Türkmənçay triggeri - 200 il əvvələ doğru irəli!

Türkmənçay triggeri - 200 il əvvələ doğru irəli!
 

Qəzənfər Həmidoğlu:
Fevralın 10-da Türkmənçay müqaviləsinin – Qacarlarla Rusiya imperiyası arasında Azərbaycanı iki əsrdir paramparça edən sülh traktatının imzalanmasının 195-ci ili tamam olur. 

Türkmənçay müqaviləsi 100 ildən artıqdır çağız parçasıdır, çar Rusiyası devriləndən sonra qüvvədən düşüb. Amma Təbrizin kiçik kəndində imzalanan bu fəci saziş 200 ildir Azərbaycan türkünün ekzistensial triggeri olaraq qalır, “Türkmənçay yarası”ndan hələ də qan axır:
Bu bədnam sənədlə ruslar İran ermənilərini Azərbaycan torpaqlarına köçürdülər və başımıza ikiəsrlik bitməyən erməni bəlası açdılar: 1828-ci ilin 10 fevralında Qafqaza erməni toxumu atıldı və ordan Qarabağ müharibələri cücərdi. 

200 ildir Azərbaycan xalqı ikiyə bölünmüş xalqlar sırasındadır. Fərqli quruluş və rejimlərdə yaşamaları bir xalqı mental anlamda bir qədər az, həyat tərzi və siyasi-ideoloji dəyərləri baxımdan bir qədər çox “ikiləşdirir”. Koreya yarımadasının şimalında və cənubunda eyni xalq yaşayır, amma iki Koreya bir-birinin antipodudur, bir abdal “çuçxe” üzündən koreyalılar “ikiləşiblər”. Azərbaycanda isə Arazın bu tayında “rusbaşlaşma”, o tayında “farsbaşlaşma” gedib.

Tarixi torpağı qaytarmaq asan, eyni milli identiklikdə siyasi-ideoloji dünyagörüşündəki, adətlərdəki mental əngəlləri aşmaq daha çətindir. “Araz əngəli” qohumluq bağlarımıza təsirsiz ötüşməyib. Bunu “Samur əngəli” barədə də demək olar. Bir bakılı və ya gəncəlinin Təbrizdən və ya Dərbənddən olan soydaşlarımızla evlənmələri barmaqla sayılacaq qədərdir. 

Türmənçay müqaviləsindən əvvəl olan Azərbaycan türkləri və xanədanları arasındakı qohumluq və yaxınlıq əlaqələri son 200 ildə xeyli azalıb. Məsələn, Türkmənçay müqaviləsini imzalayan Qacar taxt-tacının vəliəhdi, Fətəli şah oğlu Abbas Mirzə Qovanlı-Qacarın anası Şəki xanı Fətəli xan Dəvəlinin qızı Asyabəyim xanım idi. Abbas Mirzənin analığı, Fətəli şahın digər xanımı Ağabəyim ağa Qarabağ xanı İbrahimxəlil xanın qızı idi. Abbas Mirzə uşaqlığını Quba xanı Fətəli xan Şahsevənin himayəsi altında keçirmişdi. Fətəli xanın Abbas Mirzəni Tehrana aparıb şah elan etmək niyyəti vardı. Abbas Mirzənin xanımı Mirzə Məhəmməd xan Dəvəli-Qacarın ( Sipəhsalar) qızı Xırda xanım idi. İrəvan xanlığının hakimi Məhəmməd xan Həsənəli xan oğlu Ziyadlı-Qacar Abbas Mirzənin şəxsi mühafizəsinin rəis idi... 

Türkmənçay müqaviləsi Azərbaycan xalqı üçün fəlakət, tariximizin ən mənfur və ekzistensial ağır nəticələri olan anlaşması, sazişi və ya sənədidir. Bu fəlakət həm də əsrlərlə bitmək bilməyən Osmanlı-Qızılbaş davasının faciəvi sonucu idi. Ən azı 5 əsr ərzində Sabir demişkən:
Оl qədr qırıb bir-birimizdən ki, yоrulduq,
Qırdıqca yоrulduq və yоrulduqca qırıldıq…

Sonra qırılan-yorulan türklərin başının üstünü ruslar, ingilislər və fransızlar leş yeyən quzğunlar kimi kəsdirdilər. Böyük Yaxın Şərq layihəsinin ilk eskizi elə Türkmənçay müqaviləsi ilə cızıldı. Hər halda Putin Rusiyası və SSRİ-dən fərqli olaraq çar Rusiyası Avropa dövləti idi, geosiyasi oyunlarda dil tapa bilirdilər. Tale böyük qəhrəman Abbas Mirzənin üzünə gülmədi, onun Azərbaycan bəylərbəyliyi təkbaşına rus işğalçıları qarşısında dura bilmədi və nəticədə Qacarlar xanədanı Rusiya imperiyasının vassalına çevrildi. Bir əsr sonra Osmanlı imperatorluğu və Qacarlar səltənəti xəritədən silindi - Hindistandan Məğribədək olan böyük bir coğrafiyada türk xanədanlarının 1000 illik hökmranlığı süquta uğradı...
Tanınmış tarixçi, siyasi analitik, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov indiki geosiyasi situasiyanı “Türkmənçay-2” kimi xarakterizə edir.

Tarixçi bu terminlə yenidən nəyinsə bölüşdürülməsini deyil, 200 il əvvəlki geosiyasi oyunçuların yenə də meydanda olduğuna işarə edir. O vaxt da Qafqaz və İran ətrafında Böyük Britaniya, Fransa və Rusiya toqquşurdular. Bu üç ölkə 200 il əvvəlin imperiyaları, indisə BMT TŞ və “nüvə klubu” üzvüdürlər. O vaxt da ingilislərlə ruslar burun-buruna idilər, indi də...Bundan başqa, meydanda indi situasiya daha dramatikdir: güclü, NATO-nun ikinci ordusuna sahib Türkiyə XİX əsrin əvvəlindəki Osmanlı deyil; nüvə ölkəsi olmaq istəyən və özünü abdalcasına Qacarların varisi sayan İran İslam Respublikası - İİR Qacarların yalnız hədəf taxtasına oturdulma anlamında varisidir; yeni və aqressiv oyunçu İsrail. Və nəhayət, o vaxt geosiyasi obyekt-hədəf olan, 200 il sonra geosiyasi subyektə çevrilən Azərbaycan...

Bölgədə hərbi-siyasi hərarət gün keçdikcə qalxır, geosiyasi oyunçuların fəallığı artdıqca qüvvələr düzümü də ciddi korrektəyə uğrayır. Mollakratiya tükənir və hikkəli davranır, SEPAH molla rejiminin, İslam inqilabının keşikçisi olmalı idi, amma bəlası oldu. İran mediasındakı yazılardan və ölkə rəsmilərinin açıqlamalarından bir qənaət çıxır: İslam Respublikasını sanki psixopatlar idarə edirlər və İran hakimiyyəti düşdüyü daxili və beynəlxalq situasiyanı adekvat qiymətləndirmək iqtidarında deyil. 

Azərbaycan hakimiyyətininTehrandakı səfirliyimizə terror hücumundan sonrakı addımları, proflaktik kontrarqumentləri – Azərbaycanda İran casuslarının ovlanması, Tehrandakı səfirliyin qapısından qıfıl asılması, tərəfdaş ölkələrlə (Türkiyə, İsrail, Böyük Britaniya) təmasların sıxlaşması bunun xəbərçisidir ki, Bakı kompromizə getmək niyyətində deyil. 

Regional geosiyasi trend və beynəlxalq konyunktura elədir ki, Azərbaycan yaranmış situasiyada bölgədəki strateji hədəflərindən geri dura, 200 il əvvəl aldığı yaranı sağaltmaq fürsətini əldən qaçıra bilməz – yalnız bir çıxış yolu var:irəli!

Yaranmış situasiyada regionda proseslər yaxınmüddətli perspektivdə istənilən ssenari ilə davam edə bilər. Orta və uzunvədəli perspektiv üçün geosiyasi üfüq, konspiroligiyaya baş vursaq, nisbətən daha aydındır: Ukrayna müharibəsində Rusiyanın total məğlubiyyətindən sonra ABŞ və müttəfiqləri oxlarını Çinə yönəldəcək. Qərbin hədəfində Yaxın Şərqin ikinci plana düşməsi böyük bir coğrafiyada türklərin növbəti hərbi-siyasi intibahına zəmin yaradır. Bilmək olmaz, Qərb-Çin qarşıdurması dünya düzənini elə korrektə edər ki, daha miqyaslı Türk Birliyi ortaya qoyulmasa da, daha geniş çərçivəli Turan coğrafiyası idefiks olmaqdan çıxar...

2028-ci ilin 10 fevralına – Türkmənçay müqaviləsinin 200 illiyinə kimi Azərbaycan faciəsinə son qoyula, ikiyə bölünmüş xalq kimliyimiz tarixin arxivinə atıla bilər. Hər bir halda, bu tarixdən tez və ya gec bu bölünmüşlüyün sonu çatacaq!

Paralel.az

0.031569004058838