Laçın dəhlizində Azərbaycan nümayəndəsi dayanacaq
Asif Nərimanlı:
Lavrov düşünür ki, Laçın yolu ilə bağlı “problem” tezliklə öz həllini tapacaq. Buna əsas kimi “Rusiya sülhməramlılarının komandirinin iştirakı ilə Azərbaycan təmsilçisi və Qarabağ nümayəndələri (ermənilərin nümayəndəsi) arasında görüşün keçirilməsi”ni göstərir.
Aksiyanın tələblər icra edilmədiyi müddətdə dayanmayacağı şübhəsizdir, rəsmi Bakı bunu ən yüksək səviyyədə bəyan edib. Azərbaycana qarşı təzyiq cəhdlərinin də baş tutmaması həll yolunun yalnız bu çərçivədə mümkün olduğunu deməyə əsas verir.
Sual yaranır: Lavrov aksiyanın tələblərinin qəbul edildiyinə işarə edir?
İlkin tələb qanunsuz istismar edilən mədənlərdə monitorinqin aparılması idi. Lakin erməni mənbələr genişlənmiş tələblərin təqdim edildiyi iddiası ilə çıxış edir: mədənlərin qanunsuz istismarının dayandırılması; Laçın yolunda “X-ray” skaner cihazlarının quraşdırılması; yolda sülhməramlıların nəzarət-buraxılış məntəqəsində Azərbaycan nümayəndəsinin də dayanması; Qarabağda qalan erməni silahlı dəstə və hərbi texnikasının bir neçə mərhələdə bölgədən çıxarılması (10 noyabr razılaşmasının 4-cü bəndi);
İki məqam da tələblərin genişləndirildiyi ehtimalını gücləndirir.
Birincisi, xarici işlər naziri Ceyhun Bayramovun 17 yanvarda Lavrovla telefon söhbətidir.
- nazir Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, o cümlədən təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəyə qarşı etirazların Azərbaycan vətəndaşlarının legitim hüququ olduğunu vurğulayıb;
- bu xüsusda, etirazçıların haqlı tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu diqqətə çatdırıb;
Rəsmi məlumatdan belə nəticə çıxır ki, aksiya iştirakçılarının tələbi birdən çoxdur və bura mədənlərin qanunsuz istismarının dayandırılması ilə yanaşı, Laçın yolundan qeyri-humanitar məqsədlər üçün istifadənin qarşısının alınması da daxildir.
İkincisi, Lavrovun dedikləridir: Bakı Laçın yolundan hərbi yüklərin daşındığı məsələsini aktual olaraq saxlayır və istisna deyil ki, artıq rusların vədi ilə qane olmur, yolda nəzarət işində praktiki olaraq təmsil olunmağı tələb edir;
Bütün bunların fonunda erməni silahlıların Qarabağdan çıxarılması tələbinin də irəli sürüldüyü istisna deyil.
Lavrovun “problem tezliklə öz həllini tapacaq” sözləri rusların tələblərlə razılaşdığı fikrini ön plana çıxarır. Separatçıların bunu qəbul edəcəyi ehtimalı isə azdır, hərçənd, zaman keçdikcə seçim imkanlarının tükəndiyi də görünür.
Paralel.az