Zəlzələ, tarixi seçki və Ərdoğanın şansı...
Qəzənfər Həmidoğlu:
Zəlzələnin Türkiyədə mayın 14-də keçirilməsi planlaşdırılan prezident və parlament seçkilərinin nəticələrinə ciddi təsir edəcəyini təxmin etmək çətin deyil, amma seçikilər elan edilən tarixdə baş tutacaqmı?
İndiki situasiyada bu barədə qəti iddia və ya təxmin irəli sürmək bəlkə də ciddi iş sayıla bilməz. Hər halda, seçki tarixi ilə bağlı son qərarı verəcək Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan qəfil situasiya və suallarla üzləşib: postzəlzələ dönəmini, buraxılan səhvləri və proseslərin inkişaf istiqamətini təhlil və təxmin etmək üçün vaxt lazımdır. Yəni, seçki günü bəlkə Türkiyə prezidenti üçün də qaranlıq pərdə arxasında gizlənib.
Seçkilərin əvvəlki tarixinə (18 iyun) qaytarılacağı və ya daha sonraya ertələnəcəyinə dair polemika hazırda Türkiyənin siyasi dairələri və mediasının gündəmində ön plana çıxır, tədricən mövzu ətrafında ajiotaj artır və hətta manipulyasiyaya gedilir. Məsələn, TBMM-in eks-spikeri Bülent Arıncın seçkiləri ertələmə çağırışını bu kontekstdə dəyərləndirmək olar. AKP bu çağırışı Arıncın “şəxsi” fikri adlandırır, amma aydındır, hakim partiyanın qurucularından olmuş bir siyasi fiqur təsadüfən belə bəyanat verməz. Görünür ki, Ərdoğanın partiyası bu çağırışla müxalif düşərgənin reaksiyasını öyrənmək istəyir və ya işarə edir ki, ertələnmə variantının aktuallığı situasiyadan asılı ola bilər.
Zəlzələdən əvvəl Türkiyə Cümhuriyyətinin 100 illik tarixinin “ən önəmli seçimlərindən biri” epitetinə layiq görülən, fevralın 6-da Türkiyədə minlərlə insanın həyatına son qoyan, yüzlərlə şəhər və kəndi yerləbir edən böyük fəlakətdən sonrasa Türkiyə siyasəti, eləcə də Ərdoğanın sonrakı siyasi karyerası üçün ən kritik səsverməyə çevrilən prezident və parlament seçkiləri Türkiyə Konstitusiyasına əsasən, elan edildiyi vaxtda keçirilməlidir. Seçkini yalnız xarici hərbi müdaxilə ertələyə bilər. Türkiyə təcrübəsində seçkinin vaxtının dəyişdirilməsi praktikası var, amma bu, ertələnmə ilə deyil, yalnız vaxtından əvvəl keçirilmə ilə bağlı olub.
Türkiyə qanunvericiliyi ilə yanaşı, zəlzələnin sosial-iqtisadi nəticələrinin yay-payız aylarında daha kritik şəkildə ortaya çıxacağı ehtimalı Ərdoğan hakimiyyətini seçki tarixini dəyişdirməkdən çəkindirəcək əsas faktor kimi görünür.
Lakin böyük fəlakət Türkiyə liderinin reytinq və imicini katastrofik yaraladı. Qarşıdakı 3 ayda zəlzələnin ağır nəticələrinin aradan qaldırılmasında effektli addımlar atılmasa, sosial etiraz və narazılıqları səngidəcək fəalliyyət ortaya qoyulmasa, sosial-siyasi zəmin, şərtlər və konyunktura riskli olarsa və ictimai rəy sorğularında reytinq göstəriciləri arzuedilən olmazsa, istisna deyil ki, Ərdoğan mayın 14-də şansını yoxlamağı onsuz da zəlzələnin zədələdiyi siyasi müqəddəratı üçün avantüra saya və “situasiyanı və elektoratı düzəltmək üçün” seçkilərin vaxtı məsələsinə “demokratiya vs təhlükəsizlik” bəhanəsi ilə yenidən baxmağa cəhd edə bilər.
İşdi-şayət seçki yubadılarsa, aydındır ki, bu, adi və asan “texniki məsələ” olmayacaq. Amma maraqlıdır, ertələnmə Türkiyə Konstitusiyası çərçivəsinə necə salına bilər? Həlli qaranlıq məsələ, Türkiyə demokratiyasını çətin zəminə və sınağa salacaq yoldur.
Paralel.az