Təbiət insanlardan insaflıdır?!
Qalib ARİF:
Məntiqi təhlil
Türkiyənin Cənubi-Qərbində, Qəhramanmaraş regionunda baş verən dəhşətli təbii fəlakət – 7.7 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 30 mini keçib, yaralıların sayı isə, 100 minə yaxınlaşır. Eyni faciəni Türkiyənin Cənub qonşusu Suriya da yaşayır. Yalnız əslən, Azərbaycandan olan və zəlzələdə tələf olan soydaşlarımızın sayı yüzlərlədir. Zəlzələdə həyatını itirən 4 tələbənin acı taleyi isə, faciə içində faciədir. Bu, yalnız 4 ailənin deyil, hər bir azərbaycanlının, bütövlükdə Azərbaycanın itkisidir. Yeri gəlmişkən, Azərbaycan xalqı başda rəhbərliyi olmaqla, ayaqdadır, canını, qanını, varını əsirgəmir, qardaş Türkiyəyə əlindən gələn köməyi edir…
Amma təbii fəlakət, qardaş köməyi öz yerində… Araşdırmalar göstərir ki, Türkiyə zəlzələsində itkinin, faciənin böyük miqyası təbii fəlakətdən çox insan məsuliyyətsizliyindən qaynaqlanır. Bəli, bəli, zəlzələ zamanı Türkiyə şəhərlərində yeni tikilmiş yüzlərlə bina kökündən çürümüş ağac kimi uçdu, minlərlə insanı da öz altına aldı. Sanki, bu binaların heç özülü yox imiş… Bəlkə Türkiyədə tikilən binaların betonuna sement qatılmayıb, bəlkə betonun armatur dayaqları poladdan olmayıb, çürük dəmirdən hazırlanıb?! Artıq bu istiqamətdə araşdırmalar gedir və tikinti şirkətlərinin məsuliyyətsiz, cinayətkar rəhbərləri həbs edilir. Amma qatar artıq gedib, bunun minlərlə ölənlərə, on minlərlə yaralananlara nə xeyri?!
Rusiya və Avropa mətbuatı elan edir ki, Türkiyənin zəlzələ ərazisində yerləşən Hatay əyalətinin 42 min əhalisi olan Erzin şəhərində bir bina da dağılmayıb, bir kişi də həlak olmayıb. Erzin Hatay şəhərindən 110, Osmaniyədən isə 20 km-lik məsafədə yerləşir. Erzin şəhər bələdiyyəsinin sədri Ökkeş Elmasoğlu deyib ki, yeraltı təkanlar nəticəində heç yaralanan da olmayıb: "Erzindən kənarda - İskəndərun, Hatay, Osmaniyədə yaşayan 50-60 sakinimiz hadisə nəticəsində öldü. Ancaq Erzində zəlzələ zamanı ölən və yaralanan olmadı". Təbii fəlakətdən zərər görməmələrinin səbəbindən danışan bələdiyyə sədri vicdanının rahat olduğunu vurğulayaraq deyib ki, onun dönəmində rayon ərazisində qanunsuz tikintiyə icazə verilməyib, bütün binalar qanunvericiliyin tələblərinə uyğun tikilib…
Bəli, dostlar, zəlzələlər təbii fəlakətdir, onların nəinki qarşısını almaq, hətta vaxtını proqnozlaşdırmaq mümkün deyildir. Amma bu bəlaya hazırlaşmaq, işi ehtiyatlı tutmaq və itkilərin miqyasını azaltmaq olar. Məlum olduğu kimi, seysmik zonada yerləşən Yaponiyada, Kaliforniyada (ABŞ) 7-8 bal gücündə zəlzələlər hər il qeydə alınır. Amma bir bina uçmur, bir kişinin burnu qanamır. Bəlkə orda təbiət insanlardan daha insaflıdır, bəlkə orda insanlar bizdən daha vicdanlıdır?!
Paralel.az