“Talıbovun yüksək vəzifələrə yerləşdirdiyi xeyli adam onu dövlət başçısı kimi görürdü...”
“Mən müəyyən faktlara əsaslanaraq bu qənaətdəyəm ki, Vasif Talıbov Naxçıvanı Azərbaycanın yurisdiksiyasından çıxarmışdı. Onun ən böyük günahı bu idi”.
“AzPolitika.info” xəbər verir ki, bunu BAXCP sədri, deputat Qüdrət Həsənquliyev “Globalinfo.az” saytına müsahibəsində jurnalistin “Naxçıvanda nə baş verdi? Vasif Talıbov hansı siyasi günahı işlətdi ki, ona, klanına və ailəsinə qarşı dövlət bu cür sərt üzünü göstərməyə məcbur oldu” sualını cavablandırarkən deyib.
Deputat hesab edir ki, dövlət Talıbovun əməllərinin bu miqyasda olduğunu təsəvvür eməyib: “İkincisi, Prezidentə münasibətdə səmimi deyildi. Hesab edirdi ki, daha artığına layiqdir və Naxçıvanda onu qızıl qəfəsə salıblar. Üçüncüsü, artıq kifayət qədər iddiaları artmışdı və Prezidentin arxasından həm xarici ölkələrlə, həm də daxildə müəyyən iş aparırdı”.
“Xarici qüvvə kimi İranın” nəzərdə tutulub-tutulmadığı barədə suala cavabında Q.Həsənquliyev bildirib ki, söhbət təkcə İrandan getmir:
“Azərbaycanda təsir imkanları və marağı olan böyük güclərlə müxtəlif şəxslər vasitəsilə müəyyən işlər aparılırdı və Prezident əmin olandan sonra ki, artıq Naxçıvan hansısa mərhələdə Azərbaycan dövlətçiliyi üçün yenidən böyük təhlükə mənbəyinə çevrilə bilər, qəti qərar verdi. 1990-cı ilin yanvarında səkkiz gün ərzində Naxçıvan Muxtar Respublikası öz dövlət müstəqilliyini elan edib. Bunun üstündən cəmi 33 il vaxt keçib. Bu gün də heç kim qarantiya verə bilməz ki, sabah Naxçıvandakı siyasi hakimiyyət ilə Bakıdakı siyasi hakimiyyət arasında fərq olsun. Səkinə Əliyevanın dövründə onlar İrana, Türkiyəyə nümayəndə heyəti göndəriblər. Dörd nəfər İrana gedib, amma Türkiyəyə gedənləri ruslar sərhəddən buraxmamışdılar. 1990-cı ildə Bakıdakı siyasi hakimiyyətlə Naxçıvandakı arasında fikir ayrılıqları vardı”.
BAXCP sədri vurğulayıb ki, Prezident Əliyev Vasif Talıbovun ona xəyanət etməsinə əmin olandan sonra belə bir göstəriş verdi. Q.Həsənquliyev daha sonra xəyanətin mahiyyətindən də danışıb: “O, Prezidentdən çox narazı idi. Prezidentdən sonra özünü hakimiyyətdə görürdü. Və Mehriban xanımın Birinci vitse-prezident təyin olunması artıq onu dəli etmişdi. Sanki onun bütün arzularının, ümidlərinin üstündən bir xətt çəkilmişdi. Ona görə də çox aqressivləşmişdi və emosiyalarını cilovlaya bilmirdi. Əvvəl işlərini gizlin görürdüsə, son illər bunu açıq-aşkar etməyə başlamışdı”.
– Birinci vitse-prezident vəzifəsinə təyinatın üstündən 6 il keçir. Bu müddətdə ona dözdülər…
– Prezident çox səbirlidir. Hesab edirəm ki, dövlət başçısı bəzi hallarda səbirlə gözləməlidir. Prezident gözlədi, əlverişli bir vaxtda artıq qərar verdi.
– Onun bu gün vəzifədə qalan siyasi partnyorlarının olduğuna dair mediada fikirlər səsləndirilir...
– Əlbəttə, Vasif Talıbovu güc strukturunda, hüquq mühafizə orqanlarında, məhkəmə sistemində, dövlət idarəçiliyində Azərbaycanın gələcək dövlət başçısı kimi görən xeyli sayda insanlar var. O, vaxtilə xeyli insanı çox yüksək vəzifələrə yerləşdirib. O insanlar bu gün də hakimiyyətdədir. Hesab edirəm ki, tədricən onların təmizlənməsi prosesi gedəcək.
– Təmizlənən insanlar sonradan dövlətə qarşı revanşizm başlada bilməzmi?
– Dövlət zəif olsa, öz siyasətində ardıcıl olmasa, əlbəttə, baş qaldıra bilərlər. Amma dövlət, hakimiyyət orqanları vəzifələrini layiqincə yerinə yetirsələr, düşünürəm ki, onlar heç nə edə bilməzlər. Həm Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevi, həm də Daxili İşlər naziri Vilayət Eyvazovu şəxsən tanıyıram. Hər ikisi öz sahəsini bilən peşəkarlardır. Prezidentə kifayət qədər sadiqdirlər və qarşıya qoyulan vəzifələri icra etmək gücündədirlər. Düşünürəm ki, bu mərhələdə onların fəaliyyətindən də çox şey asılı olacaq.
– Vasif Talıbovun xəyanətinin üstünün açılmasında adını çəkdiyiniz iki dövlət adamının – DTX rəisi Əli Nağıyevin və Daxili İşlər naziri Vilayət Eyvazovun hər halda rolu olmamış deyil. Onamı işarə etdiniz?...
– Sözsüz. Əlbəttə, bu məsələlərdə dövlətin güc strukturlarının birmənalı iştirakı var və onların da borcudur ki, Prezidenti baş verənlər haqqında doğru-düzgün məlumatlandırsınlar. Biz zaman-zaman bir çox informasiyaların Prezidentdən gizlədildiyini görmüşük. Bəziləri fikirləşib ki, hansısa əlaqələr haqqında Prezidentə deyərik, bunu düzgün qarşılamaz, əksinə, özümü cəzalandırar və s. Yəni bir çox hallarda bir çox həqiqətləri ona deməkdən çəkiniblər.
Amma mətbuatda da zaman-zaman ictimai-siyasi xadimlər Naxçıvanın problemlərini diqqətə çatdırıblar. Hesab edirəm ki, son vaxtlar dövlətin təhlükəsizliyinin təmin olunması istiqamətində daha ciddi addımlar atılır. Ona görə ki, özündən əvvəlkilərdən fərqli olaraq Əli Nağıyev peşəkardır və birbaşa dövlətin təhlükəsizliyinə görə də əsas məsuliyyət daşıyan orqanın rəhbəridir. İctimai təhlükəsizliyə görə məsuliyyət daşıyan da Daxili İşlər Nazirliyidir.
Rasim Əliyev
“AzPolitika.info”