Emosional deqradasiya...
Qəzənfər Həmidoğlu:
Müharibədə cəbhə xəttinin ya o tərəfində, ya bu tərəfində olmalısan, atışmada gərək ortada qalmayasan. Əslində, bu hərbi qayda zəif və ya radikal cəmiyyətlərdə dinc dövr üçün də keçərlidir – tərəfi olmayan bərtərəf olur.
Cəmiyyətdə siyasi-iqtisadi-sosial-mədəni-mənəvi münasibətlər, davranışlar, reaksiyalar və qarşıdurma elə “hərbiləşib” ki, müstəqillik, ortada durmaq və ya tərəfsizlik mövqesizlik sayılır, neytral kəsə rudiment tip kimi baxılır və nəticədə bu, arada qalmağa çevrilir, bir sözlə, ekzistensial situasiya yaradır.
Normalda hər kəsin neytralitet haqqı var. Ətrafımızda baş verənlərə hərənin normal hisslərlə psixoloji reaksiyası var ki, bu, daxili aləmimizlə bağlı olduğu üçün “toxunulmaz mülkiyyətimizdir”. Kimsənin ixtiyarı yoxdur ki, bu “mülkiyyətimiz”ə soxulsun, emosiyalarımıza, reaksiyalarımıza diqtə etsin.
Amma ictimai-siyasi situasiya, siyasi xof və ya nifrət təbii emosiyalarımıza, neytrallıq statusuna təzyiq edir, mental xaos yaradır - ətrafdakıların reaksiyasına, kampaniyasına qoşulmağa, palaza bürünüb ellə sürünməyə vadar edir. Bu kritik situasiyada bitərəfin faciəsi – siyasi-sosial bivecə çevrilməsi başlayır, əgər ki, emosiyalarını daxilində basdırarsa...
Paralel.az