Yumurta yemək ürəyə faydalıdır
Yeni tədqiqata əsasən, qida rasionuna müəyyən sayda yumurtanın əlavə edilməsi ürək-damar xəstəliklərinin qarşısının alınmasına kömək edir.
Ürəyi və qan damarlarını zədələyən hər bir vəziyyət, o cümlədən ürəyin işemik xəstəliyi, infarkt və insult ürək-damar xəstəliklərinə aiddir.
Bu xəstəliklər qanda xolesterinin yüksək miqdarda olması zamanı baş verir, damarların daralması, düyünlər, ateroskleroz ilə müşayiət olunur. Ürəyin sağlam olması üçün xolesterinin səviyyəsinə, onun miqdarının artmamasına nəzarət etmək lazımdır.
Paralel.az “MedikForum”a istinadla xəbər verir ki, nəticələri “Nutrients” jurnalında dərc olunan tədqiqat yumurtadan istifadənin bu baxımdan çox faydalı ola biləcəyini göstərib. Alimlər Yunanıstandan olan 3042 nəfərin 10 illik dövr ərzində göstəricilərini təhlil ediblər. Tədqiqatçılar belə qənaətə gəliblər ki, həftədə 1-3 yumurta yemək ürəyi xəstəliklərə qarşı daha dayanıqlı edir.
“Tədqiqat göstərib ki, bu sayda yumurta yeyənlərdə ürək-damar xəstəliklərinin yaranma ehtimalı 60 faiz aşağı olub”, - deyə “Nutrients” yazır.
Tədqiqatın müəllifləri qeyd ediblər ki, yumurta tərkibindəki doymuş yağ turşuları və xolesterinə görə faydalı olub-olmaması barədə hələ də mübahisə yaradan ərzaqdır. Ümumilikdə sağlam qida rejiminə riayət olunduğu zaman yumurta çox faydalıdır.
Alimlər hesab edirlər ki, yağlı qidadan sui-istifadə etməyən, çəki ilə problemi olmayanlar arzuladıqları halda həftə ərzində 7 ədəd yumurta yeyə bilərlər.