Dəhlizin içində və çölündə...

Dəhlizin içində və çölündə...
 

Qəzənfər Həmidoğlu:
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının, Laçın dəhlizi üzərində “hibrid nəzarət”in iki ayı tamam olur. Dəhlizin “içində” problem yoxdur. Ekoloqlar, ictimai fəallar və başqaları sərt qışı orda keçirdilər, yaz, yay və payızda da yol üstündə qala, hətta estafeti 2025-ci ilədək uzada bilərlər. Dəhlizin “çölündə” aksiyanın yaratdığı qlobal rezonans isə 60 gündür səngimir... 

Brüssel prosesinin dalana dirənməsi və Rusiyanın himayəsi ilə aparılan üçtərəfli danışıqların qeyri-effektliyi fonunda Azərbaycan II Qarabağ müharibəsində qazandığı üstünlüyü postsavaş dönəmində reallaşdırmaq üçün aktiv gediş, manevr və təşəbbüslərə məcburdur. Sülhə gedən yol uzanır və bu fonda həm Qarabağda, həm də Ermənistanla sərhəd bölgəsində baş verən və verəcək müxtəlif insident, eskalasiya və təxribatların kimə nə vəd etdiyi qaranlıqdır. Zaman hər zaman xeyrimizə işləməz və ya geosiyasi situasiya fərqli şəkillənər, pozitiv bir şey vəd etməz... 

Dekabrın 12-dən Laçın dəhlizində başladılan “hibrid savaş” Ermənistan, Fransa, Rusiya, İran və regionda maraqları olan digər tərəflər üçün qəfil sürpriz olmaqla yanaşı, ilk günündən postsavaş dönəmi üçün yeni və fərqli situasiyanı, bəlkə də mərhələni ortaya qoydu. Dekabrın 12-dək Bakı Qarabağ və Rusiyanın sülhməramlı kontingenti (RSK) ilə Ermənistanla sülh danışıqları, sərhəd məsələsi və yolların açılmasını ayrı-ayrı keyslərdə tuturdusa, Laçın yolundakı aksiya ilə həm Qarabağ erməniləri, həm RSK, həm Ermənistanla danışıqlar məsələsində, həm də digər hədəfləri istiqamətində oyun qura bildiyini nümayiş etdirdi. 

Aydın oldu ki, Azərbaycan Laçın-Xankəndi yolunda tanklarla görünmədən və hər hansı hərbi eskalasiyaya getmədən sadəcə “yümşaq gücü” ilə manevr edə, ortaya üstün mövqe qoya və təşəbbüsündə israrlı ola bilər. Laçın yolunda baş verənlərin fonunda az qala qlobal anti-Azərbaycan isterikasının baş qaldırmasına, azərbaycanofobların frontal ittiham, deklarasiya, sanksiya təhdidləri, təzyiq və hücumlarına rəğmən Bakı geri çəkilmədi. 

Laçın-Xankəndi yolundakı aksiyanı Qarabağ erməniləri və RSK ilə bağlı “yol xəritəsi”nin ortaya qoyulması və ya Azərbaycanın Laçın dəhlizi ilə bağlı 2025-ci ildə atacağı addımın repitisiyasına indidən başlaması kimi dəyərləndirmək olar.

Hər nə qədər “məzlum erməniləri blokadaya almaqda” ittiham edilsək də, tədricən ermənilərə və bütün dünyaya Laçın yolunun post-RSK perspektivi indidən göstərilir: dəhlizdə nəzarət-buraxılış postunun qoyulması yolun qapadılması demək deyil. Bir fransız İspaniyaya necə gedib-gəlirsə, bir erməni də bizim sərhədimizi elə keçməlidir. Və ya bir Almaniya vətəndaşı ölkəsinin ərazi toxunulmazlığını və ya suvereniteti necə anlayırsa, biz də elə, nə az, nə də çox... 

Digər tərəfdən, Azərbaycanın Laçın dəhlizinə nəzarəti İrəvanı Zəngəzur dəhlizi məsələsində ağıllanmağa məcbur edəcək. Geosiyasi perspektiv gec-tez dəhliz mövzusunu nüfuz və təsir resurslarını Ukraynada sürətlə tükədən Rusiyanın iştirakı olmadan Azərbaycan və Ermənistanın ikitərəfli həll edilə biləcəyi məsələyə çevirəcək. 

Şübhəsiz ki,dəhlizdəki aksiyanın hədəfi Rusiya və onun “sülhməramlı “niyyətləridir. Ekoaksiya bu müddətdə RSK-nı gərgin vəziyyətdə saxladı, “sülhməramlılar”ın səlahiyyətlərini aşmalarını yetərincə məhdudlaşdırdı. Hər halda son iki ayda RSK-nın Xankəndidə və müvəqqəti yerləşdikləri digər ərazilərdə qıcıqlandırıcı davranış və fəaliyyətləri minimuma endi.

Ən başlıcası isə Azərbaycan dəhlizdəki fəallığı və müdaxiləsi ilə Moskvanın absurd vasitəçilik konsepsiyasını rədd etmiş oldu. Rusiya hesab edir ki, Azərbaycan öz ərazisinin müəyyən hissəsində vasitəçinin sülhməramlı missiyasına razılıq verməklə həmin ərazidə suveren haqqını qismən itirir. Baxmayaraq ki, RSK nə BMT-ni təmsi edir, nə də Bakı ona mandat verib. 

Qarabağdakı separatçı rejim kimi RSK-nin “canı” da Laçın dəhlizindədir və Azərbaycanın dəhlizdə nəzarət-buraxılış məntəqəsi yerləşdirməsi 2025-ci ildə RSK ilə rusun başa düşdüyü dildə danışmağa zəmin və imkan yaradır: “Ты кто такой? Давай, до свидания!”
Dəhlizədə aksiyanın davam etdirilməsini erməni cəmiyyətinin düşdüyü situasiyanı adekvat dəyərləndirə bilməməsi də diqtə edir. Qarabağ məsələsində subyekt olmaqdan çıxan, sülh danışıqlarında manevr imkanları məhdud olan, Fransa və Rusiya arasında dreyvləri ilə istədiyinə nail ola bilməyən Ermənistan hazırda iki populist narrativin əsirinə çevrilib: 

1. Qərb Ermənistana kömək edəcək: Nensi Pelosi gəldi və vəd verdi, Makron arxamızda durub, Avropa Parlamenti Ermənistanı dəstəkləyir, Avropa İttifaqının mülki missiyası da gəldi, bir qədər də dözsək, biz deyən olacaq, Azərbaycan geri duracaq və s. və i.a.
2. Paşinyan hakimiyyəti Rusiya ilə Ermənistanın münasibətlərini korlayıb, Ukrayna müharibəsinin nəticələrindən asılı olmayaraq Rusiya böyük dövlət olaraq qalacaq və Cənubi Qafqazın taleyini də o müəyyənləşdirəcək. Əgər hakimiyyəti dəyişməsək, Rusiya ilə korlanmış münasibətlər ermənilərin sonunu gətirəcək. 

Bu iki populist narrativ erməni cəmiyyətinin Qarabağ illüziyasından çıxmasına, köhnə stereotiplərindən əl çəkməsinə imkan vermir və Azərbaycanla normal danışıqlar aparılmasına əngəl yaradır. Bu situasiyada və danışıqların süründüyü bir şəraitdə Laçın yolundakı aksiyanın davam etdirilməsi, dəhlizə daha güclü yerləşmək və Qarabağ ermənilərini, bütün dünyanı bu aksiya-kontrola vərdiş etdirmək Ermənistanı sülhə yönəltmək baxımından vacib və effektiv alətə çevrilə bilər. 

Şübhəsiz ki, dəhlizdəki aksiyanın Qarabağdan “qaçan , uçan və ya deportasiya edilən” Vardanyanın məzhəkə hədəfinə və perspektivsiz fiqura çevrilməsində payı var. Milyarderin Qarabağdan qaçıb-qaçmamasından və yaxud uçduğu yerdən qayıdıb-qayıtmayacağından asılı olmayaraq Putinin “Vardanyan kartı” artıq vurulub. Zira Kreml sahibinin özü iflası qaçılmaz fiqurdur.

Paralel.az

0.053040981292725