Natiq Məmmədov yeni vəzifəyə təyin olunub

Natiq Məmmədov yeni vəzifəyə təyin olunub
 

İş adamı Natiq Məmmədov “Caspian Energy Georgia”nın sədri vəzifəsinə təyin olunub.

Bu barədə Caspian Energy Club-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Telman Əliyevin sözlərinə görə, Natiq Məmmədov Gürcüstan ərazisində Caspian Energy Club-un maraqlarını təmsil edəcək və eyni zamanda klubun layihələrini idarə edəcək:

 ”Natiq Məmmədov uzun müddətdir ki, bir sıra ölkələrdə, o cümlədən Gürcüstanda vəzifəsini uğurla icra edir. Klubun idarə heyəti Natiq Məmmədovun namizədliyini onun fəal işgüzar mövqeyinə və Gürcüstanın dövlət və özəl sektorları ilə geniş əlaqələri əsasında təsdiq edib”.

Natiq Məmmədov ona göstərilən yüksək etimada görə Caspian Energy Club-un rəhbərliyinə minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycan və Gürcüstan sahibkarları arasında netvörkinqin genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında aktiv iştirak edəcək.

O, həmçinin “Caspian Energy Georgia” ofisinə rəhbərlik etdiyi müddətdə Azərbaycan və Gürcüstan şirkətlərinin işgüzar səfərlərini və ikitərəfli görüşlərini təşkil edən Zaur Darabzadəyə minnətdarlığını bildirib.

Qeyd edib ki, onun təyinatı fevralın 28-də keçiriləcək beynəlxalq “Caspian Energy Forum Tbilisi - 2023” təşkilinin fəal mərhələsinə təsadüf edib. “Caspian Energy Forum Tbilisi - 2023”ün əsas mövzuları Gürcüstanın iqtisadi inkişaf modeli (Turizm, loqistika, kənd təsərrüfatı sənayesi, daşınmaz əmlak və azad iqtisadi zonalar), orta dəhlizin inkişafı, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və türkdilli dövlətlərin iqtisadi birliyi ilə əməkdaşlıq olacaq.

Forumda Gürcüstanın, Azərbaycanın, Türkiyənin, habelə Xəzər, Qara dəniz və Baltik regionları ölkələrinin dövlət strukturlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət xidmət və dövlət agentliklərinin, bu ölkələrdə akkreditə edilmiş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, iri, kiçik və orta şirkətlərin rəhbərləri iştirak edəcəklər.

“Caspian Energy Forum Tbilisi - 2023” nəticələrinə əsasən Gürcüstanın müxtəlif regionlarında hər ay B2G və B2B forumlarının, CEO Breakfast, CEO Lunch, həmçinin Business Tour və Round Table kimi tədbirlər təşkil olunacaq.

İqtisadiyyat.az saytı Natiq Məmmədovun dosyesini təqdim edir:

Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsini bitirən Natiq Məmmədov 2005-ci ildə yerli bankların birində mütəxəssis kimi, daha sonra müxtəlif banklarda müxtəlif vəzifələrdə işləyib. 2015-ci ildə sahibkarlıq fəaliyyətini davam etdirmək üçün “Assistance Group” şirkətini təsis edib.

2017-ci ildə “Şəbəkə Travel”, “Assistance Construction” şirkətini təsis edib və “Tikinti Quraşdırma İşlərinin aparılması” üçün lisenziya əldə edərək fəaliyyətini daha da genişləndirib. 2018-ci ildə isə ixrac məqsədilə “FruitAz Agro” daha sonra isə “Assisrance Tour Georgia”nı təsis edib və Tbilisi, Batumi, Kutaisi şəhərlərində filial şəbəkəsi olmaqla Gürcüstan Respublikasında bir sıra Avropa ölkələrinin eksklüziv turizm partnyoru olaraq uğurla fəaliyyət göstərib.

 Hal-hazırda “Assistance Constuction”, “Assistance Tour Azerbaijan” (ATA), “Assistance Tour Georgia” (ATG), “FruitAz Agro” şirkətlərinin təsisçisi və baş direktorudur.

Onu da qeyd edək ki, “Assistance Group” müxtəlif sosial layihələrdə iştirak edib. O cümlədən sərt karantin dövründə “Biz birlikdə güclüyük” çağırışını əsas tutaraq, 200-dən artıq ailəyə yardım etməklə digər sahibkarları da eyni adlı çağırışa qoşulmağa dəvət edib.

Xatırladaq ki, Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılması, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasıdır.

Biznes - netvörkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlərdə təşkil edir. Baş ofisi Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

0.05243992805481