"Vadi-yi vəhdət həqiqətdə məqam-i eşqdir" - M.Füzuli
VƏHDƏT VADİSİ
Dünən axşamdan jurnalist-tərcüməçi qızımız Səhra Rzai bizim evin əziz qonağıdır. Mənə Ömər Xəyyamın üç dildə - farsca, ərəbcə və ingiliscə nəfis nəşrini də hədiyyə gətirib.
Dünən şam yeməyindən sonra onun Azərbaycan türkcəsinə tərcümə etdiyi Yusif Sainin “Hüdudsuz sərhəd” əsərinin tərcümə və redaktəsilə əlaqədar bəzi mübahisəli leksik-orfoqrafik-üslubi qüsurları birlikdə nəzərdən keçirdik.
Bu gün Səhra xanımla birlikdə Şəhidlər xiyabanına getdik, buraya gələn saysız-hesabsız insanlarla birlikdə şəhidlərin məzarlarını ziyarət etdik , hərəmiz bir qırmızı qərənfil İlham və Fərizənin məzarı üzərinə qoyduq.
Şəhidlər verən, öz şəhidlərini həmişə ehtiramla yad edən XALQ bu yaramaz hakim sülaləni tezliklə tarixin arxivinə yuvarladacaq, inşallah!
«Vadi-yi vəhdət həqiqətdə məqam-i eşqdir»
M.Füzuli
İlham təkcə şəhid olmadı özü,
İlhamçün canından keçdi Fərizə.
Vüsal vadisindən əlini üzüb
Vəhdət vadisinə köçdü Fərizə.
Bu vadi elə bir eşqin məqamı,
Hər kəs o məqama yetişə bilməz.
Cismən məhəbbətin ölən İlhamı
Ruhən Fərizəsiz ötüşə bilməz
Bu qoşa sevgili – qoşa göyərçin
Əsrin göylərində qanad çalacaq.
Nəsillər gələcək, gedəcək yəqin,
Onlar həmişəlik cavan qalacaq.
Bu qoşa sevgili – vəfa heykəli,
Elə bil ki, iki bədəndə bir can.
Eşqin nə sonu var, nə də əzəli,
Eşqsiz yaşaya bilərmi insan?
Bu qoşa günahsız – bu qoşa qurban
Düşməndən alınsın qisas gözləyir.
Bu iki fədakar, iki qəhrəman
Bizi sədaqətə, haqqa səsləyir.
Bunlara hörmətlə min bir gül-çiçək
Tər boynunu burur fəxri keşikdə.
Körpə gözlərilə azad gələcək
Böyüklərlə durur fəxri keşikdə.
Bu qoşa sevgili – qoşa məhəbbət
Yolunda tökülsün qoy göz yaşımız.
Qoşa sevgi adlı vadiyi-vəhdət
Önündə əyilsin məğrur başımız.
7-8 mart 1990.
"Paralel.az"