İcra başçılarının yerini bu şəxslər tutacaq – Yeni sistemin anonsu

İcra başçılarının yerini bu şəxslər tutacaq – Yeni sistemin anonsu
 

İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən bu günlərdə Naxçıvan Muxtar Respublikasında Prezidentin daimi nümayəndəliyinin yaradılmasının şahidi olduq. Yeni metod vətəndaş-dövlət münasibətlərinin yaxşılaşması, idarəetmənin optimallaşması üçün düşünülmüş addımdır.

Bəs yeni yanaşmanın, yeni şəxslərin gəlməsi ilə rüşvət və korrupsiya zənciri qırılacaqmı? Bu, vətəndaşlarımızın həyatında müsbət dəyişikliyə səbəb olacaqmı?

REAL Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli Globalinfo.az-a bildirib ki, Azərbaycanda inzibati ərazi bölgüsünün yenidən təşkil olunması və idarəetmə sisteminin təkmilləşdirilməsinə təcili ehtiyac var:

“Azərbaycan kimi ərazicə kiçik bir ölkədə Bakı və onun 80-ə yaxın rayonu, eləcə də kiçik icra aparatları var. Bu cür səlahiyyət və məsuliyyət bölgüsünün aydın olmadığı bir idarəetmə sistemi artıq effektiv deyil. İcra başçıları ilə bağlı Prezident dəfələrlə çıxış edib və əhali arasında da oturuşmuş bir fikir var”.

N.Cəfərli hesab edir ki, yeni yanaşma ölkənin inkişafında yeni mərhələnin yaranmasına da səbəb ola bilər:

“Naxçıvanda baş verən hadisələr göstərdi ki, MR-in statusu ilə bağlı yeni qaydaların yaranması labüddür. Bütün bunlar konstitusiya islahatlarını da qaçılmaz edir. 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycanda 14 iqtisadi rayonun yaradılması haqda fərman imzaladı. Bura Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan iqtisadi rayonları da daxil idi. Artıq bunun üçün hüquqi bazanın yaradılmasına ehtiyac var. Bizim qanunlarda iqtisadi rayonun ciddi hüquqi əsası yoxdur. Yeni iqtisadi rayonlar konstitusiya islahatları vasitəsilə inzibati ərazi vahidinə çevriləcəksə, o zaman rayon icra başçıları anlayışı ləğv edilməlidir. Bundan sonra Prezidentin bu ərazi vahidləri üzrə xüsusi nümayəndələri təyin edilə bilər. Onlar Prezidentin səlahiyyətləndirdiyi şəxs kimi konstitusiyanın və qanunların həmin ərazidə yerinə yetirilməsinə nəzarət etməli və problemlərin həllində mühüm rol oynamalıdırlar”.

N.Cəfərli, eyni zamanda rayon və şəhərlərin idarəetməsinin bələdiyyə institutunun gücləndirilməsi ilə baş verməli olduğunu vurğulayıb:

“Yəni onlar özlərinə mer seçməlidirlər. Bakı, Naxçıvan, Xankəndi, Şuşa, Gəncə, Lənkəran, Quba-Qusar və s. rayonlarda seçilmiş merlərin səlahiyyəti və məsuliyyəti konstitusiya ilə müəyyən edilməlidir”.

Ekspert qeyd edib ki, nəticə etibarilə bu idarəetmə strukturu dəyişiklikləri ölkənin gələcək inkişafına ciddi bir töhfə verə, həmçinin Prezidentin səlahiyyətli nümayəndələrinin işinin yerli bələdiyyələrlə uzlaşdırılmasına səbəb ola bilər:

“Bu, mərkəzi hökumətin də yükünü azaldacaq, sosial infrastruktur və kommunal problemlərlə bağlı Bakıya müraciət etməkdənsə, yerli əhali seçdiyi merlərə müraciət edəcək. Bu da yeni bir idarəetmə mədəniyyətin yaranmasına səbəb ola bilər”.

 

0.19239401817322