Prezident İlham Əliyevin üç addımı

Prezident İlham Əliyevin üç addımı
 
 
Siracəddin Hacı:

Birincisi, Qarabağ, bütövlükdə Güney Qafqaz məsələsini Rusiyanın monopoliyasından çıxarmağa çalışan, ABŞ və Avropanın, o sıradan Türkiyənin dəstəklədiyi, Rusiyanın, İranın qarşı çıxdığı Brüssel formatı var idi, ciddi addımlar atdı, Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirini dəfələrlə görüşdürdü, sənədlər hazırladı, siyasi, iqtisadi, diplomatik dəstək, vədlər verdi. Dedi ki, Azərbaycanla Ermənistan birbaşa görüşsün, razılaşsın, sülh müqaviləsi imzalasın. Rusiya Brüssel formatının varlığından, fəaliyyətindən ciddi narahat oldu, onun işini pozmaq üçün əlindən gələn hər şeyi etdi, istədiyini qazandı, Brüssel formatının dəstəklədiyi danışıqlar dayandırıldı.

Uzun fasilədən sonra Azərbaycan Prezidentinin Münhen konfransında iştirak etməsi, Şarl Mişellə, Entoni Blinkenlə, Paşinyanla görüşməsi, Brüssel danışıqlarını dəstəklədiyini bəyan etməsi doğru, xeyirli addımdır. Bu həqiqət hər kəsə aydındır ki, Güney Qafqaz və Xankəndi Rusiyanın nəzarətində olduğu müddətdə Azərbaycan məsələləri öz xeyrinə həll edə bilməz. Azərbaycanın, o sıradan Güney Qafqazın qurtuluşu Rusiyanın Ukraynaya məğlub olmasından, Rusiyanın bu bölgədən çıxmasından asılıdır. Təbii ki, Rusiyanın müqaviməti davam edəcək, Lavrov da Bakıya Brüssel danışıqlarının bərpasına imkan verməmək üçün gəlir – su uyuyar, düşmən uyumaz.

İkincisi, Azərbaycan hakimiyyəti 2020-ci ildə 10 noyabr bəyanatını imzalayarkən bir sıra məsələlərlə, o sıradan Laçın koridoru ilə bağlı məsələdə yanlış addımlar atdı:
- Laçın koridoru Ermənistanla Qarabağ ermənilərini bir-birinə bağlayır. Bu bağlantının Azərbaycanın nəzarətindən kənarda qalması yanlış idi;
- Bu yolun koridor statusu qazanmasına razılaşmaq yanlış idi;
- Laçın koridorunun beş kilometr olmasını qəbul etmək yanlış idi;
- Bu koridora nəzarət işini işğalçı rus ordusuna tapşırmaq yanlış idi;
- O koridorda Azərbaycan əsgərinin olmasını təmin etməmək yanlış idi;
- Koridorda türk əsgərinin yerləşdirilməsinə çalışmamaq yanlış idi;
- Laçın koridorunun statusu ilə Zəngəzur yolunun statusunun eyniləşdirilməməsi yanlış idi;
- Məğlub olan Ermənistanın Baş naziri Azərbaycan hakimiyyətinin bu yanlış addımlarından istifadə edir, deyir ki, koridor Ermənistanın qırmızı xəttidir, bircə koridor var, onun da adı Laçındır, biz Azərbaycana koridor deyil, yol verəcəyik;

Bu gün Azərbaycan Prezidenti deyir ki, Laçın koridorunda – sərhəddə Azərbaycan və Ermənistanın nəzarət buraxılış məntəqələri olmalıdır. Dediyimiz kimi, Azərbaycan yanlış addım atdı, Laçın yoluna koridor statusu verdi, əvəzində Zəngəzur yoluna koridor statusu ala bilmədi, təzyiqlər göstərsə də, nəticə alınmadı. Prezident yeni təklifi ilə Laçın koridorunun statusunu Zəngəzur yolunun statusu ilə uyğunlaşdırmağa çalışır: Zəngəzur yoldursa, Laçın da yol olsun – dəhliz olmasın. Prezidentin buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan sərhəddinə nəzarət etməsə, Xankəndinə nəzarət imkanı olmaz. Bu təklif gerçəkləşsə, Zəngəzur yolu da açılar.

Üçüncüsü, Azərbaycan Prezidenti deyir ki, biz Xankəndində yaşayan ermənilərin təmsilçiləri ilə görüşməyə hazırıq, onlar bizim vətəndaşlarımızdır, Ana Yasada təsbit edilmiş haqlara sahib olacaqlar. Bu addım iki nəticə ortaya çıxarmalıdır:
a) Xankəndində olan erməni quldur dəstələri silahı yerə qoyacaq, ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəklər;
b) Azərbaycanın Xankəndi üzərindəki suveren haqları bərpa olunacaq, dövlət erməni vətəndaşlarının hüquqlarını qoruyacaq, təhlükəsizliyinə təminat verəcək.
Qarabağ erməniləri ilə ünsiyyət imkanlarının artırılması Rusiyanın əsla istəmədiyi bir işdir. Rusiya Güney Qafqazda zəiflədikcə bölgəni əldə tutmaq üçün Xankəndini gücləndirəcək, Ruben Vardanyan məhz bu məqsədlə Qarabağa göndərilib. Rusiyanın Qarabağdakı gücünü azaltmağın yolu Brüssel danışıqlarını davam etdirmək, Ermənistanla sülh sazişi imzalamaq, Qarabağ erməniləri ilə ünsiyyət qurmaqdır, savaş ehtimalı azaldıqca Rusiyanın Qarabağdakı imkanları da azalacaq. Təbii ki, Azərbaycan diplomatiyasının arxasında güclü ordu, azadlıq və ədalətə bağlı milli birlik olmalıdır.
Paralel.az
0.029811859130859