Gəzməyim gəlir - Abdulla Saymaz

Gəzməyim gəlir - Abdulla Saymaz
 

Gəzməyim gəlir

Həyatı duyandan dövran sürmədim,
Əkib becərsəm də, məhsul dərmədim.
Əl tutdum, əlimdən tutan görmədim,
Şəri sıra-sıra düzməyim gəlir.

Gör, necə oxşayır, gündüz gecəyə,
İndi həsrət qalıb, çəmən çiçəyə.
Sayğı göstərərdim açan ləçəyə,
İndisə tər gülü üzməyim gəlir.

Qayıtmaq olmursa ötüb-keçənə,
Deyəcək sözüm yox, ömür biçənə.
Qarışıb dağlarda dumana-çənə,
Vüqarlı qartaltək süzməyim gəlir.

Şənlənib, əylənən halımı bilməz,
Üzüm gülsə belə, ürəyim gülməz.
"Bu arxa gələn su, bir daha gəlməz",
Nadanı, naşını əzməyim gəlir.

Saymazam, göz yaşım dünyadan baha,
Yaşamağa səbəb, tapmadım daha.
Həyat mənim üçün uçuq bir kaha,
Ruh olub göylərdə gəzməyim gəlir.

"Paralel.az"

0.027813911437988