Xuduoğlu və Putin...

Xuduoğlu və Putin...
 
 
Qəzənfər Həmidoğlu:
Şahbaz Xuduoğlunun “Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik” çağırışı yadıma Rusiya prezidenti Vladimir Putinin 2021-ci ilin yayında dərc etdiyi “Rusların və ukraynalıların tarixi birliyi haqqında” adlı psevdoanalitik-təbliğati məqaləsini saldı.
Putin ukraynacaya necə baxırsa, Xuduoğlu da azərbaycancaya elə - faydasız, perspektivsiz, qeyri-zəruri, qeyri-xalq və qeyri-elitar dil kimi baxır. Bir fərq var ki, Putin Kremldən, Xuduoğlu isə Bakıdan baxır. Putinin ekspansionist hədəfi var, Xuduoğlu isə kitablarının satılmasını istəyir...
 
 Kremlin sahibi həlləm-qəlləm anti-Ukrayna konsepsiyasının müəllifi, məşhur psevdotarixçidir. "Qanun" nəşriyyatının direktoru psevdodilçi olmasa da, günün günortaçağı çağırır ki, gəlin doğma Azərbaycan türkcəsindən imtina edək, bu dildə danışmayaq, kitab çap etməyək. Və Xuduoğlu ideyasını şübhəli arqument, fakt və təsbitlərlə guya ki, əsaslandırır və ya bəraət qazandırır: “Dilimiz böyükdür deyirik, amma öz dilimizdə oxumuruq”, “Danışdığımız dil Şamaxı, Qazax ləhcəsindən yığılıb, ədəbi dil şəkilini alıb”, “Dilimizin konstitusiya adı Azərbaycan dili olsa da, bu dil əyalətçilikdən xilas ola bilmədi, milli birlik yaratmadı” və s. və i.a.

Xuduoğlunu Azərbaycan türkcəsindən küsdürən başqa faktorlar da var: “Bütün elit obyektlərdə, restoran, hotellərdə rusca danışılır. Yüksəkvəzifəlilər öz aralarında rusca danışır. Bu günün özündə də rus məktəbləri Azərbaycan məktəblərini “yeyir”... Özlərini intellektual, mədəni hesab edənlər bu dildə danışmırlar, heç danışmaq da istəmirlər. Adamlar var, bu ölkədə doğulur, ad, mənsəb sahibi olur, amma bu dili bilmirlər. Ona görə ki, zərurət görmürlər”...
Xuduoğlu bu situasiyadan küsür, bezir, amma etraz etmir və hətta barışmağa çağırır. Bu barışıqdan və ya ədəbi dili dəyişməkdən əcaib-qəraib mənzərəli bir sonuc ortaya çıxar: Siyasi elita rusca, ədəbi elita Türkiyə türkcəsində danışar, qalan millət isə keçər hərə öz şivəsinə...

Azərbaycan və Türkiyə, istanbullu ilə bakılı qardaşdırlar. Amma bakılı ilə təbrizli qardaş deyillər, eynidirlər. Azərbaycan türkü ilə Türkiyə türkünün eyni millət olduğunu desək də, düşünsək də, siyasi-ictimai-elmi-mədəni baxış, təcrübə, həyat tərzi, ənənə və mövqelərimizdə ayrılmalar, fərqli identikləşmə var. Azərbaycan türkcəsində kitab satılmır və ya hansısa düdük məmur rusca danışır deyə dilə xor baxmağın sonu milli kimliyi və nəticə etibarı ilə milli dövləti ekzistensial problemlərə yuvarlatmaqdır.
Ola bilər ki, kimsə Azərbaycana “Türkiyənin Ukraynası” kimi baxsın və ya bu işi qrantalayiq layihə saysın. Amma bu, dəryada balıq sövdəsi kimi bir şeydir, sadəcə gündəmi məşğul edər, bundan artığı olmaz...

P.S. Putin məqaləsini rusca və ukraynacada təqdim etmişdi: “Об историческом единстве русских и украинцев”/ “Про історичну єдність росіян та українців”. Xuduoğlu isə anti-azərbaycanca çağırışını təmiz Azərbaycan türkcəsində yazıb.
Paralel.az
 
0.26499485969543