inklüziv dillə bağlı son qərarı Anqlikan Kilsəsinin Sinodu verəcək. Sinod dəyişikliyi dəstəkləsə, əsrlərdən bəri edilən bir sıra ibadətlər, o cümlədən xristianlığın məşhur duaları, məsələn, “Our Father” (“Atamız”) duasının mətni transformasiyaya məruz qalacaq.
İnanclı insanların mühafizəkar qismi belə korrektəyə - Tanrıya “Ata” deyə müraciətdən imtina edilməsi təşəbbüsünə kəskin etiraz edirlər. Onların fikrincə, Tanrıya kişi cinsinə aid “o” (ing. “he”) əvəzliyi ilə müraciət edilməsi o demək deyil ki, uca yaradan kişidir, çünki insandan fərqli olaraq Tanrının cinsi yoxdur, “xristianlar ta qədim vaxtlardan bilirlər ki, Tanrı nə kişidir, nə qadın”...
Putin özü və Rusiya üçün Tanrının cinsini çoxdan müəyyənləşdirib: onun təsəvvüründə “gender-neytralitet” kimi söhbətlər ayıb işlərdir, Tanrı isə əsil “oтче наш”, yəni, atamızdır, özü də saqqallı bir mujikdir və oturub buludların üstündə...
Təbii ki, Federal Məclisə müraciətində Rusiya lideri “ənənəvi dəyərləri” təhdid edən bu məsələdən yan keçə bilməzdi:”Bir görün, Qərbdə nə edirlər. Pedofillik norma olur, ruhanilər bircinsli nikahları bəyənirlər. Yaşlı adamlar necə istəyirlər, elə də yaşaya bilərlər. Kimsə onların həyatına müdaxilə etmir və biz də bunu etməyə hazırlaşmırıq. Lakin bütün dünyanın dini kitablarına baxın – orda hər şey yazılıb. O cümlədən ailə haqqında ki, bu, kişi ilə qadının ittifaqıdır. Lakin müqəddəs mətnlər də şübhə altına alınır. Məlum olduğu kimi, Anqlikan Kilsəsi tezəlikcə Tanrının cinsi neytarllığına dair layihəni (проект гендерно-нейтрального бога) nəzərdən keçirməyi planlaşdırır. Burda daha nə deyəsən? Bağışla, Cənab Yaradan, anlamırlar ki, nə işdən çıxırlar...”.
Putinə görə, Qərbdə bilirlər ki, belə təşəbbüslər mənəvi fəlakətə aparır, lakin xarici elita “ağlını itirib və belə görünür ki, artıq müalicələri mümkün deyil, amma bu onların problemidir”...
Yeri gəlmişkən, Putinin “üç üqnum”la (Троица) da problemi var: Ata, Oğul və Müqəddəs Ruh (Отец, Сын и Святой Дух) vəhdətində rusca və yunanca “ata” və “oğul” kişi cinsi, “müqəddəs ruh” isə orta cinsdir. Bu, Putinin teoloji nəzəriyyəsinə heç uyğun gəlmir. İlkin mənbədə - arami dilində isə müqəddəs ruh qadın cinsindədir. Bu isə Rusiya liderinin qanını lap qaraldır - imkan versələr, Putin İncili də yenidən yazardı...
Paralel.az