Putinin suyu quruyub...
Qəzənfər Həmidoğlu:
Patriotik komada ekstaz: Ukrayna olmasın, Belarus olsun!
Putin RF Federal Məclisinə müraciətində təzə bir şey demədi. Nitqində nə əvvəlki pafos vardı, nə alovlu-ehtiraslı patetika, nə də bir inandırıcılıq. Tribunada başını aşağı salıb kağızdan nələrsə oxuyur və aradabir başını qaldırıb salonda oturanları ötəri süzürdü.
Zaldakılar 10-15 dəqiqədən bir natiqi alqışlayırdılar ki, həm şefə xoş getsin, həm də camaatı yuxu basmasın. Ola bilsin ssenari belə idi: vaxtaşırı əl çalsınlar və hərdən ayağa durub alqış yağdırsınlar. Hərçənd ki, alqışlanası bir şey yoxdu.
Salondaklar oxlov udmuş kimi dik oturmuşdular, simalarindan məyusluq yağırdı, mənasız baxışları natiqə zillənmişdi, bəziləri isə mürgü döyürdülər. Medvedev “poxmel” görünürdü...
Putin günündə deyildi. Bir gün əvvəl Bayden 8 min kilometr uzaqdan gəlib Kremlin 8 yüz kilometrliyindəki Kiyevin küçələrində Zelenski ilə qol-qola gəzmişdi. O küçələrdə ki, bir il əvvəl Putin gül-çiçəklə qarşılanacaqdı - illərlə bunun xəyalını qurmuşdu, amma qoymadılar, imkan vermədilər, nadürüst amerikanlar və ukraynalılar... Bayden kefinə soğan doğramış, cızdağını çıxarmışdı. Nitqi alınmırdı, duzsuz və boyat idi. Baydenin Kiyevdən vurub Varşavadan çıxdığı bir vaxtda kimi inandırmaq, kimi qorxutmaq olardı?
Artıq heç “batka” da ondan hürkmür. Şimşək kimi guruldayır, ildırım kimi çaxır, amma yağmır – Saşa da görür kü, Vovanın suyu quruyub...
Mujik çıxışında birdən sərtləşdi, az qaldı radikallaşsın, hikkələndi və gücəndi. Dağ gücənib siçan doğdu - Putin hikkəsini Strateji Hücum Silahları (SHS-3) haqqında anlaşmaya tökdü. Amma sonadək gücənməyə risk etmədi: “SHS-3 sazişində iştirakımızı dayandırırıq. Sazişdən çıxmırıq, məhz iştirakımızı dayandırırıq”.
Sonra Şoyqunun idarəsinə və “Rosatom”a göstəriş verdi ki, nüvə silahı sınaqlarına hazırlaşmaq lazımdır. Amma dərhal əlavə etdi ki, qlobal strateji pariteti Moskva birinci pozmaq niyyətində deyil:“ Əgər ABŞ nüvə sınaqları keçirsə, biz də keçirəcəyik”.
Belə sözlər, vədlər, guruldamalar və köhnə bayatıları normal insan və cəmiyyət zəkası ilə məzələnmək kimi qəbul edər. Amma Rusiya patriotik komada tirtap uzanıb və Putinin köhnə imperiya nağıllarını təkrarlaması yetər ki, vəcdə gəlsin, ekstaz keçirsin.
Və o olmasın, bu olsun - Ukrayna olmursa, Belarus olsun.
“Süddeutsche Zeitung”, WDR, NDR, “Yahoo News”, “Delfi Eesti”, “Dossier.center”, “Expressen”, “Independent”, “Frontstory”, “Belarusian Investigative Center” (Belarus Araşdırma Mərkəzi) və “Vsquare” əməkdaşlarının Rusiya hakimiyyətinin “Rusiya Federasiyasının Belarusda strateji hədəfləri” adlı daxili sənədinə əsaslanan araşdırmasına əsasən, Moskva 2030-cu ilədək Belarusu özünə yapışdırmağı planlaşdırır.
Paralel.az