Avropa Parlamenti Qarabağla bağlı qətnamə qəbul etdi
Avropa Parlamenti Qarabağda insan hüquqlarına hörmətlə bağlı qətnamə qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında məlumat dərc olunub.
Qətnamədə Azərbaycan Laçın dəhlizini blokadaya almaqda ittiham edir:
“Parlament Dağlıq Qarabağdakı (Qarabağdakı qondarma rejim - red.) Laçın dəhlizinin hazırda özünü Azərbaycandan olan ekoloq adlandıran şəxslər tərəfindən blokadaya alınmasının yaratdığı ağır humanitar böhrandan təəssüflənir. Dəhliz müharibədən zərər çəkmiş regionu Ermənistan və xarici dünya ilə birləşdirən yeganə yol olduğundan, Avropa Parlamenti deputatları hərəkət azadlığını təmin etmək və ən həssas təbəqələr üçün zəruri mal və xidmətlərə çıxışı təmin etmək üçün Azərbaycanı dərhal onu yenidən açmağa çağırır.
Qətnamədə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağın erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin edən hərtərəfli sülh sazişinin imzalanmasının zəruriliyi vurğulanır. O, lazımi humanitar yardımın göstərilməsi üçün beynəlxalq təşkilatlara əraziyə giriş icazəsinin verilməsini, habelə BMT və ya ATƏT-in faktaraşdırıcı missiyasının yerdə humanitar vəziyyəti qiymətləndirmək üçün Laçın dəhlizinə getməsinə çağırır.
Bundan əlavə, Avropa Parlamentinin deputatları ərazidə olan Rusiya “sülhməramlılarının” hərəkətsizliyini pisləyir və hesab edirlər ki, onları ATƏT-in beynəlxalq sülhməramlıları əvəz etməlidir. Onlar həmçinin Aİ-ni Dağlıq Qarabağ sakinlərinin artıq Bakının fəallığının, Rusiyanın destruktiv rolunun və ya Minsk qrupunun fəaliyyətsizliyinin girovluğunda qalmamasını təmin etməyə təşviq edirlər”.
Qeyd edək ki, dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndində aksiya keçirir.
Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent yolu bağlayaraq onlara imkan verməyib.
Sözügedən aksiya artıq 38 gündür ki, davam edir. Aksiyaçılar ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndiriblər.
Bundan başqa, etirazçılar bildiriblər ki, Rusiya sülhməramlılarının olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməlidir.
Şüarlarda Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələbi də səsləndirilib.
Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər.