"Bir həftə sonra məni redaksiyaya çağırdılar" - Mahcamal Babayeva -FOTO
2004-cü ildə YB-nin mərmər pilləkənlərilə qalxaraq 4-cü mərtəbədə yerləşən "AZƏRBAYCAN" dərgisinin redaksiyasına ilk dəfə qədəm basdım, kiçik pəncərəli balaca otağın yuxarı başında stolun arxasından sərt baxışla, soyuq nəzərlərlə baxan baş redaktor İntiqam Qasımzadənin qarşısına keçib salam verdim, redaktorun "əyləşin" kəlməsini eşitsəm də əyləşməyə cürətim çatmadı, əlimdə tutduğum 48-vərəqlik dəftəri çəkinə-çəkinə uzadıb, - bu mənim klassik janrda yazdığım qəzəllərimdir - dedim. İntiqam müəllim bir mənə baxdı, bir də əlimdəki dəftərə, gözlərindəki rişxəndi görüb yüz faiz əmin oldum ki, bu baxışların yiyəsi əlimdəki bu dəftəri heç açıb oxuyan deyil. Demə xoşbəxtlikdən yanılmışam, bu olduqca ciddi adam dəftəri əlimdən aldı, üzünü mənə tutub dedi:
Xanım, bilirsinizmi Füzulidən sonra bu vaxta qədər klassik janrda yazan şairlərin heç biri onun səviyyəsinə qalxa bilməyiblər, müasir dövrümüzdə yazanlar isə ya onun kölgəsində daldalanıblar, ya da dönüb Füzulişünas olublar,
indi bir neçə qəzəl deyin sizi dinləyim. Məsələ ondadır ki, yaddaşımın möhkəm olmağı ilə əlaqədar yazdığım şeirlərin əksəriyyətini əzbər bilirdim, bu təklif sanki mənim üçün yaşıl işıq kimi oldu, İntiqam müəllimin hüzurunda bir neçə qəzəllərimdən dedim:
Ey tabu-təvanım, mənə vəslinlə nicat et!
Olsun yeri röya, nə olur, gəl məni yad et!
Mərmər kimi buz daşları dindirmədəyəm mən,
Ahımla dil açmır, dedilər zarla inad et.
Toqquşsun o gözlərdə nəzər, can yenə yansın,
Dönsün külə, küllərdə közü közlərə ad et.
Onsuz bu genişlik necə dar, məhbəsdə bənzər,
Rəhm et mənə allah, geri dönmək də içad et.
Sən Mahcamalın könlünə hakim, yenə hakim,
Hökm eylə sevindir, qəmə batmış təni şad et!
Qəzəli dinlədikcə İntiqam müəllimin üzünün ifadəsi yumşalmağa başladı, əlini uzadıb, əlimdəki dəftəri ehmalca məndən aldı, dedi ki oxuyub fikrimi bildirərəm. Bir həftə sonra məni redaksiyaya çağırdılar, yenə mərmər pilləkənləri həyəcanla qalxıb 4-cü mərtəbədə yerləşən redaksiyanın qapısını yavaşca döydüm, içəridən gəlin dedilər, ayaqlarım əsir, ürəyim elə şiddətlə döyünür ki, sanki sinəmdən çıxıb məndən qabaq içəri girəcək kimi...
Bəli, içəri daxil oldum, İntiqam müəllim məni görən kimi ayağa qalxdı, buyurun Mahcamal xanım, əyləşin dedi. O sərt baxışlar yox idi, mən bu ciddi, ağır-səngin kişinin üzündəki həlim, mehriban ifadəni gördükdə anladım ki, qəzəllərim qələbə çalıb! O gündən bu günə kimi qələmə aldığım şeirlər ədəbiyyatımızın güzgüsü, güclü qələm sahiblərinin çoxlarına qoynunu açan, ədəbi dərgilərin şahı, bu il 100 yaşını qeyd etdiyimiz AZƏRBAYCAN dərgisində çap olundular.
Məktəb illərindən bu günə kimi mütəmadi olaraq izlədiyim, nəhəng yazıçı, və şairlərimizin əsərlərini ilk olaraq buradan oxuduğum, bu sevimli dərgidə illər sonra mənim də şeirlərimin dərc olunacağını heç yuxuda belə görə bilməzdim. Olduqca sadə, səmimi, zəhmətkeş bir insan, güclü qələm sahibi, ssenarist, hörmətli İntiqam Qasımzadənin başçılığı ilə, hörmətli alim, füzulişünas, güclü tənqidçi olan Vaqif Yusiflinin, ədəbiyyatımıza qeyri-adi yanaşma tərzi, xüsusi yazı üslubuna malik Südabə xanım Ağabalayevanın və digər adlarını çəkmədiyim qələm sahiblərinin sayəsində uzun illər işıq üzü görən AZƏRBAYCAN dərgisinin 100 yaşı mübarək olsun!
Azərbaycan Yaradıcılıq fondu Əməkdar incəsənət xadimi, ssenarist, tərcüməçi, Azərbaycan dərgisinin baş redaktoru hörmətli İntiqam Qasımzadəni ilin ədəbiyyat adamı mükafatı ilə təltif etmişdir, bu mötəbər mükafata layiq görülən İntiqam müəllimi ürəkdən təbrik edir, ona can sağlığı, daha uzun ömür arzu edirəm. Belə bir mükafat bu olduqca sadə, səmimi, yeri gələndə sərt olmağı bacaran, sözü şax üzə deyən, əsl kişi xarakterli, adam kimi adama Azərbaycan ədəbiyyatına uzun illər etdiyi xidməti üçün verilən layiqli cavabdır.
"Paralel.az"