AY ÜRƏK - Təvəkkül Goruslu

AY ÜRƏK - Təvəkkül Goruslu
 

Tufanla çarpışan tənha gəmitək,
Yükləyib çəkirsən canda qəmi, tək,
Dayansan puç olar verdiyin əmək,
Yaşat şairini, döyün, ay ürək!

Bu da belə yazı, bu da belə iş,
Əzəldən belədi dövrani- gərdiş.
Nadanlar eyləyir aqili təftiş,
Yaşat şairini, döyün, ay ürək!

Milyonlar üstündə oturanlar ac,
Axşam da, səhər də yığsalar xərac,
Etməzlər fəqirin dərdinə əlac...
Yaşat şairini, döyün, ay ürək!

Çoxları düşkündü paraya, fəqət,
Milyonlar sovrular, toz olar, əlbət.
Səndədi söz mülkü, səndədi sərvət,
Yaşat şairini, döyün, ay ürək!

Nə əla, dövlətə etmədin həvəs,
Halallıq evidi düşdüyün qəfəs.
Tanrıdan ikramsa sənə hər nəfəs,
Yaşat şairini, döyün, ay ürək!

"Paralel.az"

 

0.021511077880859