Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

Siracəddin Hacı:

Ağla, abi - Rauf Qaraişığın acı, mərhəmət, ümid dolu şeiri

Rauf bəyin gözəl qəlbi zəlzələni qeydə alan cihazlardan daha həssasdır, bu duyarlı ürək zəlzələnin gətirdiyi ölümlə savaşan insanın ağıl, qəlb, vicdanındakı ən dərin düşüncələri, duyğuları, fırtınaları, acını, sızını hiss edir, qeydə alır, yaşayır, sözə, dəyərə çevirir, ona görə də diri, mərhəmətli, namuslu qəlbdir;

Şair ABİ deyir, bu sözə səkkiz dəfə yer verir, təkrar mərhəmət, ümid, işıq, doğmalıq mənası yüklənir, Rauf acılar içində qıvrılan türk insanının - əziz qardaşının ən çox sevdiyi, şəfqət dolu sözlərdən birini seçir, onun yaralı duyğularına sevgi dolu sözlərlə sığal çəkir, toxunur. Şeirdə ABİ sözü xitab mövqeyindədir – müraciət dəyər vermək, hayan olmaqdır, içində ümid daşıyır, tək deyilsən, mən burada, yanındayam, səni anlayır, çox sevirəm, ABİ, deyir. Acının sərxoş etdiyi insan üçün ən dəyərli iş onun yanında olduğunu hiss etdirmək, sözlü və fiziki təmasdır, şeirdəki ABİ sözü bu toxunuşu, təsəllini, ümidi, mərhəməti daşıyır, kədəri paylaşır ki, azalsın, dərddaş olduğunu hiss etdirsin...; 

Şeir dialoq biçimindədir, qısadır, az söz var, uzun danışmağa vaxt yoxdur, tələsmək, ABİNİ xilas etmək ehtiyacı var, ancaq bu dialoqda bircə tərəf var, o da Rauf bəydir, qarşı tərəf danışmır, qorxmuş, acıdan dili tutulmuşdur. Rauf bəy qısa, oyadıcı, nöqtə atış olan sözlərlə, kəsik-kəsik danışır, əmr feilləri seçir, əmr edir ki, ABİSİ ayılsın, ağlasın ki, oyansın, qurtulsun. Şairin şəfqət dolu sözləri uçqunun altında sağ qalmış insanla xilasedicinin söhbəti kimidir, dərmandır, mərhəmətdir, ümiddir, məlhəmdir; 

Rauf bəy çox ağıllıdır, ürəyi yansa da, özünü itirmir, duyğularına təslim olmur, dərd içində qıvrılan, dili tutulan, hərəkətsiz qalan insana öyüd vermir, hər şey gözəl olacaq da demir, ən doğru iki söz seçir, qorxma və ağla. Acı çəkən insan o dərəcədə özünü itirmişdir ki, ağlamağa da gücü çatmır. Rauf bəy də deyir ki, ABİ, ağla, ağlamaq boşalmaq, təmizlənmək, rahatlanmaqdır. Şair dərddaşına dörd dəfə əmr biçimində ağla deyir, təkid edir, belə ki, o anda ən doğru iş ağlamaqdır, yoxsa insanın içindəki acı zəlzələsi qəlbinə enər, həlakına yol açar, acı yükünün altında qalar. Mərhəmətli Rauf bəy də bunu əsla istəmir, qorxma, ağla, ABİ deyir, israr edir, əmr feilləri təkid mənası yüklənir - o anda ağlamaq qurtuluşdur, ABİ;

Rauf bəy acı çəkən insanın duyğu gərginliyini, içindəki fay xətlərini partlaya bilməyən qumbaraya bənzədir, ağla ABİ, boğma özünü, duyğularını göz yaşları ilə ifadə et ki, boşala, içindəki partlamamış qumbaranı çölə ata biləsən, xilas olasan, adamın gözləri ağlamaqdan qırışmaz, gülməkdən qırışar, ABİ, gözünü sevim, ağla ki, qurtulasan!;

Rauf bəy duyğuları yaralanmış insana sözləri ilə toxundu, ABİ, ağla, qorxma dedi, indi də fiziki təmasa keçir – insana ən güclü təsir imkanı fiziki toxunuşa aiddir, deyir ki, ABİ, başını qoy çiynimə, ağla, ağlayaq, dərtdaş olaq, sən də boşal, mən də. Qucaqlaşmaq enerji, duyğu paylaşımıdır, ümid verir, acı yükünü azaldır, sən kimsəsiz deyilsən deyir, gözlərinin torunu göz yaşlarınla yu ki, ayıla, özünə gələ, boşala, qurtula, səni qucaqlayan, əllərindən tutan Rauf qardaşını görə biləsən, içinə ümid dolsun, Rauf ABİN heç səni tək qoyarmı?;

- Rauf bəy acı, kədər, mərhəmət dolu sözlərini ümidlə, işıqla bitirir, cəsarət, güvən verir, ümidi, qaranlığın içindəki işığı bu bədii vasitələrə yükləyir: dərtdaşını qucaqlayır, başını çiynimə qoy deyir – qucaqlaşmaq ümiddir, sən tək deyilsən, mən burada, sənin yanındayam mesajıdır, sonra ağla deyir – ağlamaq sağalmaq, şokdan ayılmaq, boşalmaq, diri olmaq, acıya qalib gəlməkdir, ABİLƏRİN ağlaması acizlik deyil, cəsarətdir. Sonra qorxma deyir, biz birlikdə, ürək-ürəyə qorxunu məğlub edəcəyik, sonra ABİ deyir, bu dərtdaşlıq, qardaşlıq yüklü sözə birlik qurtuluşdur anlamı yükləyir, sonra Azərbaycan türklərinin yaxınlığı, doğmalığı, ümidi, sevgini, güvəni ifadə edən ən gözəl sözlərindən birini seçir: ÇƏKİNİB ELƏMƏ – qardaşın ölməyib ki, o, səni əsla darda qoymaz, sonra da biz güclüyük mesajı verir: əl-ələ, çiyin-çiyinə, ürək-ürəyə bu qaranlıq quyunun dibindən ümid, yardımlaşma ipi ilə çıxacağıq deyir, görün nə söyləyir: MƏN BƏRK ADAMAM – güclüyəm, ümid və mərhəmət doluyam, arxanda dağ kimi durmuşam, sonda da acını, kədəri, ümidi, mərhəməti, yardımı, birliyi içində toplayan sözə - böyük qardaşlığı ifadə edən ABİ kəlamına yer verir, abilik varsa, yardımlaşma, paylaşma, mərhəmət, qurtuluş da var, dar və zor gündə dostların, qardaşların üzünü görmək, sözünün, əlinin, ürəyinin, vicdanının istisini hiss etmək mərhəmət, ümid, rəhmətdir, indilik sən ağla ki, acı yükün boşalsın, insanı xilas edək ki, Türkiyə də qurtulsun, böyüsün, insanlığa, məzlumlara dayaq olsun;
Sağ ol, Rauf bəy, işıq adam, ümid insanı, mərhəmətli, iman dolu, namuslu ürəyindən öpürəm, ABİ!
Abi,
uçulub-dağılmış evlərə baxıb
qorxma,
ağla,
Abi!
Abi, boğma özünü
partlaya bilməyən qumbara kimi,
ağla,
Abi!
Adamın gözləri ağlamaqdan qırışlanmaz,
Gülməkdən
qırışlanar,
Abi!
Başını qoy çiynimə
Ağla,
Abi
Yu gözlərinin torunu!
Qorxma,
Ağla ,
Abi.
Çəkinib eləmə...
Mən bərk adamam,
Abi !..
RAUF QARAİŞIQ

Paralel.az

0.020254135131836