Ermənistanın zəlzələ diplomatiyası
Siracəddin Hacı:
- Türkiyədə dəhşətli zəlzələ oldu, Ermənistanın Baş naziri Paşinyan Ərdoğana zəng etdi, başsağlığı verdi, xilasedici dəstə, yardım göndərdi, keçici olsa da, iki dövlət arasındakı quru sərhəd açıldı;
- Türkiyənin Ermənistanla danışıqlar üzrə nümayəndəsi Sərdar Kılıç dedi ki, biz bu yardımı heç vaxt unutmayacağıq, Ermənistanla münasibətlərə xüsusi önəm veririk;
- Ermənistan çevik hərəkət etdi, bir addım da atdı, Xarici İşlər naziri Ararat Mirzoyan Ankaraya getdi, Mövlud Çavuşoğlu ilə görüşdü;
- Çavuşoğlu bu görüşdə bəyan etdi ki, Türkiyə, Azərbaycan və Ermənistan birgə hərəkət etsələr, bölgəyə barış, inkişaf gələr, Türkiyə Ermənistanla münasibətlərin dərinləşməsini istəyir, buna hazırdır;
- Ararat Mirzoyanın çıxışında iki əsas tezis var idi: sərhədlər açılsın, münasibətlər normallaşsın;
- Ermənistanın zəlzələ diplomatiyası seçdiyi hədəfə - inkişaf yoluna uyğundur: o, Rusiyanın Güney Qafqazda zəifləməsini istəyir, Avropaya inteqrasiyaya çalışır, bilir ki, Türkiyə və Azərbaycanla münasibətlər düzəlməsə, bu məqsəd gerçəkləşməz, Paşinyanın hakimiyyəti davamlı olmaz;
- Ermənistanın bu addımı ciddi dönüş olmasa da, önəmli məsələlərin yolunu aça, türklərlə ermənilərin arasındakı psixoloji gərginliyi azalda bilər;
- Türkiyə də bu münasibətlərin qurulmasında çox maraqlıdır, o bilir ki, Ermənistanla normal münasibət qurulmasa, Türkiyə Güney Qafqaza ehtiyacı ölçüsündə yerləşə bilməz. Zəngəzur yolunun açılması da bu münasibətlərin dərəcəsindən asılıdır;
- Avropa və Amerika da Türkiyəni, Ermənistanı münasibətləri normallaşdırmağa təşviq edir;
- Türkiyə ilə Ermənistanın arasının düzəlməsi Azərbaycanın da xeyrinədir, belə ki, bu, Rusiya və İranın Ermənistana təsirini azaldar, Azərbaycan üçün Türkiyə ilə iş birliyi olan Ermənistanla danışmaq daha asandır;
- Türkiyə ilə Ermənistanın siyasi, iqtisadi, diplomatik münasibətlərinin qurulmasını istəməyən iki dövlət var: Rusiya və İran;
Paralel.az