Postimperiya sindromu: Putin resentimenti....

Postimperiya sindromu: Putin resentimenti....
 

Qəzənfər Həmidoğlu:
Rusiyanın Sverdlovsk vilayətində Serov adlı bir əyalət şəhəri var. Putinin aşpazı Yevgeni Priqojinin “Vaqner” özəl hərbi bandasının Ukraynada gəbərdilmiş döyüşçüsü Molodsovun həmin şəhərdə dəfn mərasimi keçirilib, oxuduğu məktəbdə fəxri qarovul düzülüb və uşaqlar “təmizqəlbli və zəiflərə həmişə kömək edən” “vaqnerçi”dən örnək götürməyə çağırılıb.

Mərasimdə kimsə yada salmayıb ki, Molodsov sərxoş vəziyyətdə anasını döyə-döyə öldürüb və 11 il həbs cəzası alıb. Bu, Molodsovun ikinci həbsi idi, bundan əvvəl kimisə ölümünə döydüyü üçün ağır maddə ilə azadlıqdan mərhum edilmiş, amma vaxtından əvvəl həbsdən buraxılmışdı ki, getsin tək qalmış anasının “qayğısına qalsın”. 

İkinci həbsini də Molodsov sonadək yatmadı. “Vaqner” residivisti həbsdən çıxarıb savaşa yolladı. Ukraynada onu gəbərtdilər, amma ana qatili Rusiyada “qəhrəman” sayıldı və Serovda xüsusi şərəflə basdırıldı... 

Rusiyanın ən qanlı seriyalı qatili, 80-dən artıq qadını öldürmüş və ömürlük həbsə məhkum edilmiş manyak-polis Mixail Popkov da Ukraynada döyüşmək istəyir. Amma manyak savaşa qışda getmək istəmir, “şaxta ilə arası yoxdur”, donmaqdan qorxur. Yanvar-fevral ayı keçəndən sonra təklif olsa, “heç fikirləşmədən razılaşacaq”. Bu barədə Rusiyanın aparıcı nəşrləri, federal telekanalları utanmadan və çəkinmədən xəbər verirlər, axırıncı əclafdan belə patriot düzəltməyə hazırdırlar.
Təəccüblənməyə dəyməz, rus demişkən, “kаков поп – таков и приход”, yəni, keşiş necədirsə, kilsəsinin camaatı da elədir. Və yaxud Putin hara, təbəələri də ora...

Etnososioloqlara görə, ruslar imperiya yaradan xalqdır və hikkələrinin nədəni də bununla bağlıdır. Amma rusların hikkələri anormaldır, bundan imperiya doğmaz, debilizm, abdallıq, öz başlarına bəla törəyər. Cinayətkarları, qatilləri türmədən çıxarıb savaşa atırlar, Priqojin özünü Şoyqu ilə müqayisədə marşal sayır və bu proses Rusiyada dövlət institutlarının sıradan çıxması barədə danışmağa imkan verir. Əslində avtokratiyalarda dövlət şərti məsələdir, önəmli olan rejimin rəhbərdir. Dövlət ağlı olsaydı, rusların Ukrayna bataqlığında nə işi vardı? Rusiyanın Ukrayna ilə savaşa girməsi göstərdi ki, Kremldəkilər sadəcə ambisiyalı, hikkəli və ya mənfəətpərəst deyil, həm də kəmağıldırlar. 

Rusiyada indi yaşananlar Corc Oruell çərçivəsinə sığmır. Rusiya cəmiyyəti və elitasının hikkəsi, imperiya sindromu daha çox Fridrix Nitsşenin “Əxlaqın şəcərəsi” əsərindəki “resentiment”i xatırladır. Nitsşeyə görə, özündə kin, inciklik, hikkə, qəzəb və qərəzi ehtiva edən resentiment sıravi inciklik və düşmənçilik deyil, fenomenal hal kimi neqativ hisslərin sublimativ toplusudur: subyekt öz uğursuzluqlarının səbəbini başqasında görür və onu “düşmən” elan edir; islahedilməz paxıllıq; statusunu həyatda və cəmiyyətdə yüksəltmək cəhdlərinin hədər olmasının iztirablı dərki və natamamlıq kompleksi; bütün bunların fonunda “düşmən”ə qibtə edilməsi, onun dəyərlər sistemini rədd edən öz dəyərlər sisteminin yaradılması. Resentiment, qısa desək, subyektin öz uğursuzluqlarına görə məhz günah hissindən qurtulmaq üçün başqasından “düşmən” obrazı yaratmasıdır. Nitsşe bunu kölə əxlaqı sayır. Bu, normal insana layiq hiss deyil, dövlət və lideri səviyyəsində isə düdüklükdür.

Resentiment bütün parametrləri ilə sanki Putinin boynuna biçilib – qələti özü edir, günahı NATO-nun üzərinə atır. Və yaxud ruslar Ukraynada vəhşilik edir, Dneprdə müsibət törədir və eyni zamanda əmindirlər ki, “dünya xoxolsuz gözəldir”.
Ukrayna ilə savaş bir tərəfdən Putinin mahiyyətini ifadə edir, digər tərəfdən bu, özündə kütlə psixologiyasının düşüncə və davranışlarını əks etdirən postimperiya resentimentidir. 

Rusiyanın canından kölə əxlaqını, resentimenti çıxarmaq çətin işdir. Bəlkə də yeganə çarə bu hikkənin şokla söndürülməsi - Rusiyanın Krımdan, Putinin isə Kremldən qovulmasıdır. Belə finalla dünyanın canı qurtulacaq, Rusiyanın sonunun necə olacağı isə qaranlıqdır...

Paralel.az

0.019190073013306