Prezident Administrasiyasının “ərəbzəngiləri” Konstitusiyaya qadağa qoyub!

Prezident Administrasiyasının “ərəbzəngiləri” Konstitusiyaya qadağa qoyub!
 


İşgəncəgörən 1-ci dərəcəli Qarabağ qazisinin PA-da qəbulundan imtina edilir.
 66 yaşlı 1-ci dərəcəli Qarabağ qazisinin 6 və 9 yaşlı iki körpə nəvəsinə stress, psixoloji travma yaşadaraq 10 nəfərdən çox polisin zoru ilə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə aparılıb, işgəncə maşınından keçirilməsindən 4 aydan çox keçir. 2 günlük işgəncə kamerasında qoluqandallı , qol- qabırğaları sınıq – yaralı durumda həbsə məhkum edilən əlil vətəndaş işgəncə aparatından qurtulan kimi ölkənin baş icra aparatına başına gələnlərlə bağlı 1111 -qaynar xətti ilə bilgi verib, Prezident köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbuluna yazılmasını istəyib. Telefon dəstəyinin o başından aprel ayında qəbulda olduğunu, Fuad Ələsgərovun 6 aydan bir “ xalqa xidmət etdiyini” vurğulayıb, ən azı bir ay da “dözməyi” məsləhət görüblər. 

2022-ci ilin dekabrında “altı aylıq qadağa limiti” artıqlaması ilə bitdiyindən, dekabrın 15-də anonsu edilən qəbul hüququna 39-cu otaqda “xalqa qəbula yazmaq xidməti” göstərən xanım ( Səmayə Əliyeva ) bir gün qabaq olduğuna görə ( heç demə, ən azı 2 gün qalmış qəbula yazılmaq olarmış , online yazılma da keçərli deyilmiş) xidmətdən imtina edib, gələn ay , daha doğrusu, gələn il – yanvarda gəlməyimi bildirdi. Dekabrın 23-də olacaq qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimovun qəbuluna yazılmağa iki gün qabaqdan getdiyimdən “gec gəlmə qadağası”nın tətbiq edilməyəcəyini güman edirdim. Sən demə, gümanımda yanılmışam. “Xalqın 39-cu otaqdakı xidmətçisi” “ daş atıb, başını tutdu” ki, Fuad Ələsgərovdan özgə heç bir “xalq xidmətçisi” 1-ci dərəcəli Qarabağ qazisinin azadlıq, məhkəmə təminatı, işgəncələrdən müdafiə , vicdanlı davranış hüququnun pozulması ilə bağlı şikayətə baxa bilməz. 30 dekabrda baş tutacaq Ramil Usubovun qəbuluna “terrorla bağlı olmadığından” yazmaqdan imtina edildi. 

2022-ci ilin son iş günündə -30 dekabrda Fuad Ələsgərovun yeni ilin ilk iş günündə -5 yanvar 2023-cü ildə olacaq qəbuluna yazılmaq üçün öncədən “39-cu otağın “xidməti”ndən imtina etdim ki, “xidmətçi” xanım ( Səmayə Əliyeva ) 1- ci dərəcəli Qarabağ qazisinə qarşı qərəzlidir. Anında Rahib adlı “xalq xidmətçisi”nə məni dinləmək tapşırıldı . Bu “xidmətçinin” 39-cu otağa girib-çıxması ilə Səmayə xanımdan instruktaj olunduğu bəlli oldu. Gah Ədliyyə Nazirliyinin, gah DİN -in, gah prokurorluğun hansısa onuncu dərəcəli şəxsinin qəbuluna yazmağı təklif edən “xalq xidmətçisi”nə anlada bilsəm də ki, mən Prezidentin köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun gələn ilin yanvarın 5-də olacaq qəbuluna yazılmağa gəlmişəm, kimin qəbuluna yazılmağı seçmək vətəndaşın hüququdur, Konstitusiya ilə təminat verilən müraciət , qəbul olunmaq hüququna qadağa qoyula bilməz , anlamaqdan imtina etdi. Qəbul mərkəzinin rəhbərinə də şikayətimə imkan verilmədi, prezident mühafizəçiləri “gələn il deyəndə vefralın nəzərdə tutulduğunu” deyib, səssizcə getməyi vurğuladılar.

Belə bəlli oldu ki, 1-ci dərəcəli Qarabağ qazisinin nəinki konstitusion məhkəmə təminatı, azadlıq, işgəncədən müdafiə hüququna, eləcə də qəbul olunmaq hüququna qadağa qoyulub. Sifarişi kim verib? Aydındır ki, işgəncəyə sifariş verənlər qəbul olunmağıma qadağaya da göstəriş veriblər. Hər halda, işgəncə və qəbula – hüquqa qadağa sifarişçisi Fuad Ələsgərovun özü olmaz. Məntiq belə fikirləşməyə əsasdır, axı sifarişçi özünün qəbulundan niyə çəkinsin, əksinə, bu qəbulda maraqlı olar ki, şikayəti qəbul edib, ört-basdır etsin. Elə 3 ay 20 gün qabaq sifarişli məktubla göndərilən və PA-ya daxil olduğu xəbərnamə ilə doğrulanan məktubun Administrasiyanın içində yoxa çıxması, ünvanlandığı Prezident (köməkçisi Fuad Ələsgərov) və 1-ci vitse-prezidentə verilməməsi də belə düşünməyə əsas verir. Fikrimizcə, sifarişçi Prezidentin digər köməkçisi, məhkəmənin 1-ci dərəcəli Qarabağ qazisinə verdiyi otaqları saxta şəhadətnamə ilə ələ keçirib Türkiyə vətəndaşı Kerem Sezerə satan Kərəm Həsənovdur (Türkiyə vətəndaşının şəxsiyyət vəsiqəsində ata adının olmaması barədə hazırkı borclu İqtisadiyyat Nazirliyinin verdiyi bilgi, Kerem Sezerin elə Kərəm Həsənov olduğunu deməyə əsas verir. Hər halda, bunu araşdırmaq Fuad Ələsgərovun kurasiya etdiyi hüquq mühafizə orqanlarının görəvidir. Hüquq mühafizə orqanları isə görəvlərini tələbkar 1-ci dərəcəli Qarabağ qazisinə işgəncə verməklə yerinə yetirirlər ) . Digər borclu Nizami RİH – in keçmiş , Dövlət Statistika Komitəsinin hazırkı başçısı Tahir Budaqov , keçmiş RİH başçısı, hazırda işsiz Arif Qasımov (bu borclunun qardaşı borcu ödətməli olan Ədliyyə Nazirliyinin Xətai icra şöbəsinin müdiri Vüqar Qasımovdur) da sifarişçi(lər) ola bilər. Onsuz da sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “xalqa xidməti”nin icra hakimiyyəti başçılarına, nazirlərə , ümumiyyətlə, barələrində şikayət edilən “xalq xidmətçi”lərinə “XİDMƏTDƏN- ŞİKAYƏTLƏRİ GİZLƏTMƏKDƏN ibarət olduğunu bilməyən yoxdur. 

Özbaşınalıqdan kimə üz tutaq ( qəbul mərkəzinin “xalq xidmətçiləri” qadağadan şikayət etməyimi dedilər- “ Get, kimə istəyirsən de!”) ? Amma kimə? Və necə? Prezident Administrasiyasından Prezident Administrasiyasına necə şikayət edək? Belədə de(mə)yiblər, səndən sənə şikayətim var! PA-nın “ərəbzəngiləri” yolumuzu kəsib , necə şikayət edək? ..Milli Məclisdən də “ərəbzəngilərin” PA-ya yolumuzu bağlamasından” şikayəti yalnız ali icra hakimiyyəti orqanının araşdıra biləcəyini dedilər. Ali icra hakimiyyətinə isə yalnız “qolu – pulu güclü olanlar” yol tapa bilər.
BƏS PREZİDENT MƏMURLARIN XALQA XİDMƏT ETMƏLİ OLDUĞUNU, ÖZÜNÜN DƏ 1 NÖMRƏLİ XİDMƏTÇİ OLDUĞUNU DEYİR! ? BİZ XALQDAN DEYİLİK?
Məğrur Bədəlsoy

Paralel.az

0.019928932189941