Ermənilər Ukraynaya göndərilən silahları oğurlayır? - "Kiyevdən ordumuza çoxlu kömək göndərilir"
Hərbi analitik: “Ukraynadan dron göndərilməsi mümkün deyil, məqsəd Kiyev-Bakı əlaqələrini korlamaqdır”
Erməni diasporu Ukrayna ordusunun pilotsuz təyyarələrini (PUA) Ermənistana göndərir. “Yeni Müsavat”ın verdiyi məlumata görə, Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın açıqlaması belə bir nəticəyə gəlməyə imkan verir. Sitat: “Biz artıq Ermənistana kəşfiyyat məqsədilə istifadə olunan pilotsuz uçuş aparatlarını göndərmişik. Mən təyyarələrlə göndərənləri tanıyıram...
Varşava-İrəvan reysi ilə aparılır. Buradan, Ukraynadan ordumuza çoxlu kömək göndərilir. Təsəvvür edin, bizdə müharibə var. Amma bizim ermənilər Ermənistana kömək edə bilir, Ukrayna tərəfindən vuruşan hərbçilərmiz Ermənistandakı qardaşlarına pilotsuz uçuş aparatları göndərə bilirlər”.
Məlumdur ki, müharibə aparan Ukraynanın özünün PUA-lara ehtiyacı var. Demək, söhbət silah oğurluğundan və ya korrupsiyadan gedir - hansı işi ki, mənfur millətin təmsilçiləri çox yaxşı bacarır. O ki ola Ukrayna ordusunda xidmət edən ermənilər...
Ardınca da silahlar qaçaqmalçılıq yolu ilə Varşava-İrəvan reysi ilə Ermənistana göndərilir. Bunu biz 44 günlük müharibə zamanı da görmüşük. O vaxt erməni diasporunun puluna Rusiyadan alınan silah-sursatın ağır yük təyyarələri ilə Qazaxıstan, İran səmalarından keçərək İrəvana daşınmışdı.
Oğurlanan silahlar, PUA-lar isə əlbəttə ki, sabah Azərbaycana qarşı istifadə olunacaq. Eyni zamanda belə silah qaçaqmalçılığı Rusiya ilə müharibə aparan Ukrayna ordusunu zəiflədəcək. O zaman Ukrayna və ona silah göndərən Qərb ölkələri, ABŞ, Polşa nədən buna laqeyd qalsın ki?!
ABŞ kəşfiyyatı gerçəkdənmi ermənilərin bu qanunsuz, Rusiyanın xeyrinə işləyən əməllərindən bixəbərdir? Xəbəri varsa, niyə tədbir görülmür? Belə çıxır ki, Qərb göndərdiyi silahlara nəzarət edə bilmir və yaxud bu prosesə göz yumur. Niyə?
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirib ki, Ukraynanın özünün silah-sursat təchizatında problemləri var. “Bildiyim qədər Qərbdən ayrılan yardım paketi və maliyyə hələ fevralda bu ölkəyə daxil olacaq.
Bundan əlavə, Ukrayna PUA bazasını genişləndirir, nəinki başqa ölkəyə göndərmək fikri var. Odur ki, dronların Ermənistana daşınması qeyri-mümkündür. Digər tərəfdən, Ermənistan KTMT üzvüdür və hər bir halda oradakı hərbi sənaye müəssisələrinə Rusiyanın nəzarəti var. Bu təşkilatın üzvü olduğu üçün Ukraynadan PUA-lar alınması reallaşa bilməz”.
Hərbi analitik hesab edir ki, Arutyunyanın çıxışındakı məqsəd Ukrayna-Azərbaycan münasibətlərini pisləşdirməyə hesablanıb, ona görə Kiyev-Bakı əlaqələrini korlamaq üçün ortaya atılmış məsələdir: “Azərbaycan müharibə başlayandan bəri Ukraynaya humanitar yardım göndərir, bu ölkənin ərazi bütövlüyünü dəstəkləyir, bu da ermənilərə xoş getmir. Ona görə belə açıqlamalarla aranı qarışdırmaq istəyirlər”.
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlının fikrincə, ümumiyyətlə, Arutyunyan bununla kifayət qədər ciddi məqamları da açmış olur: “Birincisi, ermənilər PUA-ları necə əldə edir? İkincisi, daşınma hansı marşrutla həyata keçirilir?
Arutyunyanın açıqlamasında sualların cavabı da var: müharibə aparan Ukraynada PUA-lar, yaxud digər silahların satışının həyata keçirilmədiyi bəllidir, bu, yalnız o halda baş verə bilər ki, orduda kimlərsə Qərb ölkələrinin verdiyi, yaxud Ukrayna xalqının pulu ilə alınan silahları oğurlayaraq satır. Erməni diasporu da Ukrayna ordusunun arsenalına daxil olan silahları qanunsuz yolla əldə edir və qaçaqmalçılıq yolları ilə Ermənistana göndərir.
Bu prosesdə Ukrayna ordusunda döyüşən ermənilər əsas vasitəçidir. Oğurlanan silahlar - PUA-lar Varşava-İrəvan reysi ilə Ermənistana daşınır. Müharibə aparan ölkələrdə silah oğurluğu və qaçaqmalçılığı üçün imkanlar geniş olur.
Arutyunyanın açıqlaması erməni mafiyasının Ukraynada bu işlə məşğul olduğunu isbat edir. Və oğurlanan silahlar Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə edilməklə yanaşı, Rusiya ilə müharibə aparan Ukrayna ordusunu da zəiflədir. Bunu rəsmi Kiyev də, Ukraynaya silah göndərən Qərb ölkələri də nəzərə almalıdır”.