"Bir kərə yüksələn bayraq bir daha enməz" ölçüsünün mesajları
Siracəddin Hacı:
- Müəllifi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Xalq Cumhuriyyətinin qurulması uğrunda cihadın başqanı MƏHƏMMƏD ƏMİN RƏSULZADƏDİR;
İçində siyasi ideal, doğru hədəf, xalqı hərəkata yönəldən BÖYÜK MİLLİ ÜMİD daşıyan şüar – ölçü ömrünü müstəqil, azad, ədalətli Azərbaycan adlı dəyərə fəda etmiş, tarixi, milli şəxsiyyətin – RƏSULZADƏNİN böyük əməyinin, iti ağlının, sarsılmaz iradəsinin, insan və millət sevgisinin, səmimiyyət və çalışqanlığının bərəkətidir. Böyük mücadilələr böyük fikirlər mayalayar, inanc və yaşanmışlıq dəyər hökmü qazanmış sözə-fikrə çevrilər, dəyərlərə bağlı şəxsiyyət dəyərlər ortaya qoyar – RƏSULZADƏNİN ömrü, mücadiləsi, sözü milli dəyər, sərvət, xəzinə, məktəbdir;
- Bir kərə yüksələn bayraq bir daha enməz ölçüsü deyir ki, Azərbaycan xalqının müstəqil azad, ədalətli yaşamaq haqqı, gücü, ağlı, iradəsi var, o, köləliyi rədd edir, şərəfin azadlığa bağlı olduğuna inanır, bu ideal uğrunda mücadilə etdi, edir, edəcək;
Bir kərə - böyük ümidi ifadə edir, deyir ki, gerçək dəyərlər, həqiqət ölməz, onu öldürmək imkansızdır, bir müddət üstü örtülər, ancaq yenə üzə çıxar, çıxacaq – su gələn arxa bir də gələcək;
Yüksələn bayraq – Azərbaycanın üçrəngli, şanlı bayrağı milli, siyasi, dini dəyərlərin, azad yaşamaq iradə və idealının simvoludur, bu bayraq öz-özünə yüksəlmədi, onu min bir əməklə ucaldanlar, mücahidlər, şəhidlər, qazilər, adsız qəhrəmanlar var, zəhmətsiz rəhmət, azadlıq yoxdur, bədəlsiz ödül, köksüz ağac olmur, ey Azərbaycan xalqı, istiqlal və hürriyyət şəhidlərini unutma, unutsan, onların mirasına sahib çıxmasan, kölə olacaq, bayrağını – şərəfini itirəcəksən. Bayrağın yüksəlməsi milli gücü, imkanı, iradəni, arzunu, cəsarəti göstərir, gücü olmayan bayraq kimi ağır yükü – şərəfi, azadlığı ucalda, daşıya, qoruya bilməz. Bayrağın yüksəlməsi biz varıq, azadıq, dəyərliyik anlamını daşıyır. Bayrağın yüksəlməsi köləliyə üsyandır;
Bir daha – bu söz Azərbaycanı kölələşdirmək istəyənlərə meydan oxuyur, azad yaşamaq uğrunda mücadilə edənlərə müjdə verir, BÖYÜK MİLLİ ÜMİDİN ifadəsidir, mübarizəyə çağırır, deyir ki, əmək, sevgi, inanc ilə yüksələn şanlı bayrağı əbədi endirmək imkansızdır, bayrağın daşıdığı dəyərlər ölməz. RƏSULZADƏ yazır ki, rus işğalından sonra şanlı bayraq yerə düşmədi, azadlıq aşiqi olan Azərbaycan gənclərinin qəlbinə yerləşdi;
Enməz – qətilik, ümid, iradə ifadə edir, deyir ki, sən ağıllı, iradəli, sevdalı, çalışqan olsan, xalqın iradəsinə bağlı dövlət qursan, gerçək dəyərlərinə sahib çıxsan, azadlıq, ədalət, mərhəmət, rifah uğrunda mücadilə etsən, böyük milli şəxsiyyətlərin – babalarının, nənələrinin əmanəti olan şanlı bayrağı yüksəltsən, bu bayrağın daşıdığı dəyərləri siyasətinin, mədəniyyətinin, milli kimliyinin əsasına yerləşdirsən, əxlaqına, saleh əməllərinə çevirsən, onlarla mayalansan, azadlıq bayrağı əsla enməz, kimsə səni kölə edə bilməz, şərəfin, şanın, dəyərin itməz. RƏSULZADƏ “enməyəcək” demir, “enməz” deyir, sözünə atalar sözü, dəyişməz ölçü haqqı qazandırır;
Azərbaycanın iki yolu var, ya Rusiyanın ağalığını qəbul edib ona kölə olacaq – bayrağını endirəcək, ya da milli əmanətə sahib çıxıb azad yaşayacaq – üçrəngli bayrağı dalğalandıracaq;
Rusiyanın, SSRİ-nin dağılması, xalqın mücadiləsi müstəqil Azərbaycanın qurulmasının yolunu açdı. Ancaq azad və ədalətli Azərbaycan qurmaq imkanı olmadı – Rusiya Azərbaycanı işğal etdi. Müasir Rusiya zəifləyəcək, dağılacaq, xalqın iradəsi ilə azad, ədalətli, mərhəmətli Azərbaycanın qurulmasının yolu açılacaq, zülm gedəcək, ədalət gələcək, şanlı üçrəngli bayrağın daşıdığı dəyərlər uğrunda mücadilə Azərbaycan xalqına hüzur gətirəcək – bir kərə yüksələn bayraq bir daha enməyəcək!
Varisi Azərbaycan xalqı, mirası azadlıq, ədalət, mərhəmət, elm, rifah, səbir, gözəl əxlaq, təcrübə, böyük əmək olan, ÜMİD İNSANI, canından çox sevdiyi xalqına çalış, azad ol ki, dəyərli olasan ölçüsü, örnəyi verən, üçrəngli bayrağı yüksəltmə hərəkatının başqanı MƏHƏMMƏD ƏMİN RƏSULZADƏYƏ SALAM OLSUN!
AMİN!
Paralel.az