Bəxtiyar Hacıyevə qarşı ittiham sərtləşdirilib
Yanvarın 13-də Bakı Şəhər Baş Polis İdarəsi həbsdə olan fəal Bəxtiyar Hacıyevə qarşı ittihamı sərtləşdirib.
Belə ki, Cinayət Məcəlləsinin 221.1.1-ci (xuliqanlıq) maddəsi 221.2.2-ci (ictimai asayişin mühafizəsi üzrə vəzifələrini yerinə yetirən hakimiyyət orqanı nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) maddəsilə əvəz edilib.
Hacıyev həmçinin Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsilə ittiham olunub. Yeni ittihamla fəalı 3 ilədək həbs cəzası gözləyir.
Bu barədə cümə günü Turan-a vəkil Rövşanə Rəhimli 1 saylı təcridxanada Hacıyevə baş çəkdikdən sonra Turan-a bildirib. Onun sözlərinə görə, Hacıyev yeni ittihamı siyasi sifariş kimi qiymətləndirir.
“Bu ittiham hətta biz hüquqşünaslar üçün gözlənilməz oldu. Bəxtiyar Hacıyev ittihamı qəbul etmir və bunu siyasi sifariş hesab edir”, – vəkil deyib. O qeyd edib ki, fəal aclığı davam etdirir.
“Onun səhhətində ciddi problemlər var. Çox arıqlayıb, nəbzi dəqiqədə 56 dəfə vurur. Bədəninin hərarəti 35,8 dərəcədir. Çox zəifləyib, soyuqdəyməsi var”, – Rəhimli deyib.
“Müdafiə xətti” hüquq- müdafiə təşkilatı Bəxtiyar Hacıyevə qarşı ittihamın sərtləşdirilməsini pisləyib.
“Biz təəssüf edirik ki, repressiyaların miqyası artır. “Müdafiə xətti” hesab edir ki, Bəxtiyar Hacıyev siyasi hakimiyyətin nifrətinin qurbanıdır”, – təşkilatın icraçı direktoru Rüfət Səfərov bildirib.