İran molla diktaturası Ukraynanın ərazi bütövlüyünü niyə müdafiə etdi?
Siracəddin Hacı:
Rusiya ilə ciddi əlaqələri olan, ona hərbi yardım göstərən, rejimin və İranın bütövlüyünün qorunmasının çox önəmli ölçüdə Rusiyadakı zülm sistemindən asılı olduğunu bilən molla diktaturası yeni bir addım atdı, dedi ki, Krım, Donetsk, Luqansk daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, bu torpaqlar Ukraynanındır. Molla rejiminin yeni addımın səbəblərini sıralayaq:
- İranda qadın haqları uğrunda mübarizə kimi ortaya çıxan hərəkat edam, həbs, işğəncələrlə zəiflədilsə də, davam edir. Molla diktaturası gec də olsa, bir məsələni anladı ki, ölkənin çox ciddi siyasi, iqtisadi, sosial, etnik sıxıntıları var, qadın haqları uğrunda hərəkat bu mərhələdə öz hədəflərinə çatmasa da, rejimə ağır zərbə vurdu, onun tükəndiyini, siyasi, ideoloji əsaslarının çürüdüyünü, xalqla ünsiyyət imkanlarının itirildiyini göstərdi. Etirazların əsl səbəbləri yox edilmədiyindən bu üsyan dalğası daha güclü biçimdə geri qayıdacaq, iqtisadi, milli tələblər önə çıxacaq, bütün kəsimləri birləşdirəcək, siyasi-ideoloji imkanları tükənmiş rejimi devirəcək;
- Molla rejiminin anlayışına görə sosial, iqtisadi sıxıntıların əsl səbəbi İrana qarşı tətbiq olunan yasaqlardır. Bu yasaqlar ləğv edilməsə, dərin böhrandan çıxmaq imkansız olacaq. Bu halda, bir yol var, o da Avropa və ABŞ-la dil tapmaqdır – ilk addım Ukraynanı dəstəkləmək ola bilər;
- Rusiya zəifləyir, molla diktaturası rejimin və İranın taleyini Rusiyadan asılı vəziyyətə salmaq istəmir, sürətlə dəyişən dünyada məğlub olmuş Rusiyadan sonrakı dönəmdə rejimi və İranı xilas edəcək yollar axtarır – Ukraynanı dəstəkləmək ABŞ-ın, Avropanın siyasətini dəstəkləməkdir;
- Suriya məsələsində Rusiya ilə İran arasında fikir ayrılıqları var idi, bu ziddiyyət indi daha da dərinləşir, İran Rusiyanın Suriyanı tərk edəcəyi halda onun yerini tutmağa çalışır. Rusiyanı bu hədəfə razı salmaq üçün Ukraynanı müdafiə edir;
- Ərdoğanla Putinin Suriya məsələsində razılaşmaq ehtimalı İranı narahat edir – molla rejimi Ukraynanı müdafiə edir ki, Putin geri çəkilsin – İranın Xarici İşlər naziri Suriyaya getdi, sonra Ankaraya gəldi, Ərdoğanla görüşdü, İranın narazılıqlarını bildirdi;
- Nəticə budur ki, molla diktaturası dərin böhrandan çıxmaq üçün nüvə proqramı da daxil olmaqla ciddi məsələlərdə güzəştə gedəcək, Avropa və ABŞ-la dil tapmağa çalışacaq ki, rejimi və İranı xilas etsin;
Paralel.az