Laçın qaçqını Şəki Məşğulluq Mərkəzinin direktorundan Prezidentə şikayət etdi
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə.
Surəti: Azərbaycan Respublikası Baş Prokuror Cənab Kamran Əliyevə;
Surəti: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Naziri Cənab Sahil Babayevə;
Surəti: Azərbaycan Respublikası Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Cənab Mustafa Abbasbəyliyə;
Surəti: "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbasa
Şəki rayonu, Yeni Çələbixan Köçkünlər qəsəbəsində məskunlaşan, Laçın rayonundan məcburi köçkün Abdullayev Əbdül Nurqələm oğlu tərəfindən
Ş İ K A Y Ə T
Hörmətli cənab Prezident!
Sizə etdiyim bu şikayətin motivi Şəki rayon Məşğulluq Mərkəzində baş verən xoşagəlməz hallarla və direktor Abdulla Kərimovun rüşvətxorluğu və vətəndaşların hüquqlarının tapdalanması ilə bağlıdır. Bildirirəm ki, Şəki Məşğulluq Mərkəzini direktor Abdulla Kərimov özünün korrupsiya cinayətlərinə xidmət mərkəzinə çevirib. Dövlət idarəsi yalnız direktorun yaxın çevrəsinə və imkanlı şəxslərə xidmət göstərir.
Direktoru işçilərə qanunsuz tapşırıqlar verməsi vətəndaşlar arasında çaşqınlıq yaradır və ciddi narazılığa səbəb olub. Mənfi əməllərinin miqyasını hər gün genişləndirən direktor Abdulla Kərimovun tabeliyində olan işçilərə qanunsuz tapşırıqlar icra etdirməsilə hər an qarşılaşırıq.
Hörmətli cənab Prezident!
Mərkəzin direktoru dövlətin özünəməşğulluq proqramı çərçivəsində qəbul etdiyi qərarları cinayətkarcasına pozur və qanun üzərinə kölgə salır, Şəki rayon Məşğulluq Mərkəzini çirkli şəxsi gəlir mənbəyinə çevrib. Şəki rayon Məşğulluq Mərkəzinin direktoru Abdulla Kərimov mərkəzin bütün fəaliyyətini şəxsi qazanc əldə etməyə yönəldib. Məşğulluq Mərkəzinin direktoru dövlət müəssisəsini dədəsindən miras qalmış mülk kimi işlədır. Sanki dövlət idarəsi direktorun şəxsi kontorudur.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin diqqətindən yayınan Şəki rayon Mərkəzdə əhaliyə yuxarıdan aşağı baxılır, insanlar əsassız incidilir və aşağılanır. Burada yalnız o adamların işi düzəlir ki, rəhbər şəxslərin təklif etdiyi çirkin, dolayı yollarla razılaşır. Onların rüşvət marağını təmin etməyən digər vətəndaşlar isə, müxtəlif bəhanələrlə, yalançı vədlərlə aldadılıb yola salınır.
Hörmətli cənab Prezident!
Sizdən xahiş edirik ki, Şəki Məşğulluq Mərkəzinin direktoru Abdulla Kərimovun fəaliyyəti xüsusi təşkil edilmiş komissiya tərəfindən ciddi araşdırılsın. Abdulla Kərimov həddini o qədər aşıb ki, heç nədən çəkinmədən məşğulluğa müraciət edən vətəndaşlara "əlin cibində olsun" - deyir və açıq rüşvət tələb edir. Özünün çirkin ənənəsinə sadiq qalan və yuxarı orqanlardan Məşğulluq Mərkəzinə şikayətləri yoxlamaya gələnləri ələ almaq məharətinə malik olan Abdulla Kərimov peşəkar reşvətxor məmur obrazını çox yüksək səviyyədə qoruyur. Güman edirəm ki, dövlət orqanları korrupsiya çirkabına bulaşmış mərkəzin fəaliyyətindən xəbərsizdilər.
Hörmətli cənab Prezident!
Direktor dövlət özünəməşğulluq proqramı çərçivəsində ayırılan pul vəsaitini mənimsəyərək, proqrama cəlb olunan əhaliyə sağlam heyvanlar əvəzinə, xəstə mal-qara verir və vətəndaşlarda dövlətə qarşı inamsızlıq yaradır. Bir sözlə, Şəki rayon Məşğulluq Mərkəzinin tam çirkab içində olması barədə dövlət orqanlarına xəbər verməyi vətəndaşlıq borcu hesab etdim.
Hörmətli cənab Prezident!
Bu şikayəti bir neçə dəfə məktub vasitəsilə Sizə və digər dövlət orqanlarına göndərmişəm, lakin heç bir cavab almamışam. Ona görə də Şəki rayon Məşğulluq Mərkəzinin direktoru Abdulla Kərimovun rüşvətxorluq fəaliyyəti haqqında şikayəti Sizə mətbuat vasitəsilə göndərməyi vacib hesab etdim.
Sizə əvvəlcədən təşəkkürümü bildirirəm.
Hörmətlə: Abdul Abdullayev
Mobil: 0514345982
P. S. Vətəndaşın şikayətilə əlaqədar materialı vatsapla Şəki rayon Məşğulluq Mərkəzinin şöbə müdiri cənab Məmmədyar Şükürova göndərdik. O isə şikayətlə bağlı bunları dedi: "Vətəndaş özünüməşgulluga təzə yazılıb . Özünüməşgulluq isə növbəlilik əsasında aparılır, vətəndaş növbəsini gozləməlidir. Qaldı ki, vətındaşın sikayəti tamamilə həqiqəti əks etdirmir. Məşğulluq agentliyində rüşvətin olmadığını hər kes bilir bunu həmin vətəndaş da bilməlidir. Hədə-qorxu ilə, şikayətlə fikirləsmesin ki, onu tezliklə özünüməşgulluga cəlb edəcəklər.
Başqa sualınız varsa buyurun.
Fikirləşirəm ki, artıq suala ehtiyac yoxdu yetərincə cavablandirdim.
Siz mənə niyə yazmisiz ki?
Vətəndaşin şikayət etmək hüququ var, edə bilər. Araşdırılıb cavab veriləcək ozünə"
Məmmədyar Şükürova izah etdik: Cənab şöbə müdiri, aldığımız məlumata görə, siz uzun müddətdir həmin idarədə məsul vəzifə daşıyırsınız. Bilməlisiniz ki, mətbuata yazılan ərizə, şikayət haqqında idarənin, orqanın məsul şəxslərinin münasibət öyrənilməlidir. Ona görə vətəndaşın şikayətini sizə göndərmişik. Yəqin fikrimizi anladınız, sağ olun, cənab Məmmədyar müəllim...