“Yazıçılar Birliyində yaradıcı atmosfer yarana bilməz” - Əkrəm Əylisli
“Birlik böyük ədəbi amala xidmət edirsə, orada birləşmək olar”
“Suallarınız yalnız ədəbiyyat haqqındadırsa, danışaq. Yoxsa, siyasi mövzulardan danışıb, başımı ağrıtmaq istəmirəm”.
Nasir, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü, sabiq Xalq yazıçısı Əkrəm Əylisli Meydan TV-yə belə deyir.
O yalnız bu şərtlə müsahibəyə razılaşır:
– Əkrəm müəllim, Stalin dövrünün “qırmızı qraf” adlandırdığı yazıçı Aleksey Tolstoy deyirdi ki, indi yazıçı olmaq üçün akrobatlıq tələb olunur. Üzərindən 80 ilə yaxın zaman keçib, bəs indi müasir dövrün yazıçısından nələr tələb olunur?
– Müasir dövrün yazıçısından öz sənətinə, işinə vicdanla yanaşmaq tələb olunur. Bilirsiniz ki, hər dövrün mövsümdən-mövsümə siyasi, ədəbi və digər hadisələri olur. Müasir dövrün yazıçısı da dövrün, mövsümün bu ehtiraslarına əhəmiyyət verməməlidir. Amma ədəbiyyat üçün də bütün dövrlər hardasa eynidir. Yazıçılıq elə sənətdir ki, burada ayağını bir az geriyə qoydun, gedirsən, qayıtmaq olmur. Tolstoy rus ədəbiyyatının çox maraqlı fiqurlarından biridir. Çox gözəl bir ömür yaşayıb. Stalin ona çox yaxşı şərait yaradıb. Amma rus ədəbiyyatının aparıcı qüvvələri var. Bizdə də müasir ədəbiyyatın banisi Mirzə Fətəli Axundovdur. Azərbaycançılıq ideyasının banisi də Axundovdur. Altı komediyası ilə ədəbiyyatımızın milli mənsubiyyətini müəyyənləşdirib. Bəzən deyirlər ki, yazıçılarımızın hamısı sovet dövründə satılıblar. Düzdür, satılanlar da olub, amma bunu danmaq olmaz ki, Azərbaycan dili, ədəbi dilimiz sovet dövründə yaranıb.
– Son 30 ilin dünyası siyasi-iqtisadi və mənəvi kataklizmlərlə yadda qaldı, hələ də davam edir. Ədəbiyyat necə, baş verənləri nəzmə, nəsrə çəkə bilirmi? Çəkə bilirsə, hansı əsərlər yadınızda qalıb?
– Ümumiyyətlə, hazırda nəinki ədəbiyyat, bütünlükdə mədəniyyət – kino, teatr və s. özünün böhran dövrünü yaşayır. Bu proses son 30 ildir davam edir. Otuz il əvvəl Amerikada böyük yazıçılar vardı. Onları biz də ləzzətlə oxuyurduq. Rusiyada Mixail Bulqakov vardı. Onun əsərlərini dalbadal oxuyurduq. Son otuz ildə bu proses ardıcıl davam etməyib. Otuz il əvvəl “Nobel” mükafatını əvvəl alanlarla sonrakıları müqayisə etmək mümkün deyil. Bu, ümumilikdə dünyada gedən prosesdir. Dünya mənəvi sıxıntı içindədir. Son dövrün müharibələri, xüsusən də Rusiya-Ukrayna savaşı insanlığa böyük zərbədir. Bu müharibə insanın bütün ümidlərini qırıb-töküb. Çox çətin zəmanədir. Biz yaşlı nəsil görməsək də, gənclər dünyanın düzələcəyini, yəqin ki, görəcəklər.
– Demək olar ki, 90-lardan Azərbaycan Yazıçılar Birliyi ilə əlaqəniz yoxdur. Sizcə, yazıçı, şair, bütövlükdə ədəbiyyata təşkilatlanmaq, qəlibə salınmaq lazımdırmı?
– Birlik böyük ədəbi amala xidmət edirsə, orada birləşmək olar. Əgər təşkilat ədəbiyyatın problemlərinə, inkişafına və yaranmasına xidmət göstərdiyi halda yaşaya bilər. Elə təşkilat da var ki, şişirdilib. Bəhrəsi olmayan, ancaq zahiri “parıltı”dan ibarətdir. Belə təşkilatların artıq əhəmiyyəti yoxdur. Azərbaycan Yazıçılar Birliyində yaradıcı atmosfer yarana bilməz. Düzdür, kənarda maraqlı, özünəməxsus ədəbi təfəkkürlü yazıçılar var. Eyni zamanda informasiyanı alıb, amma onu həzm edə bilməyən yazıçılar da çoxdur. Baxırsan ki, hər şey haqqında çoxlu məlumatı var, gəl ki, onu həzm edib, Azərbaycan ədəbiyyatına çevirə bilmir.
– Azərbaycan ədəbiyyatı son 30-40 ilin ziqzaqından çıxa bilibmi?
– Ədəbiyyat – hər gün təzələnən məsələ deyil. Məhəmməd Füzuli ilə Molla Pənah Vaqifə qədər olan dövr arasında 160 il var. Mirzə Fətəlidən xeyli sonra Mirzə Cəlil gəlib. Yəni ədəbiyyatda proseslər çox ləng dəyişir. Mənə elə gəlir ki, Azərbaycan ədəbiyyatında son zamanlar çox maraqlı hadisələr baş verir. Bütün bu kataklizmlərin içində bizdə hazırda bədii şüur, ədəbiyyat tamam başqa istiqamətdə olsa da, inkişafdadır, dayanmır. Millətimiz savadlıdır, lakin bu istedaddan kifayət qədər səmərəli istifadə edə bilmir. Cavanlara yol açmaq, istedadları seçmək, onları hər hansı siyasi əqidəsinə görə yox, istedadına görə tanımaq lazımdır.
– Əkrəm müəllim, Azərbaycan ekoloqlarının Laçın yolunu bağlaması barədə xəbərləri izləyirsinizmi, fikirlərinizi bilmək istərdik?
– Mən politoloq deyiləm, siyasətə qarışmıram. O, ədəbiyyat deyil, başqa mövzudur. Danışmağa da ehtiyac hiss etmirəm. Hansı xəbərlərlə maraqlanıramsa, onu izləyirəm, dünyada gedən prosesləri izləyirəm.
– Ümumiyyətlə, gələcəkdə bölgədə erməni-azərbaycanlıların birgə yaşaması imkanları real görünürmü?
– Bu mövzu mənim üçün elədir ki, nə desəm, ayrı cür yozurlar. Ona görə də gəlin, bu haqda danışmayaq. Çünki sonradan səhv anlaşılmağımı istəmirəm.